Od ürəkli, od nəfəsli diyarımsan
Ocağına canım qurban, Azərbaycan!
Əzilsən də, əyilməyən vüqarımsan
Bu çağına canım qurban, Azərbayca !

Savaşlardan alnıaçıq çıxan zaman
Tarixlərə bağışladın neçə qurban.
Hər qonşuda bir parçası əsir qalan
Torpağına canım qurban, Azərbaycan!

Neçə gizli sərvət yatır qucağında,
Neçə ölkə od aparır ocağından.
Azadlığın al rəmzi var bayrağında
Bayrağına canım qurban, Azərbaycan!

Hər uğurun gələcəyə bir yol açır,
Hər dost elə xoş niyyətin işıq saçır.
Hər millətə , hər məzhəbə isti, açıq
Qucağına canım qurban, Azərbaycan!

Başım üstdə məğrur-məğrur dalğalanan
Bayrağına canım qurban, Azərbaycan!
Ruhuma büt , cismim üçün vətən olan
Torpağına canım qurban, Azərbaycan!