“ALDANIŞ ” – SONETLƏR ÇƏLƏNGİ
 
(Bu “Sonetlər çələngi”ni ustad Məmməd Arazın ölməz ruhuna həsr edirəm)
 
I sonet
 
Ölür bələyində yaz çiçəkləri,
Ətrini küləklər alıb aparır.
Arılar sevməyir hörümçəkləri, –
Çünki torlarına salıb aparır.
 
Vədəsiz yağışın izi dərində,
Küləklər şütüyür hey harın-harın.
Bəxti gətirməyir böcəklərin də,
Dönürlər yeminə qarışqaların.
 
Bülbüllər avazla oxuya bilmir,
Sevənlər həvəslə toxuya bilmir, –
Sevdiyi qızların saçına çələng.
 
Mələşən quzular çəməndən küsür,
Çaylar yağış altda çiməndən küsür, –
Nədən tərpənir bəs bu yaz belə ləng?!
 
II sonet
 
Nədən tərpənir bəs bu yaz belə ləng?
Nədən Günəş canı isidə bilmir?
Gedir qışla yazın arasında cəng,
Qulaq deyiləni eşidə bilmir.
 
Biz kimik baharın ömründən kəsib,
Calayaq sərt üzlü qışın ömrünə?!
Sanki tarlalarda qara yel əsib,
Boynubükük qalan xışın ömrünə.
 
Süfrə hər fəsildə çörək istəyir,
Süfrəyə gələnlər əmək istəyir, –
Kimsə qəbul etməz belə ərkləri.
 
Qoymayın sifətlər boza dönüşsün,
Qoymayın ürəklər buza dönüşsün,
Günəş də isitməz buz ürəkləri.
 
III sonet
 
Günəş də isitməz buz ürəkləri,
Mərhəmət yoxdusa, o cana hayıf.
Yüklər qançır edər hey kürəkləri,
Gödənə qul olan insana hayıf.
 
Yenə min ümidlə açılar sabah,
Baxışlar dikilər sökülən dana.
Xalqın ruzisini bol eylə, Allah,
Qoyma möhtac olsun insan insana.
 
Olsa, dəyanəti əlindən gedər,
Olsa, ləyaqəti əlindən gedər, –
Ehtiyac öldürər ruhu, edər çəng.
 
Dəyişər dünyanın gərdişini də,
İtirər döyünmək vərdişini də,
Əgər dəyişməsə qəlblərdə ahəng.
 
IV sonet
 
Əgər dəyişməsə qəlblərdə ahəng,
Dünyayla qurduğu körpülər yanar.
Pozulan ritm, eylər nəfəsini təng,
Yaşayar dünyada dünyadankənar.
 
İçdiyi şərbət də zəhər dadında,
Özəl bir axşamı, səhəri olmaz.
Əzrail kəpənək qanadlarında
Enər sinəsinə, xəbəri olmaz.
 
Hər şey öz səmtində uğurun tapar,
Düz imiş – su axar, çuxurun tapar,
Tapmasa, o səmtə heç axmaz, atam.
 
 
Demək ki, palaza bürünməyənin,
Bürünüb el ilə sürünməyənin,
Bu dünya üzünə xoş baxmaz, atam!
 
V sonet
 
Bu dünya üzünə xoş baxmaz, atam,
Onun istəyinə uymayanların.
Bir addım, yaxına buraxmaz, atam,
Dərdini, sərini duymayanları.
 
Nə dünya dünyalıq eyləyə bilir,
Nə də biz Adəmdən qalan adamıq.
Baxma ki, səsimiz göylərdən gəlir,
Biz hələ tin adam, dalan adamıq.
 
Bölünüb min yerə calaqlanmışıq,
Kollanıb, koslanıb, alaqlanmışıq, –
Nə var – önümüzə nəhs çıxardılar.
 
Pozulub mizanı lap təməlindən,
Əl çəkən oldumu bəd əməlindən, –
Gələnlər başında hirs çıxardılar.
 
 VI sonet
 
Gələnlər başında hirs çıxardılar,
Bağrı deşik-deşik, göyü tənəkə.
Gen dünya edilib başımıza dar,
Necə yaşayasan alnında ləkə?!
 
Tanrı qismətinə şükür edən yox,
Qarınlar baş olub, başlar qarında.
Taleyin açdığı yolla gedən yox,
İnsan əmin deyil arzularında.
 
Hərislik dünyanı alıb başına,
Mələklər tuş gəlib şeytan daşına,
Kim deyir göylərdən daş yağmaz, atam?!
 
Qəflət yuxusundan insan ayılmaz,
Sevgisi yoxdusa, ürək sayılmaz, –
Haqqa kor gözlərdən yaş axmaz atam.
 
VII sonet
 
Haqqa kor gözlərdən yaş axmaz, atam,
Hər qaynar qazanda qaynamaq olmaz.
Həm sənin xatandı, həm mənim xatam,
Haqla çilingağac oynamaq olmaz.
 
Ədalət axtarır dünya haçandı, –
Bir quş dimdiyində, gül ləçəyində.
İçilir haqq andı, ədalət andı, –
Haqqı yeyilməsin bir böcəyin də.
 
Böcək də yeyildi, dimdik də getdi,
Gülün ləçəyi də dimdikdə getdi,
Yenə yumurtanı tərs çıxardılar.
 
Belə bulanıqla durulmaz sular,
Durulmaz sularda oxumaz qular, –
Başa gələnlərdən dərs çıxardılar.
 
VIII sonet
 
Başa gələnlərdən dərs çıxardılar,
Sən dedin, mən də ki inandım buna.
Tanrım, sən boyüksən, mərhəmətin var, –
İlk andım bunadı, son andım buna!
 
