Covid-19 pandemiyası ilə mübarizədə ön cəbhədə vuruşan həkimlərə ithaf olunur
Allahyar
Palatada iki nəfərik. Mən və Ulduzxan. Hələ bir həftə qabaq mən yüngülvari sətəlcəm olduğumu düşünürdüm; ölümcül virusa yoluxduğumun fərqində deyildim. Əvvəl boğazım ağrıdı, sonra bədənimi qəribə bir halsızlıq bürüdü və quru, öldürücü öskürək başladı… Bu azar-bezarın keçib-gedəcəyini düşünürdüm, amma ikinci həftə halım daha da xarablaşdı, üstəlik, təngnəfəslik əmələ gəldi. Təcili xəstəxanaya gətirildim, analiz götürüldü, nəticələr müsbət çıxdı. Ətrafımda olan adamlar karantinə götürüldü. Etiraf edirəm, səhlənkarlıq etmişəm, özünütəcrid qaydalarına əməl etməmişəm. Bir də koronavirusun uzaq Çindən ayaq açıb məmləkətimizə qədər gələcəyi kimin ağlına gələrdi ki?! Əslində, yenə o fikirdəyəm ki, alnımıza nə yazılıbsa, o da olacaq.
Epidemiya təzə başlayanda münəccim dostumuz Ulduzxan planetlərin düzülüşündən və bunun bizim həyatımıza təsirindən bir saat moizə oxumuşdu. Mən isə öz növbəmdə gülmüşdüm. Onunla həmişə mübahisəmiz olur bu barədə. O, nicatımızın kainatda olduğuna əmindir. Mən Allahın hökmünə inanıram. Allah ən böyük analitikdir. Hər şeyi elə təhlil edib ki… Ən incəliyinə qədər. Allahın yazısına redaktə yoxdur. Mən belə deyəndə astroloq dostum gülür. O mənə gülür, mən də ona. Amma bircə Allah bilir ki, bu mübahisəmizdə hansımız haqlıyıq.
Onu bilirəm ki, bu zəhrimara qalmış virus Allahın təhdididir, cəzalandırma metodudur. İnsan Allahın yolundan çıxdı, harama əl uzatdı. Allah da onu cəzalandırdı; yer üzünə bu bəlanı göndərərək “ey İnsan, özünə gəl”, – dedi.
Ulduzxan
Bahar fəsli bizim məmləkətə səhər saatlarında qədəm qoymuşdu. Bizi ilk Günəş təbrik etdi. Sonra həkimlər gəldilər. Birinin əlində səməni vardı, bayramlaşdıq, – inşallah, gələn bayramı öz evinizdə, ailə-uşaqla bir yerdə keçirərsiniz, – dedilər. Nəvəmə tapşırmışam axşam bütün xəstələrimin əvəzindən tonqaldan hoppansın, – deyən həkim əlindəki səmənini dolabın üstünə qoyub çıxdı. Gözlərindən gülümsəməsini hiss etmək olurdu.
Palatada mənəm, bir də Allahyardı. Xəyalım yenə də nəhayətsiz Kainatdadır. Əslində, bu, təbiidir. Çünki insan hara getsə də, Kainatın bir zərrəsidir və özündə bütün Kainatı ehtiva edir.
Belə danışmağıma baxmayın, öskürək tutanda bütün nəzəriyyələr yadımdan çıxır, elə bil vücudumun ağırlığı ağrıyıb-göynəyən yerlərimə – sinəmə, ciyərlərimə çökür.
Astroloq deyəndə ulduz falı yada düşür, amma əsl astrologiya minillik təcrübə və biliklərdən ibarət olan mürəkkəb sistemdir. Bu vasitəylə biz öz mahiyyətimizi anlayıb yolumuzu təyin edə bilərik.
İnsanın ən böyük problemi odur ki, onu yetişdirən kainata qarşı çıxır, özünü kainatdan kənar hesab edir, insan düşüncəsinin kosmosdan eneji çəkən bir maqnit – maddi bir varlıq ola biləcəyinə inanmır. İnsanlar nəinki kosmik varlıqları qavramırlar, həm də onları zərərli təsirlərə çevirirlər. Epidemiyalar, təbii fəlakətlər bunun nəticəsində meydana çıxır və bunlar üçün insan özü məsuliyyət daşıyır.
