Son zamanlar bir sıra uğurlu layihələrə imza atan, aşıq sənətinə və ustad aşıqlara dair dəyərli kitablar nəşr etdirməklə yanaşı, həm də klassik və çağdaş ustad aşıqların ifalarından ibarət video və audiodisklər hazırlayan Azərbaycan Aşıqlar Birliyinin (AAB) növbəti audiodiskində qadın aşıqlar arasında bənzərsiz və özünəməxsus ifa tərzi ilə seçilən Əməkdar mədəniyyət işçisi, “Çeşmə” folklor qrupunun rəhbəri Gülarə Azaflının ifaları yer alıb.
Bu barədə AZƏRTAC-a məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, “Azaflı qızıyam” adlanan diskdə Gülarə Azaflının ifasında 40-a yaxın aşıq havası yer alıb.
O, həmçinin qeyd edib ki, AAB tərəfindən ustad aşıqların yaradıcılığına diqqət bundan sonra da davam etdiriləcək.

Mənbə: https://azertag.az/