Azərbaycan Yazıçılar Birliyinin üzvü
(Qulaməli babamın əziz xatirəsinə ithaf edirəm.)
Dünyaya gəlirik, günlər, aylar, illər keçir, yavaş-yavaş böyüyürük, yaşa doluruq. Oğul, qız oluruq, bacı, qardaş oluruq. Vaxt ötür, müxtəlif adamlardan bizə müraciət forması dəyişir. Sonralar baba oluruq, nənə oluruq, ağsaqqal, ağbirçək oluruq.
Nəvəm İlham kiçik qızımdan – xalasından soruşub ki, mənim iki babam var, bəs sənin baban yoxdur? Xalası İlhama nə deyib, nə deməyib, onu necə başa salıb, bilmirəm, amma həmin söhbətdən sonra babam haqqında bir yazı yazmağı özümə borc bildim.
Babamgil Kürdəmirin Mollakənd kəndinin yuxararı başında, biz isə aşağı başında yaşayırdıq. Kəndin şərti olaraq iki əraziyə bölünməsi Kür çayının axın istiqaməti ilə əlaqədardır. Tez-tez ya biz babamgilə gedərdik, ya babam bizə gələrdi. Orta boylu, qırmızı yanaqlı, bir az da kök bir kişiydi. Çox söhbətcil idi, xüsusi zövqlə danışar, necə deyərlər, müsahibinə fikrini çatdırmaq üçün sözə bəzək-düzək vurar, mübaliğələrdən bacarıqla istifadə edərdi.
Babam qonaqpərvər insan idi. Dəfələrlə evlərində, süfrə başında müxtəlif insanları görmüşdüm. Onlar olanlardan-keçənlərdən elə şirin, elə səmimi söhbət edərdilər ki, bu gün mən həmin günləri həsrətlə xatırlayıram.
Babam köhnə kişilərdən idi. Az da olsa, onun söhbətlərindən Sovet hakimiyyəti qurulmasından, kolxozların təşkilindən, komsomolçuların fəaliyyətindən eşitmişdim. Cavan yaşlarında selpoda (kənd istehlak cəmiyyətində), pamblq qəbulu məntəqəsində müxtəlif məsul vəzifələrdə işləmiş, sonradan kolxozda pambıqçılıq briqadiri olmuş, bir müddət siravi kolxozçu kimi çalışmışdır.Briqadir olduğu dövrdə işçilərə qarşı çox tələbkar olduğundan tənbəllərin, işinə soyuq yanaşanların ondan xoşu gəlməzmiş. Belələri hər yerdə babamı tələbkar kimi yox, qəddar, zalım kimi qələmə vermiş, hətta ona məzəli şeir də qoşmuşdular.
Əslində babam çoxlarında olmayan, bəzilərinin isə qibtə etdyi incə yumor hissinə, geniş qəlbə malik bir insan olmuşdur. İşçilərə başa salmaq üçün incə yumordan istifadə etməsi isə, yəqin ki, onun xeyrinə işləməmişdir.
Zaman daim irəliləyir, hər anın, öz hökmü var. Biz çox zaman ətrafımızdakıları dəyərləndirə bilmirik. Onların yoxluğunu anlayanda isə artıq çox gec olur…
Babam təbiəti, gülü, çiçəyi çox sevirdi. Bir dəfə bizə gələndə əkdiyim gülləri görüb çox maraqla baxdı və onun üçün də həyətlərində güllər əkməyi xahiş etdi. Bir neçə gün sonra onların aynabəndlərinin qarşısında gül-çiçək əkdim. Bir müddət sonra onlara gedəndə körpə güllərə baxan babamın necə sevindiyinin şahidi oldum. O zaman mən üçüncü sinifdə oxuyurdum. Babama bir şeir yazmışdım:
Mənim babam hər səhər
Bağçamızda gəzərdi.
Əkdiyi gül-çiçəkdən
Dərib mənə verərdi.
Mən də alıb gülləri
Dəstə-dəstə bağlardım,
Babamdan bu gülləri
Xatirətək saxlardım.