İnsanı dünyanın əşrəfi etdin,
Bəs hardan törədi bu bişərəflər.
Çevrilib əllərdə oyuncağa din,
Sələfə toy tutur indi xələflər.
 
Bəşəri “Ol” adlı sözündən qoru,
İnsanı insanın özündən qoru,
Sonu yox, insanın bu qərəzinin.
 
 
Çiçəyin ömrünü özünə qaytar,
Böcəyin ömrünü özünə qaytar,
Düzəlt ayarını bu tərəzinin.
 
IX sonet
 
Düzəlt ayarını bu tərəzinin,
Yoxsa qiyamətin izi görünər.
İnsanın bu məkr, bu qərəzinin
Sonunda Bəröyüd düzü görünər.
 
Bu yandan baxanlar Cənnət sanarlar,
O yandan baxanlar Cəhənnəm görər.
Bunlara nə etsən, minnət sanarlar,
Quruyan kipriklər yenə nəm görər.
 
Çapmasın nadanlıq köhlən atında,
Saxla insanlığı sən öz qatında,
Süzsün səmasında geniş ərzinin.
 
Yoxsa, varlığını alov qovurar,
Yoxsa, külünü də göyə sovurar,
Sonunda ölüm var bu mərəzinin.
 
X sonet
 
Sonunda ölüm var bu mərəzinin,
Günaha batmasın çəki daşları.
Mənəm-mənəm ilə qoyma gəzinə,
Davulqarınları, yekəbaşları.
 
Üstündə gəzdirməz bədən bu başı,
Amma söz qoyan yox sözü önünə.
Başbilən etmisən nədən bu başı,
Çəkir qamarlayıb közü önünə.
 
Vərdişə çevrildi qamarlamağı,
Qırıldı qəlblərdə ədalət bağı,
Din hələ bir yana, iman qalmadı.
 
Bu ələk haçansa düz ələr dedik,
İnsandı, gün gələr düzələr dedik,
Amma düzəlməyə güman qalmadı.
 
XI sonet
 
Amma düzəlməyə güman qalmadı,
Hər yanı qan tutdu, qada bürüdü.
Qoyduğun qanunu vecə almadı,
Fironlar dünyanı oda bürüdü.
 
Yeri parçalayıb, göyü deşdilər, –
Göy də lərzə gəldə, yer də titrədi,
Quşlar göylüyündən perik düşdülər,
Bicarə canlılar yerdə titrədi.
 
Yoluna, izinə asi olanın,
Allahım, özünə asi olanın,
Dağıt tifaqını, dərbədər eylə.
 
Ayaq hansı yanda, qol hanı, Allah?
Burdan o tərəfə yol hanı, Allah?
Allahım, gücünü səfərbər eylə.
 
XII sonet
 
Allahım, gücünü səfərbər eylə,
Dünyanın düzəni geri qayıtsın.
Bülbüllər yenə də bənd olsun gülə,
Ormanın gəzəni geri qayıtsın.
 
Quşlar göy üzündə tikələnməsin,
Sulara çökməsin ölüm kabusu.
Mərmilər başlara heç ələnməsin,
Rahat nəfəs alsın torpaq, hava, su.
 
Son kərə nişan ver, yol hansı olsun,
Bu bizə, Allahım, son şansın olsun, –
Qalmışıq köməksiz, darda, yer eylə.
 
 
Ya da yenidən seç bəndələrini,
Təzədən yoğur, yap kündələrini, –
Nuhun gəmisinə orda yer eylə.
 
XIII sonet
 
Nuhun gəmisinə orda yer eylə,
Pakları çirkabdan ayır, İlahi!
Fironun taxtını yerlə bir eylə,
Törəyib artmasın çayır, İlahi!
 
Çayları, gölləri zəhərləyəndən,
Ormanı yandırıb-yaxandan qurtul.
Dolub daşmadadı zəhər ləyəndən,
Düşsün qoy dəccallar yaxandan, qurtul.
 
Gəlsin hüzuruna aman istəyən,
Dinsiz gədələrdən iman istəyən, –  
Daha veriləsi iman qalmadı.
 
Nə ata, nə ana, nə qardaş-bacı?!
Tanrım, bu bəşərin halına acı, –
Burda yan almağa liman qalmadı.
 
XIV sonet
 
Burda yan almağa liman qalmadı,
İşi müşkül olar bu dəfə Nuhun.
İçindən günahsız, məsum bəndəni,
Seçmək çox çətindi qaraguruhun.
 
Bu dəfə əl atma o yola, Tanrım,
Bu dəfə düzəni tufansız yarat.
Bağışla qulunu, nə olar, Tanrım,
Gözəldi yaşamaq, gözəldi həyat!
 
…Bax, yenə hardansa qara yel əsdi,
Oluma, ölümə ən gözəl dərsdi, –
Tanrım, özün qoru kəpənəkləri.
 
 
Göyə bülənd olur dağa dəyən ah,
Bayquş bəbəyində açılır sabah,
Ölür bələyində yaz çiçəkləri.
 
XV sonet
 
Ölür bələyində yaz çiçəkləri,
Nədən tərpənir bəs bu yaz belə ləng?
Günəş də isitməz buz ürəkləri,
Əgər dəyişməsə qəlblərdə ahəng.
 
Bu dünya üzünə xoş baxmaz, atam,
Gələnlər başında hirs çıxardılar.
Haqqa kor gözlərdən yaş axmaz, atam, –
Başa gələnlərdən dərs çıxardılar.
 
Düzəlt ayarını bu tərəzinin,
Sonunda ölüm var bu mərəzinin, –
Amma düzəlməyə güman qalmadı.
 
Allahım, gücünü səfərbər eylə,
Nuhun gəmisinə orda yer eylə,
Burda yan almağa liman qalmadı.
 
18-21 aprel 2022-ci il.