***
Sənə deməyəcəm – qal, qulun olum,
Sanma su atacam dalınca, dözmüb.
Bədbəxt olacaqsan özgə qucaqda,
Sıxıb tökəcəksən balınca, dözmüb.

Yeri, köç gözləyir, duvağını ört,
Onsuz da bu sevgi paradı, yeri.
Tez get, aramızı toz örtsün qəfil,
Qanım Allahından qaradı, yeri.

Çay ki, yırğalandı, adam tanımır,
Anan danışmayıb Saradan sənə?
Dayan, gec də olsa, halallıq verim,
Bəlkə rəhm elədi Yaradan sənə.

***
Duvağı nəm çəkib sərt baxışların,
Gözlər əvvəlkitək yol seçə bilmir.
Adəmdi, Xocadı kölgəm biçarə?!
Basıb dörd yanını kol, seçə bilmir.

Yamağı çoxalıb çuxamızın da,
Həyat sənin üçün dar ağacıdır.
Əcəl dadı getmiş qız dodağısa,
Ölüm ip asdığın bar ağacıdır.

Bir qız köç üstədi uzağa sarı,
Az bax arxasınca, boynun ağrıyar.
Bir-bir, iki-iki səndən küsürlər,
Qızlar düşüb gedər, qoynun ağrıyar.

***

Hər can bir adamı qaraya çəkir,
Hərə bir can dartır öz ağlığına.
Qayıt, ağ əzaba bükdüyün canın,
Diz çök qarşısında, döz ağlığına…

…Tabutdu elə bil o qara taxta,
Sənin nə vecinə ölən kimdi, qız.
Yaman naz atırsan, o da ruh verir,
Kaş, bircə biləydim kölən kimdi, qız…

Bir ömür bəs etmir bir sısqa eşqçün,
Özünə zəhmət ver, yu xəyalları…
Nə sevgi sənlikdir, nə sən sevgilik,
Çəkil, boşa verim bu xəyalları.

***
Sultanım, fərz elə bir dəstə gülsən
Bir yol qoxlamıram, sən də baxırsan.
Nədən hər Ay doğcaq duvağa girib,
Tək qoyub gəldiyin kəndə baxırsan?

Kimdir tora salıb baxışlarını?
Yoxsa sən salmısan dərdə kimisə?
Mən kiməm eləysə? Sən kimsən onda?
Susub gözləyirsən ərdə kimisə…

Əcəb kama çatdıq bu xəstə ruhla,
Kölgəmi üstünə yıxıb gedirəm.
Çətin başa vuraq bu ömrü sənnən,
Topla nəyim varsa, çıxıb gedirəm.