MƏN BİR DƏLİ RƏSSAMAM

Oturub ömrün içində
Çiçək şəkli çəkirəm.
Yalan rəngləri götürüb,
Gerçək şəkli çəkirəm.

Çəkirəm ciyərlərimə
Faniliyin ətrini.
Məndən əziz tutan varmı,
Bu faninin xətrini?!

Kimsə bilməz nə çəkdirir,
Mənə mən çəkdiklərim.
Ölümlərə cücərirlər
Olmağa əkdiklərim.

Dəryalar mənə çəkilir,
Tufanlar məndən qopur.
Başıma odlar ələnir,
Ruhuma sular hopur.

Şəkillənir qələmimdə
Doğulmamış bir adam.
Mən şair deyiləm, yavrum,
Mən bir dəli rəssamam.

YUXUMA SÖYKƏNMİŞ ADAM

Sevgiyə layiq dostun yox,
Nifrətə layiq düşmənin.
Nə layiqsiz adamsan sən –
Bə sənin nəyin var, nəyin?!

Nə dərdindən ölənin var,
Nə öldürmək istəyənin.
Zalım adam, aciz adam,
Bə sənin nəyin var, nəyin?!

Matdım-matdım nə baxarsan,
Bu Yer sənin, bu Göy sənin.
Səninkilər sənin deyil,
Bə sənin nəyin var, nəyin?!

Nə haqqını tanıyırsan,
Nə nahaqdan yox köməyin.
Haqlı adam, haqsız adam,
Bə sənin nəyin var, nəyin?!

Nə ağ bayrağın yellənir,
Nə gəlir qanlı köynəyin.
Amalın yox, amacın yox,
Bə sənin nəyin var, nəyin?!
Yaşa dolmaq yaşamaqmı,
Yaşanıb tükənmiş adam?
Yaradandan utan barı,
Yuxuma söykənmiş adam!