Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı
İsti yay gününün axşamı addım-addım gəlirdi; qaranlığın tünd-göy kölgəsi uzaqdakı boz təpələrin yanağına hopurdu. Balaca, qəhvəyi kərtənkələ balası başını nahamar, üstü quruyan mamırların ləkələri ilə dolu olan daşın əyri çıxıntısına söykəmişdi. Yaxınlıqdakı qarışqa yuvasının bir tərəfi uçmuşdu, şahı ölmüş, şahzadələri bir-birini qılınclamış, rəiyyəti itaət etməyə kimsə tapmadığına görə qonşu şaha pənah aparmış şəhər qalasına bənzəyirdi…
Yarpaqları doyunca nazlanmadan saralıb bürüşən, anbaan çılpaqlaşan budaqları üzü göyə haray çəkən yemişan kollarının arasıyla bir ailə irəliləyirdi. Yay tozanağının saqqalına hopdurduğu tozu əliylə çırpmağı xəyalına belə gətirməyən ata öndə gedirdi. Bığ yeri yenicə tərləyən yeniyetmə oğul onun arxasınca addımlayır, tələsən atasını gözdən itirməmək üçün hərdən kiçik çır-çırpıların üstündən hoppanırdı. Gah da narahatlıqla geri boylanır, nigaran baxışları görmək istədiyini görməyəndə ucadan səslənirdi:
– Ata, mən burda dayanıram!
Ata bir söz demir, əlindəki koğanın ucunu yerə dirəyir, həsrətlə qarşıdakı təpələrə baxır, özünü qaranlığa təslim edən dünyanı ürəyində lənətləyirdi. Oğul üzünü geri çevirir, yemişan kollarının arasından görünən çəhrayı yaylığa tərəf səslənirdi:
– Ana, yorulmusansa, dayanaq!
Anadan səs çıxmırdı, ta ki oğluna çataçatda barmağını dodağının üstünə qoyub başıyla qucağındakı körpəyə işarə etdi…
…Onlar bu minvalla nə qədər yol gəlmişdilər, bilmirdilər… Əslində, bu yolçuluğa çıxmağı kim düşünmüşdü, soruşan olsa, ailə üzvlərindən heç biri düzgün cavab verə bilməzdi. Bu axşam da ananın çəhrayı yaylığını quru yemişan budağından asıb miçətkən düzəltdilər, atanın çalmasının dolamalarını açıb əlləriylə yastıladıqları quru çalıların üstünə sərdilər, körpənin yatması üçün yer düzəltdilər. Ata üzünü günün batdığı yerə tutub əllərini sinəsində çarpazladı, diliylə dodağını yalayıb ürəyinə yük olanları dilinə əmanət etdi:
– Bir olan Yaradanımız, göylərdəki atamız! Biz təkcə səni tanıyırıq, ey hər şeyin var olmasına səbəb olan! Bir nəfəslə can verdiyin Adəmin xətrinə, mənə özün yol aç… Məni Nuhun yadına sal… Məni Nuhun yadına sal…
Oğul atasının yerə düşən koğasını ehmalca götürdü, torpağa dəyən üzünü əbasına sürtdü, başında yonulmuş ayparanı barmaqlarıyla bərk-bərk sıxdı, arxadan atasına yaxınlaşdı:
– Ata…
Atadan səs çıxmadı; bu duruşuyla o, axşamın ala-toranında xəyalındakı gəminin dor ağacına bənzəyirdi…
– Ata…
Oğul bir addım daha yaxına gəldi, əmin idi ki, atası onu eşidir.
– Ata, Rahabın adsız oğlu məbədin həyətində danışırdı ki, dua edəndə üzümüzü gün batan tərəfə yox, gün çıxan tərəfə tutmalıyıq. Əllərimizi qoşalaşdırıb üzü göyə dayanmalıyıq… Bir də…
Atasının qımıldanmadan dayanması oğulun cəsarətini yenirdi, söylədiklərinin atasına xoş gəlmədiyini düşünən oğul sözlərini yarıda kəsdi. İnsan səsindən kəm qalan qısa zaman kəsiyində uzaqdan bayquş ulartısı gəlirdi…
– Bir də nə? – Atanın səsində amiranəlik yox, çarəsizlik vardı.
– Bir də dua edərkən gözlərimizi ya yummalıyıq, ya da baxışlarımızı yerə, ayaqlarımızın ucuna dikməliyik…
– Bunu da Rahabın adsız oğlu dedi?
