(20 yaşın sevdası)

“Gəl gör mənə eşq neylədi» deyən ustad Yunis İmrəyə

Bu sevda dəli sevdadı,
Tükənməz macərası var.
Nə bu dərdə əlac edən,
Nə bu dərdin çarası var.

Oldu ömrün yazı talan,
Yazıq satan, yazıq alan.
Nə ondan bir razı qalan,
Nə ondan bir narazı var.

Yön çevirib dağa-daşa,
Bulaq oldu gözüm – daşan.
Nə gözümdə ağdan nişan,
Nə gözümün qarası var.

Eşq qonaqmış, sinəm otaq,
Qonaq çəkdi sinəmə dağ.
Ustad, bir dön sinəmə bax,
Gör, salamat harası var?!