Məhəmməd İqbal

Böyük Pakistan şairi, filosofu, ictimai-siyasi xadim, XX əsr Müsəlman Şərqi ədəbiyyatının görkəmli nümayəndəsi və nəhayət, Pakistanın “mənəvi atası” titulunu almış Məhəmməd İqbal 1873-cü ildə Pəncab əyalətinin Siyalkut kəndində, sufi ailəsində anadan olub. İlk təhsilini dini elmlər və “Qurani-Kərim” üzrə alıb. Mədrəsə təhsilini bitirdikdən sonra ərəb və fars dili müəlliminin məsləhətilə müsəlman xalqlarının ədəbiyyatına maraq göstərən İqbal Lahurda ali təhsilini başa vurub Şərq dilləri fakültəsində müəllim kimi çalışıb. İlk şeirlərinin dərci də həmin dövrə təsadüf edir. 1905-ci ildə Kembric Universitetinin Fəlsəfə və iqtisadiyyat fakültəsini bitirən İqbal Londonda yaşadığı 3 il ərzində Ərəb dili və ədəbiyyatı fakültəsində müəllim işləməklə yanaşı, Londonda böyük əks-sədaya səbəb olan bir sıra konfranslar təşkil edib. Sonrakı illərdə o, Almaniyanın Münhen şəhərində fəlsəfə üzrə doktorantura təhsili də alır. 1908-ci ildə Hindistana qayıdan, orada böyük heyranlıq və coşqu ilə qarşılanan Məhəmməd İqbal ölkənin siyasi həyatında fəal iştirak edib, xalqının maariflənməsi istiqamətində böyük işlər görüb.

O, şeirləri ilə Hindistandakı müsəlmanların ingilis müstəmləkəçilərinə qarşı mübarizəsinə təkan verib, Pakistanın müstəqil bir dövlət halına gəlməsinə misilsiz xidmət göstərmişdir. Məhəmməd İqbal uzun sürən xəstəlik nəticəsində 1938-ci il aprel ayının 21-də vəfat edib. “Əsrar və rumuz”, “Məşriqdən xəbər”, “Cəbrayılın qanadları”, “Ziyarətçi” və başqa əsərlərin müəllifidir. Əsərlərini urdu, pəncabi, fars və ingilis dillərində yazıb.

Şeir

Sən “həyatlı ölümün”, ya da “ölümlü həyatın” səhnəsindəsən,
vəziyyətini dəqiqləşdirmək üçün kömək istə üç şahiddən
Birinci şahid şüurundur:
özünə özünlə işıq salaraq bax.
İkinci şahid başqa bir sənin, nəfsinin şüurudur:
özünə o başqasıyla da işıq salaraq bax.
Üçüncü şahid Tanrının şüurudur:
özünə Tanrı işığında bax,
özünü Onun qədər əbədi və canlı hiss edərək, sayaraq.
Yalnız niyyət və qeyrət edən həqiqidir,
yalnız həqiqi olan layiqdir Tanrı ilə üz-üzə gəlməyə.
Merac nədir ki? Şahid axtarışı.
Elə bir şahid ki, təsdiqi əbədiyyətdir.
Kim ki, təsdiqləyəcəkdir
qarşısında titrəmədən durmaq mümkün deyil.
Kim ki, duracaq, bax, yalnız o, xalis qızıldır.

Sən sadəcə bir toz dənəsisən,
nəfsinin kəndirini möhkəm çək.
Və möhkəm yapış öz kiçik varlığından.
Necə də gözəldir nəfsini arındırmaq
və yoxlamaq onu günəşin işığı altında.
Yenidən yığ bir yerə o qədim çərçivəni
və yarat öz yeni mənliyini
Bax həmin mənlikdir həqiqi olan,
yoxsa nəfsin sadəcə bir tüstü halqası.

Şair

Bədən – xalqdır, bədənin hissələri – adamlar;
Ayaqlar, əllər elə hey durmadan çalışar.
İqtidar sükanını ucaldanlar – Siması;
Şairlər öz xalqının görən Gözü, aynası.
Bədən ağrısa əgər Gözü yaşlı görərsən,
Xalqa sonsuz sevgini şairlərdən bilərsən.

Dördlük

Sorursan köksündəki o könül nədir axı?
Sualına cavabım belədir əvvəl-axır:
Könül ağlın yanması, ürəyin cəfasıdır,
Olmasa könül deyil, o palçıq parçasıdır.

Mənbə: http://edebiyyatqazeti.az/