– Hə…
Ata geri dönüb qətiyyətsiz addımlarla körpənin yatdığı yerə yaxınlaşdı. Əliylə körpənin yatağının yanındakı yeri hamarladı, ayaqlarını qatlayıb oturdu. Ana təpələrdən üzü bəri sürüşüb gələn qaranlığa baxıb əllərini üzünə çəkdi, ağlamsınan səslə dedi:
– Bu gün də gedib çıxammadıq. Qızın ta nəfəsi təngiyir… Sabaha sağ çıxsın deyə, ürəyimdə min dua eləmişəm…
Ata əlini uzadıb yuxuda kəsik-kəsik nəfəs alan qızının alnına qoydu, ovcuna köz basılmış kimi əlini geri çəkdi, udqundu. Ana onun bu qəfil hərəkətinin səbəbini anlamışdı, günortadan bəri uşaq qucağında közərən kösövə dönmüşdü, amma ona elə gəlmişdi ki, ürəyinin başıdı yanan… Əllərini qoşalaşdırıb üzünü göyə tutdu:
– Ay bir olan! Ay tək olan! Bu günahsız körpəni qoyma ölsün… O ki heç bir günah etməyib… O, hələ barmağını bir Adəm oğluna tuşlayıb “günahkardı” deməyib. Hələ heç kimin bağındakı almadan bir dişlək almayıb. Ay hər şeyi var edən, onu da sən var etmisən… Ən böyük günahı anasının döşünü dişsiz damağıyla sıxan birinə ölüm haqdımı? O ki… O… O, hələ bir nahaq söz danışmayıb… Günahsızdı… Məsumdu… Şeytanın adını da eşitməyib… O…
Ananın hönkürtüsünü atanın əsəbi sözləri üstələdi:
– Sus, Həvvanın varisi! Sus! Elə danışırsan ki… Məgər Yaradan yaratdığını tanımır?!
Körpənin ağlaması uzaqdan eşidilən bayquş səsinə qarışdı. Oğul yüyürək gəldi, əlindəki koğanı yemişanın haça budaqlarına söykəyib dizi üstə əyildi, körpənin qarnını sığallaya-sığallaya astadan zümzümə etməyə başladı:
– Bizi Nuha aparacaq
Getdiyimiz cığırlar…
Bu gecə ay doğacaq,
Şənlik qurubdu bayquşlar…
Körpə heysiz-heysiz zarıldayıb çapaqlı kirpiklərini təzədən bir-birinə qovuşdurdu. Ana boynunu yana əyib heyran-heyran oğluna baxırdı. Oğul zümzüməsini kəsib yerini rahatladı, əlini yaxınlıqdakı nahamar daşa tərəf uzatdı. Kərtənkələ balası cəld sıçrayıb qurumuş tikan yarpağının üstünə düşdü. Oğul daşı götürüb əbasının ətəyinə qoydu, barmaqlarını mamır ləkələrində gəzdirdi.
– Oxuduğun mahnını da Rahabın adsız oğlu öyrədib? – Atanın səsində hələ əsəb vardı. Amma bu dəfə o daha astadan danışırdı.
– Yox…
– Hardan öyrənmisən?
Oğul baxışlarını daşa dikib susmuşdu. Atasının bu sualına cavab vermək istəmirdi. Bilirdi ki, özündən söz uydurmaq, mahnı qoşmaq şeytana itaətdir… Bilirdi, amma ruhundan pərvazlanan sözlərin, qulaqlarında səslənən incə ahənglərin qarşısındakı acizliyini də dərk edirdi. İndiyədək ruhundakı təlatümləri dilinə əmanət edəndə hamıdan gizlənirdi, təkcə Rahabın adsız oğlunun yanında ürəklə oxuyurdu. Onu da bilirdi ki, gec-tez onun bu sirli dostluğuna etiraz edənlər çoxalacaq, ən əsas da atası bu dostluğun bitməsini əmr edəcək…