Şeiri ”Azərbaycan pioneri” qəzetinə göndərdim. Bir müddət sonra cavab gəldi ki, görünür, baban səni çox sevmir. Sevsəydi, sənə gül-çiçək verməzdi, axı gül-çiçək tez solur.
Bir dəfə babam kolxoz idarəsindən çıxarkən Molla Tağı babagilin evinin yanında cavan bir gəlinə rast gəlir. Salamlaşdıqdan sonra, babam, ay qızım nə gəzirsən? – deyə soruşanda gəlin cavab verir ki, inəkləri doğub, amma onu sağmağa qoymur. Molla Tağı babaya qələm çaldırmağa gəlmişəm ki, inək məni vurmasın, onu sağa bilim. O da evdə yoxdur, rayona gedib.
Babamın gəlinə yazığı gəlir və ona kömək etmək istəyir:
-Ay bala, molla evdə yoxdur, mən yazaram.
-Sən yaza bilirsən, əmi?
- Əlbəttə, bu saat. O həmişə əlində gəzdirdiyi dəftərdən bir vərəq kəsib onu iki yerə bölür, əyri-üyrü xətlə nəsə yazıb üçkünc qatlayır, verir gəlinə:
-Gedirsən evə, bunu yaşıl parçaya büküb tikirsən donunun yaxasına. İnəyi sağmağa gedəndə həmin donu geyinirsən.
Gəlin elə də edir və həmin gündən başlayaraq inəyi rahatca sağır.
Babam təqaüdə çıxmışdı, heç bir yerdə işləmirdi. Bir gün eşidir ki, Kür çayından su gətirmək üçün kəndin kənarından su arxı çəkilir.Maraq üçün gedir, görür ki, bir nəfər orta yaşlı kişi həvəslə işləyir, ekskavatorla yer qazır, arx çəkir. Babam onun işinə tamaşa edir, bir azdan kişi traktordan düşür, gəlib salam verir. Bir az söhbət edirlər. Babam öyrənir ki, bu kişi Ucar rayonunun Bağman Bərgüşad kəndindəndir. Bağman Bərgüşad mənim atamın doğma kəndidir. Atam Xəlil İbrahimov ali məktəbi bitirəndən sonra təyinatla babamgilin kəndinədil-ədəbiyyat müəllimi işləməyə gəlib. Babam traktorçudan qudasını – mənim Mədinə nənəmi, tanıyıb-tanımadığını soruşur.
-Əlbəttə tanıyıram, bəs sən onu haradan tanıyırsan? –traktorçu babamın üzünə baxır.
-O, mənim əsgər yoldaşım olub.
-Əsgər yoldaşın? Heç onun əsgər olduğunu eşitməmişəm.
-Bu hərbi sirdir, ona görə deməyib, – babam ciddi görkəm alıb.
Bir müddətdən sonra traktorçu öz həmkəndlilərinə nənəmin keçmiş hərbçi olduğunu təsdiqləmək üçün and içməsi haqqında xəbər yayılmışdı.
Babam ali təhsil diplomu olan, müəyyən vəzifədə işləyən, amma bacarıqsız, səriştəsiz, özündən razı insanları yerində otuzdurmaq istəyəndə qəribə üsullardan istifadə edirdi. Bir dəfə babam pambıq tarlasının sahəsini hesablamağı bacarmayan, cavan, ədəbaz aqronomdan soruşur:
-Sənin, tarix müəllimin kim olub?
-Tarix müəllimimin kim olmağının hesaba nə dəxli? –aqronom suala sualla cavab verir.
-Dəxli olmasaydı, soruşardım ki, hesab müəllimin kim olub?
Yazıq aqronom gözlərini döyərək daha heç nə deməyib.