Mən kainat və insan münasibətlərindən, astrologiyadan danışanda molla dostumuz Allahyar deyir: “Allahu-əkbər, Allahın əmrinə qarşı çıxırsan. Bunlar xurafatdır”. Ha and-aman eləsəm ki, bu sözlərin özü xurafatdı, inanan deyil.
Molla dostumuz Axirətə inanır. Keçən dəfə bir aktyorun koronavirusdan dünyasını dəyişdiyini həyəcanlı bir şəkildə mənə danışanda zarafata saldım. “İndi o dünyada tamaşalarını göstərər”, – dedim.
Allahyar tərs-tərs mənə baxdı. Əslində, epidemiya ilə bağlı söz-söhbətləri unutmaq üçün zarafat etdiyimi anlamamış deyil. – Deyirlər, aktyor xaricdən gətirib infeksiyanı… Olacağı varmış, – Allahyar deyir, – olacağa çarə yoxdur…”.
Həkimxan
Epidemiya qəribə bir kinlə, acıqla gəldi. Elə bil insanlıqla davası varmış. Nəyinsə intiqamını alırmış. Təbiətin intiqamı nə yaman olurmuş! Dünya necə kiçik və aciz imiş! Biz isə “qoca dünya”, “müdrik dünya”, – deyirdik, dünyanı yenilməz bilirdik… Tibb elmi son yüzilliklər ərzində çox nailiyyətlər əldə edib. İndi isə geriyə baxanda, sanki heç nə görmürük. Koronavirusun acı nəticələri qarşımızda elə suallar qoyur ki, üstündən sükutla keçirik. Cavabı sükut olan suallardan qorxmuşam həmişə. İndi bütün dünya bu sükuta bələnib.
İndi bir fərdin qələbəsi bütün bəşəriyyəti xilas edə bilər. Ona görə mən və mənim kimi yüzlərlə həkim demək olar ki, dincəlmədən çalışırıq. Tibbi personalın da yoluxma riski var. Amma bu, bizi qorxutmur.
Həmişə ənginliyi, fəzaları fəth etmək istəmişəm. Uşaq vaxtı bir-birimizə söz vermişdik ki, təyyarəçi olacağıq – Mən, Ulduzxan və Allahyar. Bizə nankorluq edən, torpaqlarımızı əlimizdən alan, atalarımızı, qardaşlarımızı öldürən düşmənimizi məhv etmək istəyirdik. Bu hiss indi də məni düşmənə qarşı, bütövlükdə insanlığın düşmənlərinə qarşı vuruşmağa sövq edir. Ona görə yox ki, insan mükəmməldir. Belə baxanda, insanın o qədər cinayətləri var ki: müharibələr edir, heyvanları öldürür, quşları ovlayır, gölləri, çayları çirkləndirir, dənizləri qurudub özünə göydələn tikir… İnsanı ona görə xilas etmək lazımdır ki, o, yeganə canlıdır, mükəmməlliyə can atır. Məhz buna görə insanlığa hörmət edirəm.
Texnologiya əsrində özümüzdən o qədər uzaq düşmüşük ki, öz ruhumuzu belə hiss etmirik. Halbuki insan elə buna görə insandır.
Ey sonsuz kainata, fəzalara can atan insan, bir dəfə də dönüb özünə baxsana. Özünə yol başla, heç olmasa buna cəhd et. Bəlkə, bu yol səni arzuladığın ənginliyə çıxaracaq…
Bir şey bilirəm ki, bu epidemiyadan sonra dünya başqa cür olacaq. Çünki insan özünə gedən yolu tanıdı. İndi geriyə yolu yoxdur. Kahinlər öz hücrələrinə çəkilib necə özünüdərk yolunu tuturlar? Bax, insan da özüylə baş-başa qalıb özünü daha dərindən dərk edəcək, anlayacaq ki, maddiyyat ancaq xeyirxahlıq etmək, özünü insan kimi hiss etmək üçün lazımdı.
