Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri
Hələ gözlərimiz çox şey görəcək,
Görəsən bu imiş sondakı eyib.
Kimə acıyasan,kimə yanasan?
Hamı bir-birinin haqqını yeyib.
Hər kəsi tökdüyü nahaq qan tutur,
Son birdi yuxunu hayana yozsan.
Birdimi,beşdimi günahımız ki!
İlahi,hansını bağışlayasan?!
İtmir,göz yaşının çıxır əvəzi,
Gülərlər özgəyə gülən adama.
Daha yaxınları qurban kəsəcək
Qocalıb adamtək ölən adama.
Ömür-gün davası budumu yoxsa?
Pozur çoxlarının qəsdini ölüm.
Dəyişib əvvəlki qiyafəsini,
Kəsib başımızın üstünü ölüm.
Bu da bir sınaqdı,bu da imtahan,
Qurunun oduna yaş necə yanır?
Gərək canın yana,cızdağın çıxa,
Biləsən ocaqda daş necə yanır…
Kimi yandıracaq bu od,bu atəş?
İlahi işıq tut,çıxıb getməyə.
İlahi,yiyə dur yaratdığına,
Ilahi,möhlət ver tövbə etməyə.
Çox gözlədin,çıxmadı qanadların,uçasan,
Yüyürüb bir sevginin arxasınca yıxıldın.
Bir yetim bənövşəydi ümidin kol dibində,
Bir gecikən bahara göz açınca yıxıldın…
Sən demə yalan imiş div də,qızıl alma da…
Eşitdiyin nağılın hamısı boşa çıxdı.
İçib göz yaşlarını dərdin elə böyüdü,
Çoxu küsənib dedi,bəxtəvər dağa çıxdı.
İndi özün tutuşub öz oduna yanırsan,
Bir əlçim bulud da yox,qəzəbini soyuda.
Dərdini danışmağa bir uçuq divar da yox,
Axı uşaq deyilsən,səni kimsə ovuda.
Bəs kimə üz tutasan,kimə gileylənəsən?
Dünya çoxdan beləymiş, vəfasız çıxdı hamı…
Deyirdi “qayıdacam” o zalım balası da…
Gedənlər geri dönmür,yollar udur adamı.
Nə gələn var,nə gedən…durnalar köçüb gedir.
Qapını külək döyür,pəncərəni yağışlar…
Sən onun günahından ürəyində keçmisən,
Nə ola,dönüb deyə bircə dəfə “bağışla…”