Bir gün hərbi xidmətdə olan həmkəndlilərimizdən bir nəfərinin atası vəfat edir. Bununla əlaqədar həmin əsgəri məzuniyyətə buraxırlar. Rəhmətə getmiş atasının heç yeddisi də çıxmamasına baxmayaraq nəinki atasının qəbrini ziyarətə gedir, əksinə tay-tuşlarını, dostlarını yığaraq yeyib-içir. Təbii ki, bu hadisə kənddə yaxşı qarşılanmır. Bir neçə gün sonra babam təsadüfən bu cavan oğlanla qarşılaşır, ciddi, bir az da kədərli görkəm alaraq deyir:
-Ay bala, Allah rəhmət eləsin, bilirəm, ağır dərddir. Sən də dədəni çox istəyirdin. Amma düz eləmirsən, o nədir, deyirlər, gedib dədənin qəbrinin üstündə saatlarla ağlayırsan. Belə etmə, kişinin ruhu səndən inciyər.
Oğlan eyhamı başa düşür, rəngi qaralır, amma heç nə deyə bilmir, səhvini anlayır.
Kənddə babamın tay-tuşlarından biri at alıbmış. Harada söhbət düşsə, yeri gədi-gəlmədi atını tərifləyir, lovğalanırdı. Bir gün həmin kişinin oğlanları çöldən ot daşıyırlarmış, babam da pambıq sahəsindən qayıdırmış. Rastlaşırlar və babam görür ki, uşaqlar nə qədər etsələr də at arabanı çəkmək istəmir, gah sağa, gah sola qaçmaq istəyir.
-Ay bala, bu eşşək niyə belə edir? – babam soruşur.
Uşaqlardan nisbətən böyüyü bir az hirslə:
-Əmi, bu eşşək deyil, atdır.
Babam:
-Mən eşşəklə atı ayırd edə bilmirəm? At olsaydı, düz gedərdi, sağa-sola qaçmazdı.
Bir dəfə babam bizə qonaq gəlir. Yay vaxtı olduğundan nahar vaxtı anam babama və bizim hər birimizə bir boşqab qatıq verir. Yeməyi yeyib qurtarmağa az qalmış qonşu həyətdə oynayan qardaşlarımdan biri içəri daxil olur. Anam qazanın dibində qalmış qatığı qardaşıma vermək istəyəndə, babam deyir:
-Daşqın əvvəllər qatıq yemirdi, indi də yemir?
Qardaşım babamın sualına nədənsə, yox baba, yemirəm. – deyərək cavab verir. Maraqlıdır ki, Daşqın bu hadisədən sonra bir neçə il qatıq yemədi.
Babam yaşlı vaxtlarında bir müddət sıravi kolxozçu kimi çalışmışdır. Yadımdadır, pambıq kollarının məhsul verməsi ərəfəsində güllərini yeyən, onun bar gətirməsinə imkan verməyən həşəratları (sovka qurdlarını) məhv eləmək üçün zəhərli kimyəvi maddələrdən istifadə edirdilər. Xüsusi yük təyyarələrinin köməyi ilə bu zəhərli maddələr pambıq kollarının üzərinə çilənir və ziyanvericilər məhv edilirdilər. Lakin bu parazitləri bəzi hallarda tamamilə məhv etmək mümkün olmur, təsərrüfatlar ziyan çəkirdi. Zəhərli maddələr istifadə edildikdən sonra boş çəlləklər kolxozçular tərəfindən yuyulur, sonra nə qədər riskli olsa da, kənd yerlərində təsərrüfat işlərində istifadə edilirdi. Babam bu çəlləklərdən bir neçəsini iş yerinə yaxın olduğu üşün bizim həyətə gətirmişdi ki, sonradn öz həyətlərinə aparsın. Çəlləklər səliqə ilə tövləyə yığılmışdı. Tövlənin qapısı açıq olduğundan hinduşkalr ora girmiş, 6-7ətli-canlı quş zəhərlənərək ölmüşdü. Babam bunu eşidəndə özünəməxsus şəkildə gülərək, ay bala, yəqin ki, hinduşkalarınız xəstələnib ölüblər, bu zəhərin güçü heç balaca sovka qurdlarına çatmır, demişdi.
