Sovet təhlükəsizlik orqanlarının təqibindən qurtulmaq üçün Azərbaycandan didərgin düşən, özünün və ailəsinin başına faciələr gələn, dəfələrlə ölümlə pəncələşən, vətən həsrəti ilə çırpınan Almas İldırımın həyat və yaradıcılıq yolu Azərbaycan ədəbiyyatı poeziyasında özünəməxsus yeri olmuşdur.
Almas İldırım 1907-ci ildə Bakının Çəmbərəkənd deyilən dağlıq hissəsində doğulmuşdur. Atası Əbdülməhəmməd və anası Nisə xanım əslən Abşeronun Qala kəndindəndir. A.İldırım ibtidai təhsilini Bakıda, “İttihad” məktəbində almışdır. 1925-ci ildə şəhər gimnaziyasını bitirmiş, 1927-ci ildə Bakı Dövlət Universitetinin Şərq fakültəsinə daxil olmuşdur. Bir neçə aydan sonra isə onu “tacir oğlu” adı ilə damğalayıb universitetdən xaric etmişlər. Bu dövrdə artıq mətbuatda ilk şeirləri ilə çıxış edən A.İldırım Azərbaycan Proletar Yazıçılar cəmiyyətinin yığıncaqlarında fəal iştirak edirdi. Bir qədər sərbəst ruhda yazılmış bəzi əsərləri üstündə ilk zərbələrə də elə o vaxtdan məruz qalmışdır:
Zirvədə oynayan rüzgarlar acı.
İllərlə görünməz başının tacı.
Anlat ki, dərdinin nədir əlacı,
Nədir bu dumandan tüllər, a dağlar?!
Poeziyamızın ənənəvi mövzularından birinə həsr edilmiş bu şeirdə dağları Azərbaycanın rəmzi kimi, “acı rüzgarlar”, “dumandan tüllər” təşbehləri isə 20-ci illərdə xalqımızın düçar olduğu ictimai faciələrə işarə kimi mənalandıran o zamankı siyasi baş idarə A.İldırımı Dağıstana sürgün edir. O dövrün bir sıra Azərbaycan ziyalıları kimi A.İldırım Dağıstanda bir müddət pedaqoji işlə məşğul olur. Azərbaycanın və Dağıstanın ecazkar təbiətini tərənnüm edən şeirlər yazır. Bakıda çapa hazırlanan ilk kitabını isə təbii ki, kommunizmə zidd fikirlər aşılayan bir kitab kimi yasaq edirlər. Kitabın tirajı müsadirə olunur. A.İldırım yenidən Dağıstandan Türkmənistana sürgün olunur. Özünün sonralar etiraf etdiyi kimi şair, Dağıstanda olduğu kimi Türkmənistanda da eyni hissləri yaşayır.
A.İldırımın Aşqabadda milli ruhlu şeirləri əldən-ələ dolaşır, şair qısa bir müddətdə vətənpərvər ziyalıların, açıq fikirli tələbələrin sevimlisinə çevrilir. Lakin o, burada özünü və təzəcə qurduğu ailəsini gözləyən təhlükəni də aydın görür. Buna görə də 1933-cü ilin iyun ayında həyat yoldaşı Zivər xanımı və üç aylıq körpəsi Azəri götürüb İrana getməyə məcbur olur. Sərhəd gözətçilərinin və gömrük məmurlarının gözünə görünməmək üçün sıldırım qayalar və uca dağlar arasından keçir, çətin cığırlarla günlərlə yol getdikdən sonra nəhayət İran torpağına çatırlar. Ancaq İranda A.İldırımı dərhal həbs edirlər. Onu bolşevik cəsusu hesab edərək işgəncə verir, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar. Bu işgəncə A.İldırımın səhhətində dərin izlər qoyur. 25 gündən sonra, nəhayət, azad edilib. Məşhəd şəhərinə göndərilir. Burada iş yeri tapa bilməyən A.İldırım uzun müddət yoxsul, acınacaqlı həyat sürür. A.İldırım İranda çox qala bilməyib tezliklə Türkiyəyə gedir. və Türkiyənin Elazığ adlanan məkanında yaşamağa başlayır.
