Fəxxar Zaman

Fəxxar Zaman (1943) – Pəncab, urdu və ingilis dillərində 40 kitabın müəllifi olan görkəmli Pakistan yazıçısı, şair, ictimai-siyasi xadim. Onun Pəncab dilində yazdığı roman və şeirləri dünyanın bir çox əsas dillərinə tərcümə edilib. Fəxxar Zaman Benazir Bhutto hökumətində nazir, senator və Pakistan Ədəbiyyat Akademiyasının iki dəfə sədri kimi çalışıb. Hal-hazırda Dünya Pəncab Konqresi və Beynəlxalq Sufi Şurasının sədridir. Pakistan hökumətinin Hilal-e-Imtiaz və Sitara-e-Imtiaz mükafatlarına, Hindistan hökumətinin Şiromani Sahitak mükafatına, eləcə də XX əsrin ən yaxşı Pəncab romançısı da daxil olmaqla bir çox beynəlxalq və milli mükafatlara layiq görülüb.

Həyat üçün ödənişlər
və bəzi şərtlər

Əzablar, yoxsulluq, problemlər –
pərakəndə satış qiymətinə.
Qulaqlarını bağlasan –
əlavə endirim.
Yumsan gözlərini –
daha bir endirim.
Üstəlik, qıfıllasan dilini –
ən yüksək endirim.
Hələ fikir bərəsinə bütün keçidləri bağlasan
Daşqınlar Zamanı Yardım Fondundan
mükafat da alacaqsan o zaman.
Əzablar, yoxsulluq və problemdir yekun;
danışmanın, görmənin və düşüncənin yoxluğu.
Neynəmək olar, belədir pərakəndə satışın şərtləri,
ödənişlər, endirimlər və mükafatlar.

Bağlı qapılar

Giriş qapıları bağılıdır:
Kim bilir nə vaxt gələcəkdi bu qatar?
Və hansı qatar gələcək:
adi sərnişin qatarımı, sürət qatarımı,
ya bəlkə kiçik stansiyalarda
dayanıb durmayan qatar var ha, onlardan biri,
yaxud manevr imkanı olan parovoz?!
Olmaya yoxlanış qatarı gələcək,
içində səlahiyyətli məmurlar,
belələri, əlbəttə ki, var…
Hardan, hansı səmtdən, ha tərəfdən:
yuxarıdan, ya aşağıdanmı gələcək görəsən?!
Hər halda işıqlar bildirəcək,
bircə yansın yaşıl…
Hələ ki yol bağlıdır, bağlı.
Qapı ağzında
hər iki tərəfdən tıxac yaranıb.
Amma bu, sərnişinlərin günahı deyil,
yollar da idarəetmə otağındakı
yüksək rütbəli
komendantlara tabedir…
Nə vaxt açılacaqdı yollar,
kim bilir?

Yazıçı

Həqiqi yazıçı
Hind çayının balığıdır,
şiddətli axına qarşı üzür.
Həqiqi yazıçı – təkandır,
dəyişdirir,
duzlu suyu şirin edir.
Ürək dərmanıdır
həqiqi yazıçı,
ürək döyüntüsü
həddini aşanda
onu ram edir.

Boşluq

Hamı heç kimdir,
heç kim hər şey demək deyil.
Boşluq var
hamıyla heç kim arasında,
Anlaşılmaz
və keçilməz.

Tərcümələr Səlim Babullaoğlu və Sona Səlimlinindir

Mənbə: http://edebiyyatqazeti.az/