Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

AĞLAMA, A KÖRPƏ, AĞLAMA BELƏ.

Ağlama , a körpə ağlama belə,
Sən hələ nə görüb, nə götürmüsən.
Ömrün günlərini bir-bir ələyib,
Hələ ildən-ilə ötürməmisən.

Hələ keçməmisən dərd körpüsündən,
Hələ arzuların aşıb-daşmayıb.
Ömrün hər zilləti, hər bir zülməti,
Qəlbində, könlündə heç dolaşmayıb.

Haqlı ola-ola üstünə bəzən,
Haqsız əllərindən daş atılmayıb,
Cəlladlar əlinə keçməyib ömrün,
Yaşının üstündən yaş atılmayıb.

O zaman sən belə yanıqlı ağla,
Oysun ürəyini sözün xəncəri,
Yarda etibarı, dostda inamı,
Görməyib sən neçə illərdən bəri.

Ardınca qaçdığın ümidlərinin,
Dizi qırılmayıb, könlü sınmayıb,
Kiminsə eşqindən qəlbin od turub,
Sevda yollarında alovlanmayıb.

Yazmayıb bəxtini qara kürsülər,
Gözlərin tanımır bu kor dünyanı,
Hələ görməmisən ürək ağrıdan,
Üstünə atılan şəri-böhtanı.

Hələ ürəyinə eşqin harayı,
Saçına sevdaının dəni düşməyib.
Ağlayıb qəlbimi üzmə havayı,
Bəxtin ki, əllərdən-ələ düşməyib.

Hələ görməmisən könül dağını,
Qəlbin çəkilməyib min yerdən şişə.
Saxla, gələcəyə ağlamağını,
Ömrünü vaxt biçib, zaman dəyişər.

Saxta söz, saxta üz durub qarşında,
Açılan könlünü qıfıllamayıb.
Oyub ürəyini düz yalanıyla,
Səni öz mənindən oğurlamayıb.

Hələ düşməmisən çətinə, dara,
Gözlərin dərd çəkib, yol aramayıb,
Gəzib tellərində fələk əlləri,
Saçını qəm yuyub, dərd daramayıb.

Yurdunu dağıdıb, köçürməyiblər,
Qaçqın olmamamısan hələ vətəndə.
Nə şəhid oğlun var, nə şəhid elin,
Hələ nə görmüsən, a yazıq bəndə.

Ağlama sən Allah, bu göz yaşını,
Heyfdir tökmə gəl torpaq üstünə.
Sən ağla Vətəni, sən ağla məni,
Dünya ikimizin durub qəsdinə!!!

2014 cu il.