Şairin İranı tərk etməsinin əsas səbəbi orada şahlıq rejiminin amansızlığı idi. 30-cu illərin ortalarında Türkiyə respublikası təkcə türk elləri arasında yox, Yaxın Şərqin islam regionunda yeganə ölkə idi ki, Atatürk inqlabından sonra həqiqi mənada insanların azadlığı və ölkənin istiqlaliyyəti üçün müəyyən imkanlar yaradılmışdı. A.İldırım Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. Ömrünün təqribən 12 ilini isə yaradıcılığını davam etdirməklə yanaşı müxtəlif bölgələrdə “bucaq müdirliyində” (qəsəbə bələdiyyəsində), Malatyanın Qala qəsəbəsində bələdiyyə idarəsində işləmişdir.
A.İldırımın Türkiyə mətbuatında xeyli şeirləri dərc olunmuş, bir sıra əsərləri “Boğulmayan bir səs” (1936) kitabında toplanmışdır. 1990-cı ildə Bakıda buraxılmış ilk kitabı isə “Azərbaycanın didərgin övladı şair Almas İldırım şeirlərilə” adlanır. Bu kitabda şairin 18 əsəri dərc olunmuşdur. Lakin Azərbaycanın da Türkiyənin də şeirsevənləri A.İldırımın irsi arasında ən mötəbər körpünü şairin 1990-cı ildə Ankarada çap olunmuş, 61 əsərini əhatə edən “İgidlərə səsləniş” və 1994-cü ildə Bakıda buraxılmış, yüzə yaxın əsərini əhatə edən “Qara dastan” kitabları birləşdirir.
1934-cü ildə A.İldırım Türkiyə vətəndaşlığına qəbul edilir. O, artıq əvvəlki illərlə müqayisə edilməyəcək bir səadətə qovuşur. Şair burada özü üçün ikinci vətən, iş yeri, həmdərdlər tapır. Amma yenə də qəlbi Azərbaycanın həsrətilə yanır. Onun qürbətdəki lirikasının qiymətli nümunələri təbii ki, bu illərə təsadüf etmişdir. Zorla düçar edildiyi didərginliyin ağır yükünü həyatının sonunadək daşıyan A.İldırımın əsərlərində qəriblik bütün təfərrüatı, ən incə məqamları ilə öz əksini tapmışdır. Bu mənada A.İldırımın yaradıcılığı Azərbaycan poeziyasında qürbət lirikasının ən zəngin nümunələrindən biri kimi qiymətləndirilmişdir. Bu mövzuya tez-tez müraciət edən şair bir şeirinin adını “Qürbətdə” qoymuş, başqa bir əsərini “Qürbət məktubları” adlandırmış, üçüncüsünü “Qərib quşuma” başlığı ilə qələmə almışdır. Son əsərində deyil, bir sıra şeirlərində də onun dönə-dönə müraciət etdiyi yaralı quş obrazı həmişə qürbətdə təsvir edilir:
Of! Bakı, bu ayrılıq mənə ölümdən ağır,
Aləmə bahar gəldi, sənə yağmur, qar yağar…
Şair hələ vətənində ikən doğma yurdunu bürümüş haqsızlıqlardan, ölkədə baş verən faciələrdən cana gəlib vətən içində qəribsəməyə başlamışdı: “Arazla dərdləşmə”, “Qafqaz dağlarına”, “A dağlar”, “Neçin şair doğuldum?”, “Ömrüm xarab oldu, hey”, “Əlvida Bakı” və s. şeirlərini qələmə almışdır.
Bax, nə deyir yenə bu coşğun Xəzər,
Qoynunda şimaldan gələn yad gəzər.
