27 aprel 2020-ci il tarixində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun onlayn iclası keçirilib. İclası giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb. İclasda İnstitutun rəhbər işçiləri, şöbə müdirləri və digər əməkdaşlar iştirak ediblər.
Akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barəsində ətraflı çıxış edib. Akademik qeyd edib ki, dünya üçün böyük bir bəla olan karonavirus hadisəsini üçüncü dünya müharibəsi kimi də mənalandıra bilərik. “Qəfildən gələn bu müharibə dünya ölkələrini çox çətin vəziyyətə saldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vaxtında həyata keçirdiyi qabaqlayıcı tədbirlər ölkəmizin bu çətin sınaqdan uğurla çıxmasını təmin etdi. Zəruri izoliyasiya tədbirlərinin görülməsi vətəndaşlarımızı qorudu. Xəstəxanalarımızın, sosial təcrid müəsisələrinin yetərincə olması Azərbaycanın xilasına xidmət edib. Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da koronavirusa yoluxmuş həkimlər oldu. Bu çətin günlərdə həkimlərimiz böyük fədakarlıqlar göstərdilər. Ölkə başçısı sosial təcrid prosesini Azərbaycan Daxili İşlər Nazirliyinə həvalə etdi. Azərbaycan polisi də yüksək səviyyədə mədəniyyət nümayiş etdirərək həm qanunlara ciddi əməl etdi, həm də maarifləndirmə işlərində fəallıq göstərdi. Operativ qərargahın da bu dövrlərdə gördüyü işləri yüksək qiymətləndirmək lazımdır. Əsl fədakarlıqlar göstərmiş tibb işçilərinin obrazı ilə yanaşı, Azərbaycan polisi haqqında yeni əsərlərin yaranması vacibdir. Pandemiya dövrünün gözəgörünməyən qəhrəmanlarının ədəbiyyatda obrazları yaradılmalıdır. Cənab Prezidentin xalqı öz ətrafında birləşdirmək məharəti həm ədəbiyyatşünaslıqda, həm də publisistikada əksini tapmalıdır. Yazılacaq həmin əsərlərin qiymətləndirilməsi də ədəbiyyatşünasların borcudur. Bu çətin günlərdə Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının onlayn şəkildə fövqəladə Zirvə görüşünün keçirilməsi bu istiqamətdə nümunəvi ilk addım oldu”.
Akademik İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi tədqiqat şöbələrinin pandemiya dövründə elmi-tədqiqat fəaliyyətlərini davam etdirdiklərini diqqətə çatdırıb. Bu dövrdə İnstitut internet resurslarından istifadə etməklə öz işini kordinasiyalı şəkildə davam etdirib. İnstitutun www.literature.az saytı operativ şəkildə əməkdaşların məqalələrini, zəruri elmi informasiyaları paylaşıb.
Akademik İsa Həbibbəyli bu dövrdə özünün fəaliyyəti ilə bağlı Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə Türk Dünyası Elmlər Akademiyaları Birliyinin videokonfransında iştirak etdiyini, qədim türk sivilizasiyasının və yazı mədəniyyətinin əsas abidələrindən biri, UNESCO-nun 2020-ci il yubileylər siyahısına salınan Tonyukuk abidəsinin 1300 illiyinə həsr edilmiş Beynəlxalq onlayn konfransında çıxış etdiyini vurğulayıb. Akademik çıxışının sonunda “…hesab edirəm ki, mərhələ-mərhələ Azərbaycanda normal həyat öz axarına düşəcək. Həm Akademiyada, həm də İnstitutumuzda əvvəlki qaynar iş rejimi bərpa olunacaq”- deyə bildirib.
Sonra İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, dosent Əlizadə Əsgərli çıxış edərək “Ədəbi proses-2019” yaradıcılıq müşavirəsinə hazırlığın vəziyyəti, Əziz Mirəhmədov haqqında kitabın və Məhəmməd Hadi ilə bağlı məqalələrin toplanması işinin gedişatı barəsində məlumat verib. Digər elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Azərbaycan altmışıncıları” kollektiv monoqrafiyasının hazırlanması, Molla Pənah Vaqifin həyatı və yaradıcılığından bəhs edən kitabın üzərində aparılan işlər barəsində danışıb. O, bildirib ki, akademik İsa Həbibbəylinin tapşırıqlarına uyğun olaraq İnstitut əməkdaşları ilə daim əlaqə saxlanılıb.
İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının iki buraxılışının hazırlandığını, özünün Çingiz Aytmatovun həyatı və yaradıcılığı haqqında monoqrafiyasını tamamladığını və İnstitut direktorunun tapşırıqlarını lazımınca yerinə yetirməyə çalışdığını bildirib. Direktor müavini Rəşad Qasımov da karantin dövründə həyata keçirilən bir sıra işlər barəsində məlumat verib.
İnstitutun Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Dünya ədəbiyyatı” jurnalının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə birgə Xüsusi buraxılışının nəşrə hazırlanmasının son vəziyyəti barədə fikirlərini bölüşüb. Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İmamverdi Həmidov “Əfzələddin Xaqani: həyatı və yaradıcılığı” kollektiv monoqrafiyasının nəşrə hazırlanması və Əmir Xosrov Dəhləvi haqqında əsərin tamamlanmaq üzrə olmasını diqqətə çatdırıb.
Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məmməd Əliyev İnstitutun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının görkəmli qazax şairi Abay Kunanbayevə həsr olunmuş Xüsusi buraxılışı üçün məqalələrin yazılması və redaktə olunması prosesindən danışıb. Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədov şöbə əməkdaşlarının fəaliyyəti haqqında danışıb. Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, professor Tahirə Məmməd Şamil Salmanov haqqında məqalələr toplusunu hazırladıqlarını, Füzulişünaslıq sektorunun müdiri, filologiya elmləri doktoru Ataəmi Mirzəyev Məhəmməd Füzuli haqqında monoqrafiyanın üzərində işlərin yekunlaşdığını nəzərə çatdırıb,
Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli Ədəbi tənqid şöbəsinə həvalə olunmuş “Ədəbi proses-2019” yaradıcılıq müşavirəsinə hazırlığın vəziyyəti haqqında və bu il dramaturgiya ilə bağlı məruzəni özü hazırladığını, bunlardan əlavə Əli İldırımoğlu haqqında kitabının çapda oluğunu, başqa bir monoqrafiya üzərində işlədiyini bildirib. Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, Vüqar Əhməd şöbənin hazırladığı “Molla Nəsrəddin” ensiklopediyasının son redaktə işləri, yeni çap olunmuş “Mətbuat tarixi və publisistika məsələləri”nin ikinci cildi və öz romanları haqqında danışıb.
İnstitutun nəzdindəki müdafiə şurasının elmi katibi, filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı Dissertasiya şurasının fəaliyyəti və üzərində işlədiyi kitablar haqqında məlumat verib. Azərbaycan – Türkmənistan – Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Binnətova İnstitutun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə həsr olunmuş Xüsusi buraxılışının nəşrə hazırlanması və iştirak etdiyi Nəvai Dövlət Pedaqoji İnstitutunda “Təhsildə müəllim-tələbə sistemi – keyfiyyət və səmərəliliyin qarantıdır” mövzusunda və Buxara Dövlət Universitetində keçirilən “Müasir filologiyada inteqrasiya prosesləri” adlı elmi konfranslar barədə danışıb.
İnsitutun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimova “Xanımana Əlibəyli: həyatı və yaradıcılığı” monoqrafiyasının nəşrə hazırlanması vəziyyəti haqqında söz açıb. Daha sonra çıxış edənlər Nizamişünaslıq şöbəsindən filogiya üzrə fəlsəfə doktoru Zəhra Allahverdiyeva, Beynəlxalq şöbənin müdiri, filogiya üzrə fəlsəfə doktoru Xanım Zairova, Elmi nəşrlər və proqnozlaşdırma şöbəsinin müdiri, filogiya üzrə fəlsəfə doktoru Töhfə Talıbova, Dünya ədəbiyyatı şöbəsindən, filogiya üzrə fəlsəfə doktoru Şükufə Vəliyeva, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Qasımlı, Direktor köməkçisi Pənah Hacıyev bu dövrdə fəaliyyətləri ilə bağlı məlumat veriblər.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi