BAHAR ÇİÇƏKLƏRİ
BAHAR GƏLİR
Təbiət oyanır, cənlanır torpaq,
Yurduma, yuvama bahar, yaz gəlir.
Tonqallar çatılır, qalanır ocaq,
Yurduma, yuvama bahar, yaz gəlir.
Görüşə tələsir hər oğlan, hər qız,
Dinir məhəbbətlə məclislərdə saz.
Ucalır hər yanda bir şirin avaz,
Yurduma, yuvama bahar, yaz gəlir.
Görünür səmada durna qatarı,
Dönür selə-suya zirvənin qarı.
Qönçələr boylanır günəşə sarı,
Yurduma, yuvama bahar, yaz gəlir.
Başlayır ellərin toyu, düyünü,
Bir sevinc gətirir yazın hər günü,
Bənövşə astaca açır gözünü,
Yurduma, yuvama bahar, yaz gəlir.
Bulaqlar fərəhlə nəğmə oxuyur,
Təbiət çöllərdə xalı toxuyur.
Hər tərəf gül açır, ətir qoxuyur,
Yurduma, yuvama bahar, yaz gəlir.
Mənası dəyişir ömrün, həyatın,
Bayramı başlayır elin, elatın.
Ay ellər, obalar gözünüz aydın,
Yurduma, yuvama bahar, yaz gəlir.
BAHARDA
Uca dağlar al-yaşıla bürünür,
Duman qalxıb quzeylərdə sürünür.
Kol dibində bənövşələr görünür,
Lalə, nərgiz çiçək açır baharda.
Zirvələrdə qar əriyir, xallanır,
Yamacların gül yanağı allanır.
Arıların pətəkləri ballanır,
Səmalarda qartal uçur baharda
Dərələrdə aşıb-daşır sel-sular,
Göy çəməndə yeyib, yatır quzular.
Çiçəkləyir şirin-şirin arzular,
Kəklik dinir, ceyran qaçır baharda.
Meh titrədir körpə otu, yarpağı,
Şehə batır kəkliklərin ayağı.
Günəş qalxıb salamlayır torpağı,
Dağa-daşa, şəfəq saçır baharda.
Bahar yenə gözəllikdən don biçir,
Qaranquşlar bu yerləri yurd seçir.
Tumurcuqlar yerdən, göydən nur içir,
Qönçələnir puçur-puçur baharda.