Bu bir dərd ki, məni ömrümcə əzər,
Salır məni haldan-hala, əlvida!…
A.İldırımın qürbət lirikasını canlandıran yaşadığı illərin Azərbaycan gerçəkliyi, xalqın tarixi keçmişi, təbii gözəllikləri, zəngin yeraltı sərvətləri, qədim tarixi abidələr, zəngin mədəniyyət, şeir-sənət ölkəsi olan Vətən torpağı idi. Lakin A.İldırım bu əsərləri yazan dövrdə Azərbaycanın zəhmətkeş və qeyrətli xalqı olmazın əzablara, sıxıntılara məruz qalmışdı.
Şairin “Gözəlim”, “A dağlar”, “Ölsəm” qoşmaları, bir sıra şeirləri məhz bu məzmunda başa düşülür. Onların adi təbiət hadisələrindən daha çox vətəndə baş alıb gedən ictimai ədalətsizliklərə həsr olunduğu aydın görünür:
Çiçəkli qoynunda bir baxça tikdim,
Suvara-suvara gözyaşı tökdüm.
Gecə-gündüz əməyini mən çəkdim,
Yoldu meyvəsini yellər, a dağlar!
Vətən həsrəti A.İldırımın demək olar ki, bütün əsərlərinin aparıcı xəttini təşkil edir. “Əsir Azərbaycanım” şeiri də bu qəbildəndir.
Hanı məni gül qoynunda doğuran.
Xamırımı göz yaşıyla yoğuran,
Beşiyimdə “layla balam” çağıran,
Azərbaycan, mənim bəxtsiz anam oy!
Neçə ildir həsrətində yannam oy!
…Könlümə tək Kəbə tapdım səni mən,
Sənsiz neynim qürbət eldə günü mən.
Sənsiz neynim Allahı mən dini mən,
Azərbaycan mənim tacım, taxtım oy!…
Oyanmazmı kor olası baxtım oy!
Göründüyü kimi, bu şeirin yığcam bir ideya-bədii kompozisiyası var. Onun hər bəndində ardıcıl surətdə mövzunun şərhinə aparan həyati bir məzmun açılır. Birinci bənddə lirik qəhrəmanın körpəlik çağları xatırladılmış, onunla vətəni arasındakı ana-övlad münasibətləri öz əksini tapmışdır.
Bu şeir həm də 20-ci illərdən üzü bəri Azərbaycanın başına gələn tarixi faciələr üçün onun qərib şair övladının ürəyindən qopan həzin bir mərsiyə səciyyəsi daşıyır. “Azərbaycan, mənim bəxtsiz anam oy!” misrası və hər bəndin sonundakı “oy” təkriri isə milli folklor motivlərindən irəli gəlir.
Əslən bakılı olan A.İldırımın şeirlərində öz doğma şəhərinin obrazı ümumiləşdirilir. Şair vaxtilə dəfələrlə dolaşdığı doğma küçə və meydanlara, Xəzər sahilinə, Səbayel dolaylarına şeirlərində dönə-dönə müraciət edir. “Bakı” şeirində isə 20-ci illərin əvvəllərində baş vermiş hadisələrlə bağlı şəhərin düşdüyü vəziyyətin bədii təsviri verilir. Şairə görə qədim yunan əfsanələrinin qəhrəmanı Prometey, qadağalara baxmayaraq odu insanlara vermək üçün bilavasitə Abşerona, “dünyanın atəş dolu sinəsi” olan Bakının yanar qayalarına üz tutmuşdur. Şeirdə təsvir olunan Bakı faciəsi A.İldırımın lirik qəhrəmanının əsas mənəvi-psixoloji aləmini səciyyələndirir:
Bir zamanlar adına eşq oxudum illərlə,
İndi artıq qəlbimin içində inlə, Bakı!
Uğrunda çırpınanlar qolları bağlı getdi.
Mən yanaraq kül oldum, sənin dərdinlə Bakı!