Mən öz missiyamı indi daha yaxşı anlayıram. Ona görə sonuna qədər mübarizə edəcəyəm. Mən həkiməm və son sözümü də bu yolla deyəcəyəm.
Allahyar
İndi düşünməyə, keçmişi xatırlamağa daha çox vaxtım var. Hadisələr zəncirvaridir, birini xatırlayanda, olub-bitənlər bir-bir yada düşür.
Mən idim, Həkimxan idi, Ulduzxan idi… 90-cı illərə, Qarabağ düyününə düşmüşdü uşaqlığımız. Bütün arzularımız da bu düyünə düşmüşdü… Günlərin birində Ulduzxanın atasını müharibəyə apardılar. Kəndlərdən birinin müdafiəsi vaxtı düşmən gülləsinə tuş gəldi.
“Güllə də səni çox sevirmiş, ay bala”, – anası ağlayanda deyirdi. Yaxşı adam imiş, hamı sevirdi onu. Güllə də sevmişdi.
Ulduzxan o gündən sonra uzaq yolların xəyalını qurmaqla təsəlli tapırdı. Xəyalən o uzaq yollardan əsgər geyimində olan atası gəlirdi və onu çiyninə qaldırırdı – sevdiyimiz filmdə qələbədən sonra oğlunu başının üstünə qaldıran qəhrəman kimi.
Ulduzxan o gündən söz vermişdi ki, pilot olacaq və qırıcı təyyarəsi ilə düşməndən atasının hayıfını alacaq. Mən və Həkimxan da onu tək qoymamaq üçün söz vermişdik. Biz də təyyarəçi olacaqdıq.
Ulduzxan
Həmin yay Allahyar da fəlakət yaşamışdı. Yay tətilində anası ilə kəndə gedərkən yol qəzasına düşmüşdülər. Anası hadisə yerində can vermiş, özünün isə bir ayağı qopmuşdu. O da ayağıkəsik davam eləmişdi həyata. Həm anasızlığın, həm də yaşadığı komplekslərin sıxıntısı…
Daha futbol oynaya bilmirdi. Biz futbol oynayanda o kənardan durub baxırdı. Bəlkə də, ayağını düşünürdü. Yəqin ki, acığı tuturdu, çünki ayağı ondan uzaq düşəndən sonra o da bizdən uzaq düşmüşdü…
Atası evlənmişdi. Evə gələn qadın əvvəl onunla yaxşı rəftar edirdi, amma Allahyar ona isinişmədiyindən ögey anasında da dostumuza qarşı kin əmələ gəlmişdi. Bir dəfə qonşular analığını laqeydlikdə təqsirləndirəndə dünya görmüş qadın olan nənəm demişdi ki, ay bala, uzaqdan döyüş adama asan gəlir. Vallah o tifillə o gəlinin dərdini tərəzidə çəksələr, o qadınınkı ağır gələr…
Kim bilir, bəlkə o qadın da Allahyar kimi sevgisizlikdən əziyyət çəkirdi.
Amma Həkimxanın həyatı bizimki kimi deyildi. Ata-anası, onu çox sevən doğmaları vardı. Evləri nağıllardakı padşahların sarayına bənzəyirdi. Bizə elə gəlirdi ki, Həkimxan vaxt keçdikcə bizdən soyuyur və uzaqlaşır, çünki uşaq vaxtı görmədiyi, fərqinə varmadığı yoxsulluğumuzu indi görməyə başlamışdı.
Allahyar
Mən idim, Ulduzxan idi, Həkimxan idi. Sevincimiz də, kədərimiz də ortaq idi. Amma böyüdükcə ortaq baxışlarımız qeybə çəkilir, sözümüz tükənirdi. Bizi bir yerdə artıq heç nə narahat etmirdi. Biz bir yerdə heç nəyə sevinə bilmirdik. Bir yerdə kədərlənə bilmirdik. Dərdlərimizi də paylaşa bilmirdik.
