Müsahibimiz Türkiyənin məşhur aşığı, YUNESCO-nun “Canlı insan xəzinəsi” titulunu qazanmış Şərəf Taşlıovadır
Şərəf Taşlıova: “Dünyanın bugünkü düzənini ən iyi şəkildə idarə edə biləcək əxlaqi sistem aşıqlıq gələnəyinə bağlıdır”.
– Ustad, Sizi bu sənətə gətirən nə oldu?
– Aşıqlıq ənənələri, deyimlər, türkülər, Quran. Yaxşı yadımdadır, mən hələ uşaq idim, cocuk bayramına hazırlıq görülürdü. Bir gün okul¬da öyrətmənim bizdən soruşdu ki, cocuklar, türkü söyləyən varmı ara¬nızda. Mən də o zaman 9 yaşında bir cocuk idim və dedim ki, mən söy¬ləyə bilərəm. Və ilk dəfə onda çıxış etdim. Sonra öyrətmənim məni konservatoriyaya göndərmək istədi. Ancaq atam rəhmətə getdiyindən gedə bilmədim. Sonra Aşıq Şenniyin oğlu Aşıq Qasım məni düyündə gördü, səsimi bəyəndi və beləcə mən aşıqlığa başladım.
– Neçə yaşından bu sənətə bağlandınız?
– 10 yaşından.
– Ustadınız kim olub?
– Aşıq Şenniyin oğlu Aşıq Qasım.
– Təkcə Türkiyədə yox, dünyada tanınmış sənətkarsınız. Sizi hər yerdə tanıyır və sevirlər. Türkiyədə aşıq sənəti ilə bağlı sizin fikirləriniz və bu sənətdə özünüzün keçdiyiniz yol oxucularımız üçün də maraqlı olardı.
– Təşəkkür edirəm. Aşıq sənəti özündə şeir, saz, söz, dastan və s. bir¬ləşdirir. Türkiyədə özünəməxsus aşıqlıq ənənəsi vardır ki, dədə-babalarımızdan bizə miras qalıb. Burada zəngin bir ustad-çıraq ənənəsi olub. Aşıq olmaq üçün ustad yanında yetişmək gərəkir. Ustad görmə-yənin iyi bir aşıq olması mümkün deyil. Beləsi aşıqlıq edə bilər, amma çox tərəfi boş qalar. Mən bu nərdivanların hər birisini keçdim.
Bu gün aşıqlıq çox zəngindir. Borçalıdan mənim ustamın bir ar¬ka-daşı var idi – Aşıq Şenniyin son şəyirdlərindən biri Aşıq İbrahim. Onun söylədiyi əski havalar bu gün bizim aşıqların söylədiyi havalardır. Qarsda çox məşhur aşıqlar olub. Aşıq Gülüstan vardı – Murad Çobanolunun babası, Aşıq Musa vardı, Aşıq Mirzə, Aşıq İslam Ərdənər və daha bir çox aşıqlar vardı ki, bunların hər birindən faydalandım mən. Tür¬kiyədəki aşıqların hər biri ilə görüşdüm. 44 il Konya aşıqlar bay¬ra¬mına qatıldım. Konya aşıqlar bayramı Türkiyədə çox geniş yayılıb və çox da böyük faydası olur. 20 ildir Uluslararası İstanbul festivalında iştirak edirəm. Yəni, Türkiyədə keçirilən aşıqlarla bağlı həmən-həmən bütün festivallarda, yığnaqlarda, toplantılarda iştirak etmişəm. Yurd dışında da bir çox ölkələrdə olmuşam. İngiltərə, Danimarka, Qırğızıstan, Qazaxıstan, Pakistan və s. ölkələrdə olmuşam. Hətta Pakistanda Azərbaycan elçiliyində bir proqram da yapdım. Türkiyə televiziya kanallarında, özəlliklə də TRT-də uzun illər proqramlar yapdım. Yurd dışında da kanallarda çı-xış etdim. Bunları söyləməklə demək istəyirəm ki, hələ uşaqlıqdan özü-mü hər kəsə tanıtmaq istəyim, diləyim vardı. Mən uşaq vaxtında, 6 yaşımda yetim qaldım, babam rəhmətə getdi və heç kimim yoxdu. Amma Allah bunları mənə nəsib etdi. Bir çox şeirlər, məqalələr, das-tanlar, hekayələr yazdım. Kitablarım işıq üzü gördü. Kitablarımdan birini Dil Kurumu, birini Milli Eyitim Bakanlığı çap etdirdi, biri də çapa hazır vəziyyətdədir.
