YAZ

 

Bu qışın da sonu çatdı,

Çatladı suların buzu.

Zirvələr ağ şalın atdı,

Qarşıladı gələn yazı.

 

Məhəbbətdən daş göyərdi,

Bu sevgi çatdı quzeyə.

Hər qaranquş xoş xəbərdi,

Durnalar düzüldü göyə.

 

Baharın nəfəsi ilıq,

Açıbdı qönçə gülləri.

Hər çiçək, hər gül yaraşıq,

Oxutdurur bülbülləri.

 

Susmaq olmur bu yaz günü,

Quş kimi çırpınır ürək.

Qış verir yaza ömrünü,

Gülür arzu, gülür dilək.

 

BAHAR  NƏĞMƏSİ

 

Bənövşə gözünü açır,

Qızılgül naz ilə baxır.

Arılar çəmənə uçur,

Şaxta, soyuq yoxa çıxır.

 

Gülün nazın bülbül çəkir,

Duman qalxır dağ başına.

Qayalarda kəklik səkir,

Mamır qonur çay daşına.

 

Qırmızı donlu lalələr,

Dağılır çölə nar kimi.

Meh əsir, körpə budaqlar,

Dinirlər kaman, tar kimi.

 

Bulaqların zümzüməsi,

Könüllərə layla çalır.

Yayılır quşların səsi,

Qartallar hay-haray salır.

 

Qayalardan axır sular,

Adamın ruhu dincəlir.

Ürəyə sığmır arzular,

Yurdumuza bahar gəlir.