Şair yaradıcılığı boyu dönə-dönə müraciət etdiyi türk xalqlarının taleyi məsələsi ilə əlaqədar fikir və duyğularını özünün məşhur “Qara dastan” şeirində ümumiləşdirmişdir. Əsərdən alınan ümumi təəssürat keçmiş Sovet imperiyasının ardıcıl surətdə yeritdiyi antitürk, antimüsəlman siyasətində Azərbaycan, Qazax, Qırğız, Türkmən, Özbək, Başqırd türkləri, Kırım, Qazan tatarları və başqa xalqlar ölçüyəgəlməz dərəcədə böyük maddi və mənəvi zərər çəkmişlər. On illər boyu imperiyanın rəhbər tutduğu “Parçala, hökm sür!” ehkamı bu xalqları bir-birindən ayırmaq, bir-birinə yadlaşdırmaq məqsədi güdmüşdür. Əsərdə əks etdirildiyi kimi, türkün on minlərlə ən yaxşı oğul və qızları, Sibirin “buzlu cəhənnəm” inə sürülmüş, heç bir günahı olmayan milyonlarla ailənin ocağı söndürülmüşdür. Çox güman ki, dastanlara sığmayacaq bu faciələri hərtərəfli əks etdirmək üçün A.İldırım xüsusi bir silsilə yaxud ayrıca poema, dastan yazmağı düşünmüş, “Qara dastanı” isə onun ilk nümunəsi proloqu kimi qələmə almışdır. Sərlövhədə birinci kəlmə “qara” sözü təbiətdə, məişətdə rast gəldiyimiz adi bir rəng əlamətini bildirən mənasından fərqli olaraq “qara gün”, “qara bəxt”, “qara kağız”, “qara bayram” söz birləşmələrinə uyğun bir məna ifadə edir. Şairin həbsxana və sürgünlərdə, kütləvi qırğınlarda həlak olan soydaşlarının xatirəsinə həsr etdiyi misraların qara rəngidir. Beləliklə, “Qara dastan” dünyada “xalqlar həbsxanası” kimi tanınan keçmiş Sovet İttifaqında ağır milli, ictimai zülmə məruz qalan xalqların o qara günlərini çox dəqiq ifadə etmişdir.
Əəsərin ən təsirli bəndlərindən biri xüsusi olaraq Azərbaycana həsr edilmişdir:
Azərbaycan dərd içində doğulmuş,
Sevənləri diyar-diyar qovulmuş.
Ağla şair, ağla yurdun dağılmış,
Harda qopuz, harda qırıq kaman hey?
Harda böyük vətən, harda Turan hey?
Məlumdur ki, türk ellərinin başına gətirilən faciələrin ən dəhşətlisi məhz Azərbaycanda icra olunurdu. Almas İldırımın özü, ailəsi dəhşətli təqiblərdən, sıxıntılardan başına hava gəlib həlak olmuş bacısı; ikisi bir gündə ölmüş körpə oğlanları da həmin faciələrin qurbanları idi.
“Ağla şair, ağla, yurdun dağılmış!” misrasında şairin dərdi ümumi xalqın dərdi ilə qaynayıb-qarışmışdır. Bu faciənin ən həzin, kədərli notları isə şeirin bir çox bəndlərində təkrar olunan “Qoca türkün düşdüyü dərd yaman hey!” misrasında cəmləşir.
Bir sənətkar kimi A.İldırımın bədii ifadə vasitələri çoxcəhətlidir. Əsərlərinin çoxu vətənpərvərlik, didərgənlik, hicran, qürbət mövzuları ətrafında toplandığına baxmayaraq, o, hər dəfə yeni formalar, təsvir və ifadə vasitələri tapıb işlətmişdir. Hələ Dağıstanda sürgündə ikən anasına məktub şəklində yazdığı “Boğulmayan bir səs” şeiri bu baxımdan diqqəti cəlb edir. Didərgin oğlunun həsrətilə yanan bir ananın təlaş və həyəcanları, ağlamaqdan nuru getmiş gözləri, Allahın dərgahına yalvarışları təsvir olunur:
Bəzən kipriyində iki damla yaş,
Çıxırsan o tozlu yollar üstünə.