Bir dəfə Həkimxan ağ kostyumda gəlmişdi məktəbə. Guya ki, ehtiyatsızlıqdan mürəkkəb tökdüm kostyumuna. Dönüb baxdı, amma heç nə demədi. Yəqin ki, nəsə deməyi də lazım bilmədi.
Əslində, mən ağ kostyumun sevincini bölüşmək istəyirdim, amma onun gözlərində təkəbbür sezdim. Bəlkə də, mənə elə gəldi. Hər halda mən ondan deyil, o təkəbbürlü baxışlardan intiqam almaq istədim.
Əslində, bizim problemimiz bilirsiz nədən ibarətdir? Bizə yaxın insanın nələri sevdiyini bilirik, amma içindəki peşmanlıqlardan, məyusluqlardan, dağıntılardan xəbərimiz yoxdur. Bizdə də elə oldu.
Məktəbi bitirəndən sonra Həkimxanın atası yeni tikilmiş binada mənzil aldı, ailəcə daşındılar və əlaqəmiz kəsildi. Onsuz da yaxın görünsək də, mənən çoxdan ayrılmışdıq.
Sonra dedilər ki, oxuyub, doktor olub…
Mən məktəbi qurtarandan sonra işləmək məcburiyyətində qaldım. Psixoloji problemlər üstümə çökmüşdü. Daxili sabitliyi müqəddəs kitablarda axtarırdım. “Quran” oxudum, mollalıq eləməyə başladım.
Ulduzxan zarafatla deyir ki, aranızda bircə mən uşaq vaxtı qurduğumuz xəyallara sahib çıxdım – təyyarəçi olmasam da, astroloq oldum: “Könlüm fəzalardan enmədi”.
Həkimxan
Eyni məhəllədə böyümüşdük – Mən, Allahyar və Ulduzxan. Əvvəl aramızdakı fərqləri görmürdük. Sonra olanlar olmuşdu. Ulduzxanın atasını müharibəyə aparmışdılar, ölüsü qayıtmışdı… Sonra anam bizə baxıb ağlamışdı. Bilməmişdim, o bizim də atamızın öləcəyindən qorxur, yoxsa dostumuzun atasız qaldığına ağlayır. Həmin gün atam da başını qaldırıb üzümüzə baxmadı. Elə bil sağ qaldığından utanırdı. Sonra mənə pul verib “Ulduzxanın yolunun üstünə qoy, tapıb sevinsin”, – dedi. O pullar hər yerdə Ulduzxanın “qarşısına çıxırdı” – yolda, parkda, bufetdə…
Sonra Allahyarın üzləşdiyi fəlakət… Allahyarın ayağının elə olmağında elə bil mən günahkar idim. Bəzən ayağımın ağrıdığını bəhanə edib onun kimi axsayırdım. Futbol oynayanda bütün qollarımı ona həsr edirdim – o bunu bilsə də, bilməsə də. Əsas o idi ki, mən bunu bilirdim və öz “günahımı” yuyurdum.
Yəqin, mən özümü, öz duyğularımı ifadə edə bilmirdim, ona görə dostlarıma yaxın olmaq istədikcə, onlar məndən uzaqlaşırdı. Bir dəfə məktəbə ağ kostyumda getmişdim. Mən bahalı təzə kostyumda, onlar adi, köhnəlmiş geyimdə… Ulduzxanın əli titrədi, mürəkkəb kostyumumun üstünə töküldü. Səhv iş gördüyümün yalnız o vaxt fərqinə vardım. Ondan sonra paltarlarımı köhnəldib geyinirdim, ayaqqabımı isə palçığa bulaşdırırdım.
Sonra yollarımız ayrıldı. Bu illər ərzində onları düşünmüşdüm, amma birlikdə daha çox tənhalaşacağımızı bildiyimdən görüşməyə can atmamışdım.
Koronavirus infeksiyasına yoluxmuş xəstələrin siyahısında tanış adları görəndə qəribə hisslər keçirdim. Bir tərəfdən, pandemiya təlaşı, digər tərəfdən, doğma adamların yenidən qarşıma çıxması… Sonra özlərini gördüm. Üzlərinin yarısını maska örtsə də, gözləri onları “ələ verdi”.
