Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bürosunun Rəhbəri

Olam, olam…                                      

Tanrı aça qapıları,
Göylərdən səs alam, alam.
Bir işıq süzülüb gələ,
Sevgi ilə dolam, dolam.

İçimizi sevgi yuya,
Ucalda bizi Tanrıya.
Hamı sözə sayğı duya,
Dağ-daş deyə: Salam! Salam!


Bir gün ruhum qanadlana,
Uçub vara yalnız Ona,
Sual verə Yaradana:
“Doğrudanmı qulam, qulam”?

Bir məqamda Tanrı dinə,
İşıq donlu bir səs enə,
“Eşqsiz olan qula dönə,
Eşqə varan: balam, balam”.

İşıq, nur yağa yerlərə,
Hər qarışda eşq göyərə,
Sevgi qoxuya dağ, dərə –
Ünvanı mən olam, olam.

ULUSA SƏSLƏNİŞ

Min illər Tanrının sevimli dostu,
Min il ulusların lələsi oldun.
Tanrı üz çevirdi səndən, o çağ ki,
 Bədəvi toplumun köləsi oldun.

Faciən başladı, din dəyişən gün;
Şamanı küsdürdün, Xanı unutdun.
Uzaq yad torpaqda taxtu-tac üçün,
 Vuruşan yadlara matəmmi tutdun?

Uca ağsaqqalın Qorquda obraz,
Ən böyük yalana xilaskar dedin.
Səni uyudanı müqəddəs bilib,
 Səni oyadana sən kor, kar dedin.

Qoşuldun min yerə bölünmüşlərə,
Sevgidən soyundun, nifrət aradın.
Müqəddəs elinə arxa çevirib,
Nədən cəhənnəmdə cənnət aradın?

Yaddaş itirməyin, unutqanlığın,
Didir ürəyimi, ruhumu əzir.
Sən yanlış yerlərdə Tanrı gəzirsən, 
Şeytan yuvasında Tanrı nə gəzir?


Boz qurd köhnəlik oldu…

Qılınclar qında pas atdı,
Gülüşlər dodaqda qaldı.
Atlar bozqırda yox oldu,
Kımızlar ocaqda qaldı.

Ağac bir kərə bəzəndi,
İldə bir yol don geyindi.
İnsan qopdu təbiətdən,
Ruh soyundu, qan geyindi.

Göy Tanrı dostumuz idi,
Hərdən Ondan küsürdük, 
Tərcüməsiz danışırdıq,
Nə qorxurduq, nə əsirdik.

Hər birimiz Beyrək idik,
Xal düşməzdi şanımıza,
Qılınc girər, fəqət yadlar,
Girəmməzdi yanımıza.

Yoxa çıxdı qutsallıqlar,
Analıqlar dəlik oldu.
İndi köpəklik dəbd
Bozqurd köhnəlik oldu.


Günəş doğana qədər…

İlahi, nədir bu dərdlər, nə bu tükənməz kədər,
Bumu ömür dedikləri, bumu yazılan qədər?
Bu gecəni oyaq qalıb, Günəş doğana qədər,
Qoşulub dəli çaylara çağlamaq istəyirəm
İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.

Elə bil ki dünyamızın  ağır-ağır dərd-qəmi,
Boylanaraq yollarıma min il gözləmiş məni,
Acılarım dərin dərya, ucsuz-bucaqsız zəmi,
Dərdlərimdən min-min dastan bağlamaq istəyirəm,
İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.

Cərgə-cərgə, dəstə-dəstə dərdlərimi çinləyib,
Kaman kimi nalə çəkib, bir ney kimi inləyib,
“Apardı sellər saranı” havasını dinləyib,
Minbir yerdən sinəmi dağlamaq istəyirəm,
İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.

40 min illik tarixdən silinməyən izəm mən,
Heç kölə olmadım ki, köləlikdən bezəm mən.
Nədən qul sifətində görünəm mən, gəzəm mən?
Əyilmiş qamətimi şaxlamaq istəyirəm,
İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.

