Təbriz
Qollarım dolana boynuna bir gün
Yenə baş qoyaram dizinə Təbriz
Həsrətdən hicrandan cana doymuşam
Doyunca baxaram gözünə Təbriz
Bulanıq suların axsın durulsun,
Təzə güllərindən büsat qurulsun
O gül camalına birdə vurulsun
Bir qubar qonmasın üzünə Təbriz
Gülüstan bağının seyrinə gəlim
Lalə yamacında birdə dincəlim
Ötən günlərimə yetişməz əlim
Düşüm heç olmasa izinə Təbriz
Bulanıq suların axsın durulsun
Təzə güllərindən büsat qurulsun
Ö gül camalına birdə vurulusun
Bir qubar qonmasın üzünə Təbriz
ANA
Təbriz kədərliydi, sən ağlayırdın,
Gecəydi biz səndən ayrılan zaman.
Pərişan görkəmin, o son sözlərin,
Bir an xatirimdən çıxmamış, inan.
Adını dilimə gətirəndə mən,
Sanki alov yaxır dodaqlarımı.
Yaxın gəl, yaxın gəl öpüm üzündən,
Öpüm rəngi qaçmış yanaqlarını.
Elə məlul-məlul baxma üzümə,
Baxışın qəlbimə od saçır, sənin.
Sən yalqız deyilsən, sıxma qəlbini,
Böyük bir xalqın var, böyük vətənin.
O xalqın, o elin qızısan, sən də
Onun qüdrəti də, şöhrəti də var.
Qəhrəman yurdumuz sarsılmamışdır,
Soyub talasa da onu yağılar.
Bilirəm, çox sıxır səni ayrılıq,
Əsarət dünyası başına dardır.
Lakin unutma ki, hər bir gecənin,
Min bir şüa saçan gündüzü vardır!
“Əlimdən nə gəlir?”, demə bir daha
Demə ki, qocayam, saçlarım düm ağ.
Vətən öz qəhrəman oğlu, qızını
Hər zaman, hər zaman gənc saxlayacaq.
Alnının xətləri, bəyaz saçların,
Keçmiş həyatından bir yadigardır.
Hörmət o saçlara, nifrət keçmişə:
Bu günün öz adı, mə’nası vardır!
Qalx ana, qalx ana, səni döyüşə
Çağıran öz qızın, öz vətənindir!
Bax, yanır odlarda Odlar Diyarı,
Bu vətən, bu torpaq, bu el sənindir!