Yenə bizik – Mən, Allahyar və Ulduzxan. Elə bil keçmişimiz qayıdıb gəlib, o keçmiş ki, biz özümüz də fərqində olmadan onun yolunu gözləmişik…
Ulduzxan
Mənim ehtimalıma görə, pandemiya bizdən yan keçməliydi, amma heyhat. Epidemiyanın məni bu dərəcədə tənhalığa sürükləyəcəyini ehtimal etməmişdim. Dörd divarın arasına sıxılmışdım. Üstəlik, içimdəki virus da məni özümdən uzağa itələmək istəyirdi. Bədənim virusun əlində əsir-yesir idi. Bircə ruhum mənim idi, yalnız ruhum mənə doğmaydı. Bu müddətdə ondan aralı düşdüyümün indi fərqinə varırdım.
Həyatla ölüm arasındaydım. Elə bil sinəmdən daş asılmışdı. “Qanda oksigen kəskin azalıb, ağciyər çatışmazlığı var, amma qorxmayın, birlikdə savaşıb qalib gələcəyik”, – dedi tanış bir səs. Çətinliklə başımı qaldırıb baxdım. Əynində xüsusi geyim, üzündə qoruyucu maska olan bu şəxs digər həkimlərdən fərqlənmirdi. Amma enli qoruyucu şüşənin arxasından görünən gözləri onu “ələ verdi”. Həkimxan idi, bizim uşaqlıq dostumuz.
Qeyri-ixtiyari əlimi ona uzatdım, sonra təhlükəni xatırlayıb tez geri çəkdim. Amma əlimi tutdu, həyatdan qopmaq üzrə olsam da, güclü əlin hərarətini və enerjisini hiss etdim. Nöqtə boyda görünən bir işıq üçün yaşamaq ümidinin oyandığını duydum.
Çətin günlər davam edirdi. Ürəkbulanma, qızdırma, nəfəs darlığı… Elə bil boğazımın yerində ət parçası vardı. Fikirlərim reallıqla rabitəsini itirirdi. Gözümə qarabasmalar görünürdü. Dəfələrlə həyatdan tamamilə qopduğumu düşündüm, amma həkimlərin fədakarlığı – bəzi məqamlarda sərt tələbkarlığı, bəzi məqamlarda şəfqəti dadıma yetişdi. Bir gənc həkim vardı, gecə-gündüz arı kimi çalışırdı, olduqca diqqətcil, mehriban və gülərüz idi, hərçənd maskanın altından təbəssüm bilinmir…
Ən böyük dayağım isə Həkimxan idi. Dostumun yanımda olduğunu duymaq belə mənə yetərli idi.
Sonrakı iki gün əvvəlki günlərə nisbətən rahat keçdi. Amma bilirdik ki, bu, müvəqqəti yüngülləşmədir, virus tamamilə məhv olmayınca sağalmadan söhbət gedə bilməz.
Yenə üçümüzük – Mən, Allahyar, Həkimxan.
“Mən elə bilirdim, həkimlər xəstələnmirlər, ölmürlər, ona görə həkim oldum”, – zarafatla deyir Həkimxan. Onun sözlərinə gülə bilmirik, amma mimikalarla hisslərimizi bəlli edirik (onsuz da bir-birimizin ən xırda üz cizgilərinə də bələdik).
Mən də danışıram. Qınayıram, ittiham edirəm, amma bəlkə də (kim bilir) heyifsilənirəm.
– Bilirsiz ki, atam öldükdən sonra mən hər gecə ona şikayət edirdim? O qədər sizdən gileylənmişəm ki. Məsələn, Həkimxan, sən topumu götürüb qaçanda… Allahyar oyunda cığallıq edəndə. İkiniz bir olub balaca boyuma güləndə…
– Hər gün atan sənin yuxularına gəlirdi?
– Hə. Hər gün.
Həkimxan zəndlə mənə baxır.
– Nədi, inanmırsan? – mən incimiş halda deyirəm.
– İnanıram, – Həkimxan deyir.
– Mən də inanıram, – Allahyar dillənir, – yuxularda biz daha xoşbəxt oluruq. Çünki mən də heç vaxt özümü yuxuda şikəst görmədim. Heç bircə dəfə də.
– Biz də səni heç vaxt fərqli görmədik, – Həkimxan deyir.
– Doğrudan? – Allahyar bizə inamsız baxır.
– Hə, – mən təsdiqləyirəm.
– Amma mənim sizə acığım tuturdu…
– Nəyə görə?
– Heç özüm də bilmirəm nəyə görə. Yəqin ki, sizin kimi ola bilmədiyimə görə. Ürəyimdə sizinlə o qədər dalaşmışam ki.
Xəstəlik bizi yaman kövrək edib. Xatirələrimizi, məyusluqlarımızı, peşmanlıqlarımızı bir-birinin ardınca dilə gətiririk. Bəlkə də Allahyarla mən bir də işıqlı dünyaya çıxa bilməyəcəyik. Burda həyat elə monotondu ki. Şərait yaxşıdı, amma mənəvi darlığımız qoymur nəfəs almağa. Elə bil divara dirənmişik. Özü də başqası yox, özümüz-özümüzü divara dirəmişik.
Allahyar
Xatirələrimiz bitmək bilmir. Bəzən danışa bilməyəndə hansısa hərəkətlə, ya bir sözlə, keçmişdə olub-bitən hansısa bir hadisəni yada salırıq. Üçümüz də o vaxta qayıdırıq, bir-birimizi sorğulayırıq. Sən demə, bizi yalnız xəyali uçurumlar ayırıb, əslində, belə bir uçurum yoxmuş. Eyni adammışıq demə. Varlı, ya yoxsul, sağlam, ya xəstə olmağımızdan asılı olmayaraq.
Bir dəfə kəsilmiş ayağımın ağrısını danışdım Həkimxana. Dedim, hər gün o ağrını duyurdum. Hətta gecələr o ağrı məni yatmağa qoymurdu. Sən bunu haradan biləcəkdin ki? Sən sevdiyin qızla ilk görüşə gedəndə mən kəsilmiş ayağımın dərdindəydim. “Bu görkəmlə məni heç kim qəbul etməz”,- fikriylə özümə əzab verirdim. Bu vaxt Həkimxan qəribə bir şey dedi. Demə, onun da öz kompleksləri varmış:
– Sən də heç vaxt bilməmisən ki, mən sənin ünsiyyət qura bilmək bacarığına həsəd aparmışam. Sən hamımızdan seçilirdin, çünki adamlarla daha asan dil tapa bilirdin. Mən isə özümə qapalıydım, duyğularımı ifadə edə bilmirdim.
Gec də olsa bunları öyrənmək gözəl idi.
Əslində, həyat necə də sadəymiş.
Biz isə komplekslərimizlə həyatı ağırlaşdırır, onu özümüzə düşmən edir, daxili dünyamızı viran qoyuruq.
Müalicə prosesi yorucu və əzablı idi. Yüksək temperatura dözüm göstərmək müşkül olurdu. Dəhşətli yorğunluq bədənimə hakim kəsilmişdi. Aramsız üşütmə keçirirdim. Bəzən nəbzim zəifləyir, son həddə gəlib çatdığımı düşünürdüm. Hər dəfə özümə gələndə həkim dostumu başımın üstündə görür, daxilən rahatlıq tapırdım. Çünki insan ağrısını bölüşəndə yüngülləşir. Və nə qədər ki, sənin ağrını paylaşan biri var, demək, ümid var.
Həkimxan
Bir aydır evə getmirəm. Çünki xəstələrlə təmas vaxtı koronavirusa yoluxub-yoluxmadığımı bilmirəm. Mənim kimi evə infeksiya aparmaq qorxusu ilə xüsusi ayrılmış yerlərdə, otellərdə gecələyən həkimlər çoxdur. Evdəkilərlə telefon vasitəsilə görüntülü danışırıq. “Bizim üçün evdə qalın, çünki biz sizin üçün burdayıq”, – deyirik. Koronavirusu digər viruslardan fərqləndirən əsas özəllik onun sürətlə yayılmasıdır. İnsanlar yalnız özlərini təcrid edərək yayılmanın qarşısını ala bilər.
