AĞLAMA…

Qatar deyil-qəm gətirə,
ötən günlərə ağlama,
saçlarına qətrə-qətrə
yağan dənlərə ağlama,

Qəhərdən divar da uçar-
daşın da öz yaddaşı var,
özünü-özünə qaytar!
keçən illərə ağlama,

Gah istəyə,gah arzuya
uyduq,sevilirdik güya.
Gənclik deyil–qayıtmaya,
solan güllərə ağlama,

Həyatdır;görüş yerindən
azmı olub peşman gələn?
“Hayıf”-deyib gözlərindən
axan sellərə ağlama,

Təkəbbürdən əlini çək,
qismət öz işin görəcək,
köz tutan mütləq sönəcək-
donan küllərə ağlama,

Bəlkə,özün də bilmədən,
qurtulmusan fəlakətdən,
əllərindən,görüşmədən,
gedən əllərə ağlama,

Onlar–daha uzaqlarda;
kim nə yerdə,hansı harda?
kölgəmizi divarlarda
qıran tinlərə ağlama,
ötən günlərə ağlama…

GƏLƏ BİLMƏDİN…
O boyda eşq bir salama dəymədi?
Bəxtiyar VAHABZADƏ

Ürəyim yerinə çətin ki,gələ,
o acı gülüşlə axı,nə dedin?
özünü vuraydın “Görməməzliyə”,
elə biləydim ki:”Korsan,görmədin”.

Sənə:”Can!”-deməyə dil saxlayaydım,
görüşə gəlməyə gül saxlayaydım,
qəlbimdə “Məzara” əl saxlayaydım,
elə düşünəydim:”Hələ ölmədin”.

Bəxti gətirənlər daş kimi yatar,
son bahar gülü də xəzana qatar,
hərdən harayından qulağım batar-
məni ürəyindən hələ silmədin?!

Mənsiz–gözlərində axı,qəm idim,
axı,anlayırdın,gülüm,kimidim!
qədrini bilməli təcə mən idim–
hayıf ki,sən bunu bilə bilmədin!

Həyatım,çiçəyim,gözümün çəni,
hansı yollar qırdı qədəmlərini?
o payız nə cürə apardı səni?–
yenə baharıma gələ bilmədin…

İTGİ…

Zaman keçir,vaxtım birtir,
ömrü başa vururam,
çiynimdəki mələklərlə
üzbəsürət dururam.

Onlar yazan dəftərlərdə
yazılanlar görünməz,
sualların yeri Dərgah,
burda cavab verilməz.

Qalxıb ömrün zirvəsinə
göz gəzdirdim cahana,
o,bizlərə yaşam verdi,
bizsə düşmənik ona.

Gülşənləri oraqlayıb
qara kollar bitirdik,
Dünya özü Cənnətimiş,
biz Cənnəti itirdik…

Yaza bilmirəm

Hər gecə qəsd edib öldürmə məni,
sənli yuxuları yoza bilmirəm,
içimdə gizlənən məndəki “Məni”,
ağladan olmasa–yaza bilmirəm,

Soyuq yaş güc gələr gözün yağına,
get-gedə qarışar “qara”-“ağına”,
elə alışmışam eşqlər dağına,
dağladan olmasa yaza–bilmirəm,

Hər kəs öz bağrında bir çiçək əkib,
hər kəs bir inancın önündə çöküb,
məsum körpə kimi qoynuna çəkib,
bağladan olmasa–yaza bilmirəm,

Hamı bir-birinə arabir dəyib,
ən odlu qırmanclar Şairi döyüb,
Füzuli–gerçəyi tərsinə deyib;
aldadan olmasa–yaza bilmirəm!

Gülüm,güləşdirmə heç kimnən məni,
durnayam-saxlatma köçümnən məni,
yaxşı ki,sən varsan!-içimnən məni,
çağladan olmasa–yaza bilmirəm,

Mənimdir gerçək də,acı yalan da,
sınıram çox şeyi yada salanda,
üzümə “can”-deyib qapı dalında,
saxladan olmasa–yaza bilmirəm,

Sən də,Vahid ƏZİZ,yaxşı ki,varsan,
hayıf ki binəva dövrana yarsan!
uzağı olardım dərdli bir ozan;
Tanrıdan olmasa–yaza bilmirəm…