2008-ci ildə Salyanda Azərbaycan Yazıçılar Birliyi (AYB) Muğan Bölməsinin təsis konfransı keçirildi. Konfransda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar başda olmaqla Bakıdan gələn şair nə yazıçılar, eləcə də, Muğanın dəyərli ziyalıları və digər işıqlı insanlar iştirak edirdi (AYB Muğan Bölməsi Hacıqabul, Şirvan, Salyan, Neftçala rayonlarını əhatə edir). Muğan Bölməsi AYB-nin bölmələri içində ən gənc Bölmə olmasına baxmayaraq, qısa müddətdə özünü Respublikamızda tanıda, ədəbi-ictimai proseslərdə fəallığı ilə seçilə bildi. AYB-də keçirilən 2009-cu ilin ədəbi yekunlarına həsr olunmuş dəyərləndirmə törənində AYB Muğan Bölməsi, AYB-nin Bölmələri içində “İlin ən fəal Bölməsi” nominasiyasının qalibi elan edildi. Muğan Bölməsinin təşkilatçısı olduğu, dəvət aldığı və qatıldığı tədbirlərin sayı kifayət qədər olmaqla yanaşı, Bölmənin artıq, dəfələrlə yurd dışına beynəlxalq miqyaslı tədbirlərə dəvət alması və bu tədbirlərdə təmsil olunması keçilən yolun uğurlu olmasını bəlli edir.
AYB Muğan Bölməsinin yaranması bu bölgədə yazıb-yaradan qələm adamlarının bir-birini daha yaxından tanımasına, onların qələm məhsullarının müntəzəm çap olunmasına və ədəbi mühitdə yeni imzaların görünməsinə təkan vermiş oldu. 2010-cu ildə AYB Muğan Bölməsinin “Muğanın səsi” adlı şeirlər toplusu nəşr olundu. Topluda Muğan bölgəsində yaşayan 60 nəfər qələm adamının yaradıcılığından örnəklər yer aldı. Topluda yer alan müəlliflərdən bəziləri ilk dəfə ədəbi ictimaiyyətə təqdim olunurdu.
Sayğılarımla,
Namiq Hacıheydərli
AYB Muğan Bölməsinin başqanı
AYB Mugan Bölməsinin yaranmasının 5 illiyi münasibətilə Bölməyə bu 5 ildə rəhbərlik etmiş Namiq Hacıheydərlinin yaradıcılığından bir neçə şeir örnəyini oxuculara təqdim edirik:
Namiq HACIHEYDƏRLİ
1975-ci il sentyabrın 8-də Salyan rayonunun Varlı kəndində doğulub.1990-cı ildə Varlı kənd əsas, 1992-ci ildə Salyan rayonu Yolüstü kənd orta məktəbini bitirmiş və elə həmin ildə ilk test üsulu ilə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakultəsinə daxil olub. Ali məktəbi 1997-ci ildə bitirib.
2000-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis üzvü, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ildə Azərbayacan Yazıçılar Birliyinin Salyanda keçirilən təsis konfransında Muğan Bölməsinin sədri seçilib. 2009-cu ildə “Vektor” Beynəlxalq Elm Mərkəzi tərəfindən “Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı”na layiq görülüb. 2012-ci ildən ”Ziyalı Ocağı” İctimai Birliyinin electron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı Nümayəndə Heyətlərinin Fəxri üzvüdür.
2010-cu ildə Türk Xalqları Mədəniyyət Vəqfinin Azərbaycan təmsilçisi seçilib.Yaradıcılığı Türkiyədə, Rusiyada, Hollandiyada, Qazaxstanda və digər ölkələrdə çap olunub.
7 kitabın, yüzə qədər elmi, publisistik və pedaqoji məqalənin müəllifidir.Azərbaycan Yazıçılar Birliyi Muğan Bölməsinin və Dünya Gənc Türk Yazarlar Birliyi Mərkəzi Təftiş Komissiyasının sədridir.
Səni tapan itirməz
Sən qurduğun dünyanı,
bir kimsə yapmaz, Allah!
Sənin düz yaratdığın,
Yolundan sapmaz, Allah!
Körpə durmaz qucaqda,
Bir gül bitməz torpaqda,
“hə”- deməsən, yarpaq da
Budaqdan qopmaz, Allah!
Namiq heç başa yetməz…
“Ol”!-desən necə bitməz?!
Səni tapan itirməz,
Itirən tapmaz, Allah!
Deyin
Sinənizi dağlamayın,
Başa qara bağlamayın,
Mən öləndə ağlamayın,
Ruhu qurtuldu- deyin.
Bilirdi ki, dünya puçdu,
Haqdan gəldi, haqqa uçdu.
Ağac kimi çiçək açdı,
Çiçək kimi soldu- deyin.
Doğu onun, Batı onun,
Yoxdu yerdən qatı onun,
Göylərdəydi zatı onun,
Göylərə yol aldı- deyin.
Yerdə haqqını bulmadı,
Cahanda çox da qalmadı,
Namiq dünyadan olmadı,
Dünya ondan oldu- deyin.
Qələmə dəymə
Təmiz qəlbin, saf niyyətin yoxdusa,
Zəhmətin az, umacağın çoxdusa,
Tamahın bol, nəfsin iti oxdusa,
Qələmə toxunma,
qələmə dəymə!
Daşlı yollar, aşırımlar keçməmiş,
Yurd dərdini şərbət kimi içməmiş,
Bərəkətə, torpağa and içməmiş,
Qələmə toxunma,
qələmə dəymə!
Yolunda qıymasan öz ürəyini,
Nə incit, nə də ki, üz ürəyini.
Didib-dağıtmırsa söz ürəyini,
Qələmə toxunma,
qələmə dəymə!