Vəziyyət ağırdır, dünyada epidemiya qurbanlarının sayı gün-gündən artır, Covid-19 əleyhinə vaksin hələ tapılmayıb, ən böyük dövlətlər kiçicik bir virusun əlində aciz qalıblar.
Bütün hallarda pandemiya tarixdə qalacaq – insanlığın həm gücünün, həm də gücsüzlüyünün simvolu kimi… Bu durum mənə həyatdakı missiyamı anlamaqda kömək etdi. Bəlkə də mən bütün həyatım boyu bu anı gözləmişəm. İndi, ölsəm də heyifsilənmərəm.
Hərçənd yaşamaq ümidləri gün-gündən artan Ulduzxanla Allahyar gələcək gözəl günlərin xəyallarını qururlar. Allahyar deyir ki, çoxdandır xəyal qurmağı tərgitmişdim, indi isə dipdiri bir xəyalım var – bu çətin günləri dəf edib gözəl günlər naminə yaşamaq.
Bu bir ayda bir-birimizlə çox ünsiyyət qurduq, duyğularımızı paylaşdıq. Bizi ayıran sərhədlərdən danışdıq. Məni görməzdən gəldiklərini düşündüyüm üçün onlardan uzaqlaşdığımı dedim. Sən demə, onlar da məndən eyni səbəbdən uzaqlaşıblar.
Bəzən adi bir anlaşılmazlıq bütün həyatımızı idarə edir. Halbuki bircə gözəl söz bütün taleyimizi dəyişə bilər. Biz insanlar hər şeyi elə mürəkkəbləşdiririk ki. Eqolarımızı bəsləyərək təklikdə daha xoşbəxt olacağımızı düşünürük. Halbuki tənhalıqda qaldığımız bu günlər bizə öyrətdi ki, insanların bir-birinə doğrudan da çox ehtiyacı var…
Bir vaxtlar təyyarəçi olmaq istəyirdik. Yüksəkliyi sevirdik. Yenə də sevirik. İnsanlıq üçün etdiyin fədakarlıq da səni mənən ucalda bilər.
Ulduzxan
Dünən Həkimxan Allahyarı müayinə edərkən zarafatla dedi ki, çoxdandır “olacağa çarə yoxdur”, – demirsən, deyəsən, axirətə getmək fikrinin daşını atmısan.
Mən də onun zarafatına qoşulub dedim ki, xoşbəxt ulduz altında doğulmuşuq, bizə zaval yoxdur.
Allahyar da ordan qayıtdı ki, ay Ulduzxan, mən sənə ümidliyəm, sən də mənə. Görək başımıza nə gəlir.
Həkimxan başını yellədi: “Mən də elə bildim, siz mənə güvənirsiniz, amma görürəm ki, hələ də öz aləminizdəsiniz. Ay dostlar, nə alın yazısı, nə ulduz, tibbə güvənin, tibbə!”.
Dedim: “Həkimxan qardaşım, bu dediyim, əlbəttə ki, zarafatdır, həyatımız üçün tibbə, siz həkimlərə borclu olduğumuzu bilirik. Vaxtında köməyimizə yetişməsəydiniz, yəqin ki, axirətə çoxdan varmışdım, münəccim dostumuzun da ruhu kosmik fəzalarda uçurdu”.
Gülüşdük. Əslində, buna gülmək də demək olmazdı, maskanın altından gülüşə bənzər boğuq səslər çıxardıq. Amma xoşbəxt idik. Xoşbəxt idik ki, yenə eyni şeylərə gülə, sevinə bilirik…
Allahyar
Koronavirusla mübarizə apardığım bu çətin günlər həyatımda yeni mərhələ oldu. Elə hesab etdim ki, yenidən dünyaya gəldim. Ona görə yox ki, sağalıram. Ona görə ki, özümü, insanları və dünyanı yenidən dərk edirəm.