Aşıqlıq gələnəyi millətin əxlaqıdır, kültürüdür, ailə mutfağıdır. Yəni, bir evdə süfrəyə qoyulan gözəl, dadlı yeməklər sağlığa faydalı olur¬sa, aşıq gələnəyi də özəlliklə türk milləti, hətta dünya millətləri – mən bunu Londonda da, Amerika da söylədim, – üçün faydalıdır. Dünyanın bu günkü düzənini ən iyi şəkildə idarə edə biləcək əxlaqi sistem aşıqlıq gələnəyinə bağlıdır. Bizdə atalar sözləri, deyimlər, qarşılıqlı söyləmələr, dastanlar vardır ki, bütün dünya bir araya gəlsə, bunlardakı hikmətlərdən faydalansa dünyadakı bir çox problemlər daha asan çözülər.
Aşıq havası yerlə göyün arasında quşların səsidir, rüzgarın səsidir. Bunları ən iyi tərənnüm edən aşıqlardır. Aşıqlıq sənəti neçə illərdən bəri yol gəlmişdir. Bunun divanisi var, təcnisi var, gəraylısı var, müxəmməsi var. Bunlar əsrlərin sınağından çıxaraq bizə gəlib çatmışdır. Amma yeni yaranan mahnılarda, görürsən ki, biri nəsə çıxardır, ortaya qoyur, bir neçə gündən sonra isə yaddan çıxıb gedir.
– Türkiyədə aşıq sənətində ustad-şəyird ənənəsi hansı du¬rum-dadı, bu ənənə davam edirmi?
– Üzülərək söyləmək istəyirəm ki, bu, yox deyə biləcək dərəcədə azalmışdır. Bunun əsas səbəbi budur: Türkiyə 1960-cı ildən sonra bir köç durumunda idi. Qarsdan İzmirə, Ərzurumdan İstanbula, Ağrıdan Urfaya köçənlər oldu, yer dəyişimi ortaya çıxdı. Bu yer dəyişimi aşıq sənətinə təsirsiz qalmadı. O cümlədən də ustad-şəyird əlaqəsinin zəifləməsinə səbəb oldu. Axı, aşıqlıq sənətinə gəlmək istəyən yeniyetmə ustaddan bu sənətin bütün sirlərini, incəliklərini öyrənir. Sazı necə tutacağından başlayaraq, məclisdə ehtiramla necə sözə başlayacağını, hansı sözləri deyəcəyini, hər bir məclisin ruhuna uyğun olaraq hansı sözləri oxumaq, nələr anlatmaq lazım gəldiyini, dastanın necə söylə¬nilməsini mənimsəyir. Yəni ustad şəyirdini bir növ yoğurar və lazım olan şəklə salar. Ustadından eyitim almayan bir aşıq çox başarılı olmaz.
– Gənc nəsildə bu sənətinə meyil varmı?
– Gənclərdə meyil var. Ancaq bu gün dünyada bir kültür dəyi¬şik¬liyi də var.
– Türkiyədə aşıqlığın indiki durumu sizi qane edirmi?
– İnsan yediyi çörəyə, yaşadığı həyata xor baxa bilməz. Bu, mənim həyatım, çörəyim, yolumdur. Amma onu deməliyəm ki, bu gün aşıq sə¬nə¬ti əski aşıqlıq ənənələrinə o qədər də bağlı deyil, yəni əski ustaların öyrətdiyi şəkildə deyil. Bir növ modernizə edilmiş, sadə şəkildədir. Bu, əslində çox böyük bir təhlükədir. Mən bütün Türk dünyasını gəzdim gör-düm, Azərbaycandakı, eləcə də Borçalıdakı aşıqları da dinlədim. Mən bir şey də söyləyim bütün Türk dünyasına, aşıq dostlarımız bir məsləhət kimi qəbul etsinlər bunu, bizdən bizim kimi olmamızı gözləyirlər. Biz başqalarına bənzəməyə başlarsaq çox şey itirərik.
– Aşıq sənətinin bu günü ilə bağlı nə deyərdiniz?
