Çoxcildliyə yazıçının indiyədək latın qrafikası ilə nəşr olunmamış əsərləri, eləcə də az tirajla yayımlanmış kitabları daxil edilib
Bu il Azərbaycanın Xalq yazıçısı, filologiya elmləri doktoru professor Əzizə Cəfərzadənin (1921-2003) anadan olmasının 100 ili tamam olur. Yubiley ərəfəsində yazıçının çoxcildlik “Seçilmiş əsərləri”nin çapına başlanılıb və artıq bu il 12 cild nəşr olunub. “Elm və təhsil” nəşriyyatında yayımlanan cildlərə yazıçının indiyədək latın qrafikası ilə nəşr olunmamış əsərləri, eləcə də az tirajla yayımlanmış kitabları daxil edilib.
Əzizə Cəfərzadənin oğlu Turan İbrahimov AZƏRTAC-a müsahibəsində bildirib ki, birinci cild yazıçının “Natəvan haqqında hekayələr”i ilə başlayır. Müəllifin “Seçilmiş əsərləri”ndə, həmçinin “Qobustan çökəklərində” romanı, “Qaratel”, “Manar sahillərində”, “Qoşqar”, “Bir zərrə iz…” və başqa povestləri, qırx hekayəsi ilk dəfə nəşr edilib. Hekayə və povestlərin bir qismi Əzizə Cəfərzadənin 1948-ci ildə çap edilmiş və Moskvanın qərarı ilə mətbəədən yığışdırılaraq yandırılmış “Hekayələr” kitabına daxil olan, həmçinin 1948-1963-cü illər ərzində nəşr olunmağa icazə verilmədiyi dövrdə yazdığı əsərlərdir.
Əzizə Cəfərzadənin “Seçilmiş əsərləri”nə filologiya elmləri doktoru professor Vaqif Sultanlı “Ədəbiyyatın vətənsevərlik missiyasi” adlı geniş ön söz yazıb. O, həmçinin bir neçə cildin redaktorudur. Hekayə və povestlərin daxil edildiyi cildlərin tərtibatçısı, redaktoru və ön sözlərinin müəllifi Türkiyənin Mehmet Akif Ersoy Universitetinin müəllimi dosent Pərvanə Bayramdır.
Bu kitablar, ilk növbədə, respublikanın müxtəlif şəhərlərində yerləşən mərkəzi kitabxanalara hədiyyə ediləcək. Artıq xeyli kitabxana “Seçilmiş əsərləri” və son dövrdə nəşr olunmuş kitabları elektron versiyaları ilə birlikdə öz fonduna daxil edib. Yaxın günlərdə digər kitabxanalara da əsərlər veriləcək və yazıçının www.azizajafarzade.com saytında kitabların elektron versiyası yerləşdiriləcək. Bu isə Əzizə Cəfərzadənin ədəbi irsinin Azərbaycanda və respublikadan kənarda yaşayan geniş oxucu kütləsinə çatdırılmasına kömək edəcək.
Yazıçının digər əsərlərinin nəşri üzərində iş davam etdirilir və yeni hazırlanacaq iki cilddə oxuculara onun səyahətnamə janrında qələmə aldığı əsərləri təqdim ediləcək. Sonrakı cildlərdə yazıçının Azərbaycan klassik ədəbiyyatı, aşıq yaradıcılığı, həmçinin qadın aşıq və şairlərə həsr edilmiş elmi-tədqiqat işləri, publisistik məqalələri nəşr olunacaq.
Ötən il də Əzizə Cəfərzadənin yaradıcılığının təbliği baxımından uğurlu olub və onun “Folklor araşdırmaları” və “Anamın nağılları” kitabları işıq üzü görüb. Bu il “Qanun” nəşriyyatı yazıçının “Bakı-1501” romanını yenidən çap edib. Bundan əlavə, “Hədəf nəşrləri” Əzizə Cəfərzadənin “Tanıdıqlarım, sevdiklərim xatirələrimdə”, “Bir səsin faciəsi” və bir neçə digər kitabını rusca nəşr etməyi planlaşdırır. Eləcə də “Altun kitab” nəşriyyatı “Bakı-1501” və “Gülüstan”dan öncə” romanlarının uşaqlar üçün işlənmiş variantını bu il nəşr etməyi nəzərdə tutur. Azərbaycan Milli Kitabxanası isə Əzizə Cəfərzadənin geniş biblioqrafiyasını (yazıçının arxivinin təsviri ilə) nəşrə hazırlayır.
Mənbə: https://azertag.az/