Babamgilin yaxın qonşularından biri oğlunu evləndirir. Toydan bir müddət keçir, təzə gəlin özünü işgüzar, hər işi, evdarlığı bacaran, qadın kimi göstərməyə çalışır. Babamgilin qonşuları zəhmətkeş, fağır insanlar olduqlarından təzə gəlinin yavaş-yavaş həyətdə səsi yüksəlir, toyuğa-cücəyə, qoyuna-quzuya qışqırmağa başlayır. Bir gün babam qonşularının həyətinə keçir. İpəkqurdlarının bəslənmə vaxtı imiş. Qonşunun oğlu ilə gəlini ipək qurdlarına tut yarpaqları verirlərmiş. Babam görür ki, təzə gəlin özünü elə aparır ki, guya otuz ilin kümçüsüdür. Yaxınlaşıb deyir:
-İşiniz avand olsun, yaxşı yemləyirsiniz, amma deyəsən su verməyi unutmusunuz.
Gəlin gözlərini döyərək:
-Suyu ona necə verək?
-Sən suyu gətir, mən başa salacam.
Qonşunun oğlu nəsə demək istəyəndə babam onu baxışları ilə başa salır ki, sən danışma.
Gəlin su gətirəndə babam ona üzünü tutub:
-Qızım, görürəm, zirəksən, diribaşsan, amma heç zaman özünü hər bir işi bacaran kimi göstərmə. Heç kim hər bir işi bacara bilməz. Yadında saxla, ipəkqurdlarına su verilməz.
Gəlin bir az utansa da babamın sözündən incimir, bundan sonra bir daha həyətdə -bacada səsini ucaltmır.
Babam imkan daxilində yeməyə-içməyə pul xərcləməkdə xəsislik etməzdi. O vaxtlar Kürün bərəkətli-ruzili vaxtlarıydı. Kürdən bol-bol şirbit, şahmayı, xəşəm, çəki balıqları tutulardı. Hələ nərəni, ağbalığı demirəm… Hamının evində tez-tez balıqdan hazırlanmış müxtəlf xörəklər bişirilərdi. Babam balıq çığırtmasını çox sevirdi. Bir gün onlara getmişdim. Nahar vaxtı nənəm süfrəyə balıq çığırtması gətirdi. Babam “Bismillah, hə, başlayaq yeməyə”, dedi. Insafən balıq çığrtması çox dadlı idi. İştahla yeyirdik. Amma balıqda nəsə qəribə tam hiss olunurdu. Xörəyimizi yeyib qurtaranda babam üzünü mənə tutub:
-Ay bala, sənin anan (babamın qızı) təzə balığı köhəldib ondan belə ləzzətli yemək bişirə bilər?
Cavab verə bilmədim. Gözüm Zibeydə nənəmə sataşdı. Nənəm də gülümsünərək babama baxdı və dinmədi.
Onu da deyim ki, Zibeydə nənəm təhsil almasa da folkloru, ağız ədəbiyyatını, el məsəllərini yaxşı bilirdi. Məntiqli, dərin düşüncəli qadın idi. Böyük qardaşım Akif müəllim bir müddət kolxoz sədri işləmişdi. Kolxoz əsasən taxılçılıq və pambıqçılıqla məşğul idi. Pambığın becərilməsi və yığımı dövründə kolxozçular, o cümlədən təsərrüfat rəhbərləri çox əziyyət çəkirdilər. Bir dəfə nənəm bizə gələndə qardaşıma dedi:
-Bu pambıqda nə görmüsünüz, əkin boranı, qapız, yemiş… əziyyəti az, həm məhsulu, həm də faydası çox.
Doğru sözə nə deyəsən… Amma o dövr başqa zaman idi. Dövlət planı var idi.
Bir gün babam təbiətin əbədi qanunlarına uyğun olaraq dünyasını dəyişdi. Təbii ki, digər doğmaları və yaxınları kimi mən də çox kədərləndim. Bir müddət sonra Almaniya Demokratik Respublikasında hərbi xidmətini başa vuran qardaşım evə qayıtdı. Onun gətirdiyi hədiyyələrin içərisində gözəl bir əsa da var idi. Əsa babama qismət olmadı.
Avqust 2020-ci il