Məbədin həyətində hamıyla deyib-gülən, bütün kişilərin sədəqə uzadan əllərindən yapışıb ovuclarının içindən öpən Rahab oğul doğanda kimsə uşağın atasının adını soruşmamışdı. Ata adı bəlli olmayan uşağı necə çağıracaqlarını bilmədiklərinə görə də hamı ona “Rahabın adsız oğlu” deyirdi. Daim uzağa dikilən baxışlarından qətiyyət tökülən, bütün yaşlı, yaxud cavan məclislərinin dəvətsiz iştirakçısı olan oğlan özü də bilirdi ki, o, anadan olandan bəri məbədin divarları, bəlkə, milyon dəfə pıçıltıyla səslənən “Uşağın atası kimdir?” sualını eşidib… O, bu sualı onu “Rahabın adsız oğlu” deyə çağıran bütün kişilərin günahkar baxışlarından da oxuyurdu. Bir dəfə də olsun anasına üz tutub: “Atam kimdir?” deyə soruşmamasının səbəbi də bu idi… Hamının yazığı gələn, ürəyi yanan, bəzən də varlığı yoxluq kimi dəyərləndirilən, Nuhun kitabında adı olmayan yeganə insan olmaq onun özünə də xoş gəlirdi. Ən çox da var olduğu yerdə yox sayılmaq onun ürəyincəydi; beləcə, hamının ən dərin hisslərinin şahidi olurdu. Bəzən özünü sol çiyindəki mələyin yerdə olan gözü-qulağı kimi də hiss edirdi; şəhər əhalisinin ən müqəddəs adam saydığı Nuhun belə, günah işlədiyini təkcə o bilirdi. Özündən söz qoşan yeniyetmənin dodaqlarının səssiz pıçıltılarını da ilk dəfə o eşitmişdi. Hər dəfə söz qoşan yeniyetmədən bir ahəngdar söz eşidəndə ürəyindəki sirr qapılarının öz-özünə açıldığını, heç kimə deməməyə ürəyində and içdiklərinin bircə-bircə dilindən tökülüb onun qulağına doğru axdığını da görmüşdü… Bunu görəndən sonra da Rahabın adsız oğlu get-gedə daha susqun, daha qaraqabaq olurdu. Və bir gün anladı ki, daha dostunun qulağına tərəf axası bircə damla sirr qalmayıb ürəyində… Ailənin Nuhun gəmisinə çatmaq üçün tələsik evdən çıxdığı gün idi o gün…
…Oğul atasının əsəbi sualının qarşısında özünü yeni bir selin ağzında hiss edirdi. Bu dəfəki sel Rahabın oğlunun söylədiyi sirr seli deyildi, heç ona bənzəmirdi də… Həmin seli o, günlərlə, aylarla ruhundan süzdürmüşdü, tapdığı qənimətləri səsə çevirib söz düzəltmişdi, üzünü kainata tutub o səsi hər bir daşa, hər bir torpaq dənəsinə, gecələr ulduzlara, gündüzlər günəş şüalarına əmanət etmişdi. Atasının: “Hardan öyrənmisən?” sualı isə onu susmağa məcbur edən, dodaqlarını bir-birinə kipləşdirən, dişlərini sıxan, boğazına qəhər yığan, yumruqlarını düyünləyən qəzəb seliydi; hələ ki onu daşmağa qoymayan oğulun ataya olan ehtiramından hörülən bənd idi… Atasının ona zillənən baxışlarının yönünü dəyişdirməsi üçün oğul ürəyində bir dua da oxudu; işə bax, duası da ahəngdar idi… Elə bil ki, kimsə uzaqdan həzin bir səslə onun duyğularına layla çalırdı, duyğuları da söz-söz bəzənir, üzü kainata doğru rəqsə başlayırdı. Anbaan içindəki qəzəb selinin səngidiyini, əksinə, düşüncələrinin qayaların bağrından sızan dumduru bulaq suyuna döndüyünü hiss edirdi. Qeyri-ixtiyari dilindən çıxan haray boz təpələrin qaranlığın ehtiraslı qucağında əriyən kölgələrinin başı üstündə burulğana döndü:
– Nəyi qoyub, nəyi aparmağa çalışırsan, ey Nuh?!