Bədənim, sanki Əzraillə mübarizədən qalib çıxıb. Ölümə qalib gələ biləcəyimi təsəvvür etməzdim. Məndən olsa, taleyə buraxardım hər şeyi. “Alnıma nə yazılıbsa, o da olacaq”, – deyib təslim olardım. Amma həkimlərimiz məni ölümün pəncəsindən qurtardı. Həkimxan ən ümidsiz vaxtlarımızda da bizi ruhdan düşməyə qoymur, ölüm ayağında olan ən çarəsiz xəstələri də yaşatmaq üçün böyük iradə və fədakarlıq göstərirdi.
Sonrakı iki gündə Həkimxan ortalarda görünmədi. Düşünürdük ki, yəqin, yaxşılaşmışıq, o da durumumuzdan rahatlayıb, indi daha ağır xəstələrin müalicəsi ilə maşğuldur. Bizi müayinə edən həkimdən xəbər alanda “Həkimxanın testi müsbət çıxıb, karantinə alındı”, – dedi.
İndi fikir bizi götürüb… Ulduzxanla pəncərədən Günəşə baxır və onu aramızda gözləyirik.
Həkimxan
Uzandığım çarpayının pəncərəyə yaxın qoyulmasını xahiş etdim. Pəncərədən Günəşə baxıram və düşünürəm ki, göy üzünü görmək xoşbəxtlikdir, – istər yağmurlu olsun, istər günəşli… Doğma insanları görmək xoşbəxtlikdir… Evdə məni gözləyən doğmalarımı yenidən görə bilmək üçün xəstəliklə mübarizə aparıram. Hələ heç nə itirilməyib. Həyata toxuna bilməsəm də, onu görə bilirəm.
Bilmirəm, yönüm ölümə tərəfdir, yoxsa həyata, amma bütün hallarda ümidliyəm. İnsanlığa ümidliyəm. Sevinirəm ki, illərdən bəri ürəyimin toz basmış “rəflərində” yığılıb qalan duyğularımı ifadə etdim, onları Günəşə çıxardım.
Nə olursa-olsun, yenə dostluq, insanlıq var olacaq. Yenə mən olacam, Allahyar olacaq, Ulduzxan olacaq…
Sosial məsafə saxladığımız bu günlərdə bir-birimizə mənən yaxın olduq. Artıq istəsək də uzaqlaşa bilmərik. Əslində, heç birimiz xəyallarımıza xəyanət etmədik. Hər birimizin missiyasında bir ənginlik vardı. İstədiyimiz də bu idi – insanlıq üçün savaşmaq. Mən də savaşdım. Və bütün hallarda biz qazandıq.
Minilliklər ərzində dünyanı təcrübələrimizlə, elmi biliklərimizlə böyütmüşük. Halbuki ən böyük silahı, ən təsirli dərmanı – sevgini əldən vermişik. İnsanın ən böyük silahı sevgiymiş, indi anladıq…
Ulduzxan
Bu gün məni və Allahyarı ilk dəfə Günəşə çıxardılar. Elə bil, dərin yuxudan ayılmışıq. Elə bil, neçə min ili yuxuda keçirmişik. “Ölsəm, bir də min il sonra dirilsəm”, – deyir şair. Elə bil ölüb min il sonra dirilmişik. İndi anlayırıq ki, həyat ona görə gözəldir ki, yaşamaq üçün yeni şans verir. Həkimxan dostumuz deyirdi bunu.
Bu səhər o, dünyasını dəyişdi… Haqqa yürüdü… Bütün mübarizə əzmini, ümidini, gücünü bizlərə xərclədi, özünü qorumağa heç nəyi qalmadı… Mən deyərdim ki, gözəgörünməz düşmənlə mübarizədə qəhrəmancasına şəhid oldu…
Təsəllimiz budur ki, onunla çox şeyləri paylaşmağa, bir-birimizi anlamağa macal tapdıq. İnsanlıq üçün dəyər daşıdığımızı anladıq…
O deyirdi ki, əgər kimsə xəstə yatağından qalxıb Günəşi görəcəksə, demək, insanlığın gözəl günlər görəcəyinə həmişə parlaq bir ümid və sarsılmaz bir inam olacaq…
Və yalnız gözəl günlər naminə yaşayacağıq.
23-27 aprel 2020 Bakı