(Abbasqulu bəyin qızına)

Sənin səbrin
mənim səbirsizliyimdən
daha böyükmüş,
Səbr edənləri
özünə dost tutan,
Bir adı da Səbr olan Allahın
səbrindən də, –
Tanrının yer üzündəki mələyi.

Sənin o məsum
göz yaşlarında
Mənim günah dolu
hikkələrim yaşayır.
Gəl öpüm
o pak alnından,
Gəl öpüm
sellərin, suların
yatağı olan
o ürkək gözlərindən,
Amma ayrılıq olmasın.
Gözlərdən öpmək
ayrılıq gətirərmiş ya, –
Olmasın ayrılıq,
Tanrının yer üzündəki mələyi.

Mən, bu günə kimi
nə anama şeir yazdım,
nə sənə…
Anamın qüdrətini
vəsf etməyə
söz tapmadım,
sənin səbrini…
İllərdi ziyarət də bilmirəm
anamın qəbrini…
Bir dillənsənə,
bir söz desənə…
Lap qəlbimə dəy,
lap məni acıla…
Nə qədər ki, gec deyil,
Nə qədər ki, fürsət var,
Gəl səbrini ziyarət edim sənin,
Bəlkə… bəlkə onda
o böyük,
o müqəddəs ziyarətin –
Ana məzarını ziyarıtin də
yolu açıla.
Tanrının yer üzündəki mələyi.

Qaldır yerə dəyən
kipriklərini,
Qaldır göyə bülənd elə
İllər boyu
ürəyində dustaq etdiyin
üsyan əvəzi,
hayqırtı əvəzi.
Sonra da
ağca-ağca tellərini
buludlara bənd elə, –
Nərdivana döndər
Göylə Yerin arasında.
Qoy göy üzünün mələkləri
bu nərdivanla enib
Əsl mələk necə olurmuş
bir görsünlər, –
Tanrının yer üzündəki mələyi.
Aç, aç qəlbinin
pəncərəsini,
Oxşasın üzümü
əfv fərmanının
küləyi…