Ata nigaran-nigaran yatan körpəyə baxdı, bu dəfə qızcığaz diksinib oyanmadı, deyəsən, axşamın özüylə gətirdiyi qarışıq səslər içində qardaşının harayı ona yad gəlməmişdi. Ata qızının oyanmadığını görüb yenidən baxışlarını oğluna tərəf çevirdi; bu dəfə onun gözlərindən ittiham və əsəb yox, qayğı və nigarançılıq boylanırdı. Heç unutmurdu, qırx il əvvəl Nuh onun qapısına gəlib gəmini düzəltməyə kömək etməsini xahiş edəndə şaqqanaq çəkib gülmüşdü. Günbəgün onun gülüşünün əks-sədası bütün əyalətdə eşidilmişdi; hamı əlini qarnının üstünə qoyub uğunmuşdu. Əyalətin bir şərqində – Yanardağda, bir də qərbində –Keşikçidağda yükünü yerə qoyan karvanların sahibləri də gündoğandan-günbatana bu şaqqanağı daşımışdılar, beləcə, getdikcə artan isti havaların sinəsinə dağ çəkdiyi torpaqların başının üstündəki qaynar burulğanların vıyıltısında “Nuhun başına hava gəlib” sədası da duyulmağa başlamışdı. İndi oğlunun üzünü boşluğa tutub Nuhdan söz soruşması onun həmin səsin qırx ildə həyatlarının hər anına necə hopmasını yadına saldı. Hə… O səs həyatlarına hopmuşdu; əvvəlcə kinayə doluydu, sonra təəccüblə süslənmişdi, hansısa zaman kəsiyində qətiyyət heykəlinə dönmüşdü… Son bir neçə ildəsə “Nuhun başına hava gəlib” cümləsinin yaraşığından şübhə naxışları asılmışdı, aradabir yağışdan sonrakı göy qurşağı kimi sonunda sual işarəsi də gözə dəyirdi… Ta ki həmin günədək…
Həmin gün Nuh yükünü tutub əyalətdən ayrılmışdı… Dildən-dilə, ağızdan-ağıza dolaşmışdı ki, Nuhun gəmisi hazırdı, bu gün-sabah yola düşəcək…Və günahların olmadığı, göz yaşlarının axmadığı, xəstəliklərin insan canı tanımadığı bir diyara gedəcək. Evdən-evə, eldən-elə yayılan sözlər bir-birinin başına tumar çəkə-çəkə əfsanəyə dönmüşdü, bu əfsanədə Adəmin ilk günahının məkanı olan Cənnət bağı da yada düşmüşdü. Dişsiz Naominin dul gəlini Rəhiləyə ünvanladığı:
– Yəni Nuh Cənnət bağına gedib çıxacaq, eləmi? – sualının cavabı da Nuhun getdiyi səmtdə itmişdi…
Həmin gün ilk dəfə məbədin həyətində oturan dilənçilər, şikəstlər və sədəqə yığanların pullarını oğurlayan kasıb uşaqları kahinlərin içəridən gələn qışqırıqlarını eşitmişdi. Kahinlərdən kimisi Nuhu “Tanrının dostu” adlandırır, kimisi onu “bəşərin əşrəfi” kimi tərifləməyə çalışır, bir başqası da:
– Nuhun başına hava gəlib. – deyirdi. – Sonra da qətiyyətsiz şəkildə əlavə edirdi: elə deyirlər…
Təkcə baş kahin Uzziya əllərini çənəsində qoşalayıb susmuşdu. Onu düşündürən Cənnət bağı ilə bağlı əfsanənin yenidən insanların ürəyində ümid cücərtməsiydi. Öz-özünə düşünürdü: “Deməli, Nuh qırx ildən çoxdur ki, Cənnət bağının harda olduğunu bilirmiş. Adəmin bir dişlək meyvəyə satdığı günahsızlığın min bir rəngindən, ən azı birini görübmüş. Bəs niyə bir dəfə məbədə gəlib bunu mənə söyləmədi? Məgər baş kahinin hamının ürəyindən keçəni bilməyə haqqı yox idi?! Var idi axı…”
Bu şəhərdə yediyi buğda dənəsini mədəsində həzm edib sonra balasının dimdiyinə qusan quşun da günahından xəbərdar idi Uzziya; bilirdi ki, quş buğdanı kimin anbarından oğurlayıb. Və indi birdən-birə, Nuh yükünü çəkib Boz dağı aşandan sonra özünü o qədər nakamil hiss edirdi ki… “Bəlkə, heç vaxt kamil olmamışam? Axı Həvva varisinin vücudunun işığında mənim də gözlərim qamaşıb…” – bunu düşünəndə Uzziya qeyri-ixtiyari barmaqlarını bir-birinə sürtdü; xəyalında barmaqlarıyla baş kahinə Şamxatın sinəsini oxşayırdı…
Həmin gün Rahabın adsız oğlu da ilk dəfə bildiyinin doğruluğundan əmin olub-olmadığını anışdırammırdı. Gəminin düzəldildiyi qırx ilin hansı kəsiyindəsə heç kimin dinləmədiyi, hamının “havalı” deyə kinayəylə arxasınca ağız büzdüyü Nuh adam dərdindən üzünü anası Rahaba tutmuşdu:
– İkinci aşırıma çatmamış gencə bir yer var, gəmini orda düzəldirəm. Dörd yanı laləlik, qapaz dəymiş kimi həmişə başı yastı olan dağı buludlara nazlanan, yayın cırhacırında belə qoşa-qoşa qar yağan o gencə yerin torpağı da qızıldır elə bil. Əlimi nəyə atıram, boldur. Ordan yola çıxacağam, amma yolum elə də uzun olmayacaq. Elə o aşırımın o üzünə qədər qırx il yol gedəcəyəm. Hə, hə… Gülmə, Rahab, gülmə… Karvanların, sürülərin beş günə getdiyi yolu mən gəmimlə qırx ilə gedəcəyəm. Gəmimin oturduğu yerə Gəmiqaya, ayağım dəyən yerə Nuhçıxan deyəcəyəm. Qoy şöhrətim sonuncu bəşərin Şeola qədəm qoyduğu günədək yaşasın.