– Azərbaycandakı aşıq ənənələri aşıqlığın çıxış nöqtələridir. Bu gün türk dünyası ölkələri arasında Azərbaycanda aşıqlıq daha yüksək səviyyədədir, ölkənin mədəniyyətinin inkişafında mühüm yer tutur. Xalqın dilinin saflığının qorunmasında aşıqların böyük rolu var. Bir məmləkətin dilini, onun səsini ən gözəl yaşadan aşıqlardır, aşıq havasıdır. Buna görə də aşıq sənətinin əski varlığının qorunub saxlanılmasına çalışmaq lazımdır. Doğrudur, dünya bir dönüş içərisindədir, dəyişiməyə məcburdur, amma çalışmaq lazımdır ki, bu sənətin qədim ənənələrinə xələl gəlməsin. Keçmiş ustadların da varlığına sadiq qalaraq davam etdirməklə bu sənətin daha faydalı olacağına inanıram.
– Sizi Azərbaycanda çox gözəl tanıyırlar, sevirlər. Oradakı aşıq-lardan hansılarla əlaqələriniz olub, kimlərlə görüşmüsünüz?
– Sağ olsunlar. Azərbaycan, Borçalı mənim ata yurdumdur. Mən hələ uşaq idim, kənddə radio var idi. Radionu açdıqları zaman hər kəs Azərbaycandakı aşıqları dinləməyi dördgözlə gözləyərdi. Mən Azər¬bay-can aşıqlarından çox şeylər öyrəndim. O zamanlar çox qapalı bir dönəm idi, aramızdakı sınırlar qapalıydı. 1992-ci ildə Konya Aşıqlar bayramına hazırlıq görülərkən bu bayramın təşkilatçısına dedim ki, böyük Konya aşıqlar bayramına Azərbaycandan da aşıq dəvət etmək lazımdır. O za-man Azərbaycan Aşıqlar Birliyinin sədri Hüseyn Arif və Aydın Çoban-oğlu (Allah hər ikisinə rəhmət eləsin) gəlmişdi. O dönəmdə sınırdan keçib bu tərəfə gəlmək üçün izin almaq lazım idi və sınırda mənim qohumum çalışırdı, onunla əlaqə saxladıq. Onların proqrama çatmaları gərəkirdi, amma axşama ancaq gələ bilmişdilər. Onlar gəldiyi zaman artıq aşıqlar bayramı başlamışdı və qapıdan içəri girdikləri zaman – mənim ən gözəl xatirələrimdən biridir bu, – hər kəs, oradakı insanların hamısı sanki don¬muş şəkildə qaldı onları görəndə. Sakitcə – biz onların yerlərini əv¬-vəl¬¬cə¬dən hazırlamışdıq, – gəlib bizim aramızda oturdular. İnanın ki, in-sanların gözlərindən damla-damla yaş axırdı sevincdən. Sonrakı illərdə Aşıq Mahmud və Aşıq Hacı gəldi. Sonradan Azərbaycan aşıqları Qarsa çox gəldilər. Rəhmətlik Mikayıl Azaflı da gəlmişdi, amma mən onunla gö¬rüşə bilmədim, o zaman İranda idim. Sonra mən Mikayıl Azaflının qı¬zı və digər aşıqlarla görüşdüm. Burdan Azərbaycanın bütün aşıqlarına salamlar göndərir, sağlıqlar diləyirəm. Allah hamımıza xeyirli ömürlər versin.
– Ustad, Sizin fikriniz mənim üçün də, aşıq sənəti ilə ilgili olan hər kəs üçün də önəmlidir: Türkiyədəki aşıqlarla Azərbaycan aşıq-larını daha çox bir araya gətirmək, bu sənəti daha irəli aparmaq üçün nələr etmək lazımdır?
