Baloğlan Cəlil 1959-cu il iyul ayının 27-də Azərbaycan Respublikasının cənub bölgələrdən biri olan Lənkəran rayonunun Zövlə kəndində anadan olub.Üç yaşında ikən doğma anasını itirmişdir.1983-1987-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.1994-cü ilə qədər Lənkəran rayonunun Zövlə və Separadi kəndlərində orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir.1994-cü ilin sentyabr ayından-dekabr ayına kimi Lənkəran Cənub Televiziya Şirkətində redaktor kimi fəaliyyət göstərib.Elə həmin ilin dekabr ayından bu günə kimi Russiyada, Başkortıstan Respublikasının paytaxtı Ufa şəhərində yaşayır.”Himalay” Tikinti firmasının direktoru və dörd övlad atasıdır. Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.Şeirləri rus dilində “İstoki”ƏDƏBİ ALMANAXLARDA və Türkiyədə çıxan müxtəlif jurnallarda çap olunmuşdur. Hazırda “Qürbət türküləri” şeir kitabı Türkiyədə nəşrə hazırlanır.
Qadın da hardasa şeir kimidi.
Qadın da hardasa şeir kimidi
Gözəl bölgüləri,hecaları var.
Səni xoşbəxt edən şirin günlərin.
İçində gizlənən acıları var.
Nədənsə arada tutar tərsliyi,
Günlərlə gəzərsən qafiyəsini.
Könlünün evinə yola düşəndə
Geyinər məlaykə qiyafəsini.
Baxar gözlərinin ucuyla qadın,
Görər ürəyindən gəlib keçəni.
Havası qəfildən gəldimi onun
Şeir tək yatmağa qoymaz gecəni.
Tez-tez güzgülənər gözünə baxıb
Oxşadar bir gümüş güzgüyə səni.
Özünü güzgüdə görməsə qadın,
Dəyişər bir anda özgəyə səni.
Uçub arxasınca dartınar gözün,
Hicran alovunda yanar əllərin.
Küsdümü geriyə qayıtmaz qadın,
Durna qatarına dönər əllərin.
05.07.2013.Ufa.
Unudulmaz məktub
Gəl bu gün səninlə biz uşaq olaq,
Tutaq əllərindən keçən günlərin.
Dəftər varağını yenə dörd büküb,
Sənə unudulmaz məktub göndərim.
Birdən qaçıb gedək çay qırağına
Oynaşaq qumların üzərində biz
İsti yanaqların qızarib yansın,
Yerdə öpüşəndə ləpirlərimiz
Sonra o qumları sığallayaraq,
Bir ürək şəklini cız barmağınla.
Süzüb o ürəyi sən bədahətən,
Altından adımı yaz barmağınla.
Qara çəkmələr
Qar üstə yeriyən ağ bir çiçəksən,
Göyərçin əllərin qardan da ağdı.
Məxmər dizlərini oxşayıb öpən,
Qara çəkmələrin ağarıb baxdı.
Sən qarın üstündə dümağ bir çiçək,
Qara çəkmələrin-qara güldanın.
Qürbəti Vətənə yaxınlaşdıran,
Çiçək dodağından qara gül damır.
Yoldan keçənlərin boynunu qıran,
Çıçəkli köynəyin cənnət bağıdı.
Qışın at çapdığı bu qarlı gündə,
Qara çəkmələrin bahar çağıdı.
Qar yağır,yenə də ağarır dünya,
Ağaran yaxanda qar çiçəkləyir.
Enir göy üzündən dağçılar kimi,
Əriyir köksündə qar çiçəkləri.
Bir dəstə gül kimi alıb aparır,
Səni öz ovcuna hara çəkmələr?!
Nələr çəkdiyini bir Allah bilir,
Hara getdiyini qara çəkmələr..