Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

Ey Tanrı, dörd divar qılıncmı çəkir?!
Yaman darıxıram dostlar üçün mən!
Könlümün qübarı-nisgilim mənim,
Yaman darıxıram dostlar üçün mən!

Hər günüm-bir şeir, hər sözüm-kitab,
Həsrət çəkməyin də özü bir-əzab,
Yazılar əməllər: günah və savab,
Yaman darıxıram dostlar üçün mən!

Qızıl payızda mən xəzəl görmüşəm,
Segah üstə-muğam, qəzəl görmüşəm,
Vaqifin dövründən gözəl görmüşəm,
Yaman darıxıram dostlar üçün mən!

Sönməyən məşələm, ocağım da var,
Üçrəngli şanlı bir bayrağım da var,
Gəzib, dolaşdığım torpağım da var,
Yaman darıxıram dostlar üçün mən!

Müqəddəs qələmdi, sözüm kimiyəm,
Dünyaya boylanan gözüm kimiyəm,
Kənanam, şairəm, özüm kimiyəm,
Yaman darıxıram dostlar üçün mən!

Bakı şəhəri. 1 mart 2022-ci il.