Anasının çirkli tumanının ətəyinə üzünü sürtən balacanın eşitdiyi bu sözlər onun yaddaşında dizlərini qucaqlayıb dərd çəkən dula dönmüşdü, bir də illər sonra, Nuhun əyalətdən ayrıldığı gün başını qaldırıb üzünə dik baxmağa Adəm oğlu axtarmışdı; bu axtarış zamanın sonsuzluğunda “həqiqət axtarışı” anlamının ayaq qoyduğu ilk cığırın başıydı… Söz qoşan yeniyetmənin qulağına axan sonuncu sirr də bu idi həmin gün…
…Və yeniyetmə atasına “Boz dağı aşsaq, Nuhun gəmisinə yetişərik” – deyəndə atasının bunu hardan bildiyini soruşmamasına da ürəyində şükür edirdi. Ata nigaran baxışlarını oğlundan döndərib bir də yatan qızına baxdı, ürəyindəki ümidin qaranlığa təslim olan ala-toranlıq kimi anbaan öləzidiyini hiss etdikcə bala dərdinin altında gücsüzləşdiyini, çiyinlərinin büküldüyünü hiss edirdi. Görəsən, o, bu yolçuluğa bala dağı görməmək üçün çıxmışdı, yoxsa ölümünə bir az daha gecikmək üçün? Bilmirdi… Həmin gün evindən-eşiyindən niyə ayrıldığını, Nuhun gəmisinə çatmaq üçün niyə bu qədər tələsdiyini bu an kim soruşsa, cavab tapammazdı.
– Görəsən, doğrudan, Nuhun getdiyi yerdə heç vaxt ölüm olmayacaq?- bu dəfə axşamın özünəməxsus rəngli səslərinin ahənginə ananın qayğı dolu pıçıltısı qarışdı.
– Nuhun getdiyi yerdə daha heç kim bir-birini öldürməyəcək, müharibələr olmayacaq, Yaradanın buyurduğu kimi, qonşu qonşunu özündən çox istəyəcək, qonşu qonşunun, nəinki bir qarış torpağına, bir tikə çörəyinə də göz dikməyəcək. Qonşu qonşuya, dost dosta kələk gəlməyəcək. Orda…
– Nuhun özü də Adəm oğludu. Gəminin yükünü də burdan götürüb, – atanın inamsız-inamsız dillənməsi dil-boğaza qoymayıb danışan oğulun sözlərini yarıda kəsdi.
Yenidən ortalığa sükut çökdü, ana başını qaldırıb göyün üzünə baxdı:
– Manşır üçün bircə ulduz da çıxmayıb. Bircə ay var, o da çəpəki baxır bizə…
Oğul başını aşağı salıb mızıldandı.
– Nə? – ata səsini ucaltdı.
– Onları da Rahabın adsız oğlu demişdi… Oğul diliylə dodaqlarını yalayıb dərindən bir nəfəs aldı. Xəfif gecə küləyi hardansa uzaqlardan nəmişlik qoxusu gətirirdi özüylə.
Ata ürəyindəki ümidsizliyin, ruhunu çulğalayan can xofunun günahkarını tapmış kimi Rahaba da, onun adsız oğluna da söymək üçün ağzını geniş açmışdı ki, qəfildən körpə qızcığaz diksinib ayıldı və halsız-halsız ağlamağa başladı. Amma nə ana, nə ata, nə də ataya olan ehtiramıyla qoşduğu sözlərin həzzi arasında özünü axtaran yeniyetmə qardaş dönüb körpəyə baxdı. Üçü də gecənin bağrını dələn gur işığın gəldiyi yerə – Boz dağın başı üstündə çaxan ildırıma baxırdı. Bu ildırım bir azdan başlayacaq selləmə yağışın xəbərçisiydi… Onlar Nuhun gəmisinə gecikmişdilər…
2020