– YUNESKO-nun yaşayan insan xəzinəsi elan etdiyi və dünyanın bir çox ölkələrində mükafatlara layiq görülmüş bir aşıq kimi demək istə-yirəm ki, Azərbaycan aşıqları ilə, İrandakı azərbaycanlıları da bura daxil edirəm, Türkiyə aşıqlarının bir araya gəlməsində çox böyük fayda var. Bizim dil birliyimizi, yazı birliyimizi ən iyi şəkildə elan etməkdən öncə, qaynayıb-qarışıb bir-birimizi tamamlamaq üçün Azərbaycan aşıqları ilə Türkiyə aşıqlarının zaman-zaman bir araya gəlməsi, məsələn, iki ildə bir Azərbaycanda, iki ildə bir Türkiyədə, hətta mən deyərdim ki, digər türk dövlətlərində də aşıqlar bayramı, festivallar və digər tədbirlər düzənləmək lazımdır. Yəni Türkiyədə, Azərbaycanda, yaxud Türk dünyasının aşıq sənəti ilə ilgili olan harası layiq görülürsə, orada sıx-sıx aşıq olimpiadaları, aşıq bayramları, hətta Dünya Aşıq olimpiadası yapmaq lazımdır. Sıx-sıx bir araya gəlindiyi zaman yeni nəslin ustadlardan öyrənmələri asanlaşar, gənc nəsil bizə baxaraq nəyim əskik qalıb, nələri öyrənmə¬liyəm deyə öz əskiklərini aradan qaldırarlar. Bu gün dünyada çox sürətli bir dəyişim vardır, indi elektronik çağındayıq. Onun üçün belə bayram¬ların, toplantıların yapılması lazımdır. Bu da yalnız TÜRKSOY-un, Türk Birliyinin ortaq yapımı ilə olur. BMT-nin bir kültür qurumu olaraq YUNESKO-nu da bu işə cəlb etmək olar. Yayımlara çox fikir vermək la-zımdır. Sizin nəşrlərinizə baxdım və çox sevindim. İstər jurnallar olsun, istər kitablar olsun, onları çoxaltmaq, Azərbaycandakı aşıqları Türkiyədə, Türkiyədəki aşıqları Azərbaycanda daha yaxşı tanıtmaq lazımdır. Bu sahədə universitetlərin müvafiq fakültələri də çox iş görə bilər. Yeri gəl-mişkən, son illərdə Türkiyədə Ərdəhan universitetinin bu yöndə xid¬mət-ləri böyükdür. Bu universitetin rektoru Çıldırlıdır, özü də ədəbiyyatçıdır.
Bir məsələyə də toxunmaq istəyirəm. Bu gün dünyada film çəkmək üçün bir növ ssenari qıtlığı var. Amma aşıq sənətinə üz tutsaq görərik ki, dastanlarımızın hər birisi bir ssenaridir. Bu gün yabançı filmlər, Avro-padan gələn və bizim mədəniyyətimizin tam əksinə olan roklar, poplar, milli mədəniyyətləri əridib yox edərək öz mədəniyyətlərini qəbul etdirməyə çalışır. Bu dalğanı yox etmək, başlı-başına üzərimizə gələn bu yükün qarşısında duruş gətirmək üçün qədim mədəniyyətimizi qoruyub yaşatmalıyıq. Bu yükün, bu basqının qarşısında duruş gətirmək üçün Türk dövlətləri, hər kəs olduğu coğrafi ərazi içərisində aşıqlarına sahib çıx-malıdır. Çünki aşıq sənəti yaşadığı müddətdə onun mədəniyyəti də, dili də yaşayar, əxlaqı irəliyə doğru gedər. Bu sənəti qoruyub yaşatmaq lazımdır.
– Nə zamansa Azərbaycana, ata yurdunuz Borçalıya gəlməyi düşünürsünüzmü?
– İnşallah. İlk can atdığım, Allahdan aman dilədiyim, mənə möhlət ver, gedib görüm dediyim yer Azərbaycandır, Borçalıdır. Ata yurdumdur ora mənim, əcdadımın torpağıdır. Azərbaycan Aşıqlar Birliyinin başkanı, dəyərli qardaşım Zəlimxan Yaquba, bu birliyin yönəticilərinə və bütün üzvlərinə hörmət və sayğı göndərirəm. Böyüklərin əllərindən, kiçiklərin göz¬lə¬rindən öpürəm. Və onlara da deyirəm ki, aman ha, Azərbaycan, Bor-çalı, o bölgədəki aşıqlıq gələnəyini yaşatmağa qeyrət göstərsinlər. Bir məsələyə də toxunmaq istəyirəm: Azərbaycandakı kimi qadın aşıqlar dünyanın heç bir yerində yoxdur. O görüntünü, o geyimləri, ənənəni ya-şat¬maq lazımdır. Onların hər birinə salam göndərirəm, öz ənənələrini buraxıb başqalarına bənzəməsinlər, yanlış edərlər.
– Ustad, bəlkə gözlədiyiniz sual vardı, amma mən onu ver-mədim?
– Yox, çox təşəkkür edirəm bu söhbət üçün, bərabər olduğumuz üçün. Sizi tanımaqdan da çox böyük qürur duydum.
Sonda bir daha deyirəm, Aşıqlıq sənətini dünyaya ulaşdırmağa çalı-şaq, yeni texnologiyaların, internetin bu sənəti öldürməsinə icazə verməyək.
– Müshibə üçün təşəkkür edirəm.
Müsahibəni apardı:
Musa NƏBİOĞLU
Türkiyə, Kayseri
16 may, 2012