Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Gülüm, küsmə məndən, ölərəm inan,
Sənsiz yaşamağı öyrənməmişəm,
Eşqinlə yaşayır bu ürək, bu can,
Mən sənə həyatım, ömrüm demişəm.
Gündə bir sevdaya düşməz bu ürək,
Hər gün səni deyir, səni düşünür,
Bəxtimə yazılan, ey nazlı çiçək,
Xəyalım sən gələn, yola döşənir.
Bənövşə ruhuma çöküb surətin,
Baxışın qəlbimə, nur çacır hər gün.
Bal kimi şirindi sözün söhbətin,
Ürək bəsləyirəm mən sənin üçün,
Könül sarayımı bəzəyən nursan,
Bahar nəfəsinlə əriyir qar, qış.
Hər səhər, hər axşam halımı sorsan,
Vallah yerə, göyə etmərəm qarğış.
Elə öyrətmisən özünə məni,
Sənsiz dözə bilməz şair ürəyi.
Necə də yaraşır, o gülüş sənə,
Tanrının ən gözəl, nazlı mələyi.
Allah tək yaradıb səni dünyada,
Üzündə cənnətin nişanəsi var.
Sən Əziz Musanı, gəl atma oda,
Bir soyuq baxışın, canımı alar.