Qəlbində çırpınır gizli bir təlaş,
Derlər ki, bir dua oxursan mənə.
Titrək dodaqlarla məni anırsan.
Yanırsan, yanırsan, ana, yanırsan!
Burda dərdi başından aşan, daimi övlad həsrətindən giley edən gözü yaşlı ananın canlı portretinin yaradıldığı diqqəti cəlb edir. Bu vəzn, ölçü və ahəng ananın ahəstə yalvarınışını, həzin görkəmini, titrək dodaqlarındakı dua pıçıltılarını, bir sözlə, onun qəlb aləmini əks etdirmişdir.
Lakin mənim düşdüyüm fırtınalar, boranlar,
Mehrabları əks edən dualardan nə anlar?!
… Mən yanlız iman etdim qollarımın zoruna,
Bu zor məni qurtarıb çıxaracaq yarına.
Mən atmışam o köhnə, əski kürkümü, ana.
Dinləsənə uzaqdan coşan türkümü, ana!
Aydınca görünür ki, əvvəlki bəndlərdə ana obrazının təqdimindəki ahəstə, yalvarış ruhu şeirin ahəngindəki gərgin əhval-ruhiyyəni, çağırış ruhunu əks etdirmək üşün artıq kifayət etmir. O, öz daxilindəki kəskin etiraz duyğusunu, lirik qəhrəmanın coşğun qəzəbini ifadə edir.
A.İldırım yaradıcılığının yalnız dərd-qəmdən, hüzn və kədərdən ibarət olduğunu düşünmək yalnış olardı. Əlbəttdə vətəndən didərgin olub, doğmalarından ayrı qalması, yurd-yuvasına hökm edən əcaib qanunların təzyiqi şair kəlamının nəinki məzmununa, ruhuna, hətta şəkil və ahənginə də öz möhrünü vurmaya bilməzdi. Lakin nəzərə almaq lazımdır ki, A.İldırımın yaradıcılıq irsi hələ tam əldə edilməsə də, əldə olan nümunələrin özündə və sənətinin ümumi axarı, səciyyəvi istiqamətilə yanaşı, onun şeirlərində gələcəyə inam duyğusunun əlamətlərini görmək çətin deyil.
Məsələn, “Müqəddəs ixtilal” şeirində aydın sabahlara ümid hisi, gələcəyə inam duyğusu şairin öz məsləkdaşlarına şağırış sədası ilə həmahəngdir;
Qaranlıqda gözlərim dikilmiş üfüqlərə,
Bir fırtına səsi var, buludlar göydə dal-dal.
Açmış doğu bağrını sökəcək şəfəqlərə.
Qop ey dəli fırtına, rişəni könlümə sal,
İxtilal istəyirəm, müqəddəs bir ixtilal!
Bir sıra şeirlərində A.İldırım öz lirik qəhrəmanını “içimdəki bülbül” obrazı ilə canlandırır və onu inandırmağa çalışır ki, “bu qara gün keçicidir, bir gün bitər, inləmə: bağçamızda sarı bülbül yenə ötər inləmə” deyir…
Lakin şairin böyük məhəbbətlə obrazını yaratdığı “içindəki bülbül” susmadı. Qoynunda əbədi sığınacaq tapdığı Türkiyədə sayğılarla, qayğılarla nəşr olunmuş əsərlərinin səhifələrindən qanadlanan bu bülbül uçdu, nəhayət, şairin elinə, obasına yol tapdı. Bir gözü ağlayan, bir gözü gülən bu bülbülün gah həzn, gah da şaqraq cəhcəhləri daima eşidiləcək.
Qürbətdə yaşamağa məcbur olan Almas İldırım 1952-ci ilin 14 yanvarında böyrək xəstəliyindən Türkiyədə vəfat etmişdir.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı
Ədalət Rəsulova