 Qalaq-qalaq kədər-qəm sinəmdə daşlaşıbdı,
 Türküstanın elləri yamanca yadlaşıbdı.
 İki yüz ildi taleyim  dərdlə qardaşlaşıbdı
 Bəla gələn yolları bağlamaq istəyirəm,
 İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.

Orda Göyçə  əl edir, burda Dərbənd üzülür,
Göz dağıtək Borçalı, Təbriz səf-səf düzülür,
Qəzəbli Qarabağın gözündən qan süzülür,
Tərs gedən bu gedişi saxlamaq istəyirəm,
İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.

İlahi, nədir bu dərdlər, nə bu tükənməz kədər,
Bumu ömür dedikləri, bumu yazılan qədər?
Bu gecəni oyaq qalıb, Günəş doğana qədər,
Qoşulub dəli çaylara çağlamaq istəyirəm
İçin-için, hönkür-hönkür ağlamaq istəyi

           Dünya

Qoy ruhdan düşməsin dərdə düşənlər,
Hamının dərdindən halıdı dünya.
Sonunda hər kəsin haqqını verir,
Minillər şahidi, uludu dünya.

Gah ömür yoluna bəla gətirər,
Gah da yollarında çiçək bitirər,
Doğru yol tutanı haqqa götürər,
Əyriyə cəhənnəm yoludu dünya.

O kəs ki, düşməni öz tamahıdır,
Qazancı günahsız məzlum ahıdır,
Şərə dost olanın şahənşahıdır,
Haqqa dost olanın quludu dünya.

Nəbzi var, dili var, canlı, diridi,
Yaşayan varlığın o da biridi,
Dilini bilənə yaylaq yeridi,
Bilməzə düzlərin koludu dünya.

Ay Namiq, əməllər getməz havayı,
Hər kəsin önünə qoyular payı.
Kim deyir, azalıb onların sayı,
Yaxşı adamlarla doludu dünya.

        Lerikdə

Günəş bu yerlərdə ayrı cür doğur, 
Başqa cür dövr edir zaman Lerikdə.
Kömürköy göylərin bağrını yarır,
Dolanır dağları duman Lerikdə.

Bura min illərin könül sirdaşı,
Bu dağlar Xaqanlar, Alplar yurdudur.
Kömürköy vüqarlı doğma qardaşı,
Qızyurdu deyilən, Oğuzyurdudur.

Dirilik suyudur gur bulaqları,
Cənnətin özüdür burda hər oba.
Bu dağlar qoynunda doğulduğundan,
Dağ qədər yaşadı Şirəli baba.

Zuvanddan meh əsir – behişt havası,
Göylərdən elə bil çiçək əndərir.
Boylanır Güneydən Savalan dağı,
O da öz ətrini bura göndərir.

Burda insanların süfrəsi açıq,
Hər kəsin ürəyi dağlar boydadı.
Burda təbiətə bənzər  adamlar,
Bu yerdə insanlıq qızıl qaydadı.

Dağlardan dağ kimi möhkəm olmağı,
Sulardan paklığı alıblar cana.
Adamı, havası, təbiətiylə,
Lerik bir zinətdir Azərbaycana.


  Minimal (yığcam) şeirlər

 Gülüş

Bütün gülüşlər bədbəxtlikləri gizlətmək üçündü,
Dünyanın ən bədbəxt adamıdı;
Dünyanın ən çox gülən adamı.

***************
           Söz

Sözün 
tükəndiyi yer yoxdur,
Sözün 
keçmədiyi yer var.

***************
          Yol

Tək bir yol var dünyada:
Tanrıya gedən yol.
Qalan bütün yollar
            yolsuzluqdur əslində.

       Gülüşünü yadırğayan 

Güldü,
Gülüşündən utandı;
Gülüşünü yadırğayan adam.

Hardan gəldin?

Sənə
Dəvətnamə göndərmədim
Buyur, gəl!- demədim,
Çağırmadım…
Hardan gəldin, niyə gəldin ömrümə?!