(ixtisarla)

Ovçu Piri oylağa çatanda dan yerindən soyuq külək əsirdi. Düzənliyə çökən boz duman tərpənib, qərbə doğru çəkilməyə başladı. Üfüqdən uzanmış şüalar altında parlayan körpə payız otları üşüyürmüş kimi titrəşirdilər.

Ovçu Piri lap ayağının ucuna qalxıb, yaxındakı şehli yovşan koluna qonan çobanaldadan quşundan gözünü çəkib, başını qaldırdı. Bu zaman aralanmaqda olan duman içindən başqa bir ovçunun çıxdığını gördü. Onun əynində içi xəz gödəkcə, ayaqlarında iri əsgər çəkmələri var idi. Azca yana əyilmiş gümüşü papağının yanlarından vaxtından tez ağarmış qıvrım saçları görünürdü. Sol əlini belinə boş bağlanan qatara keçirmiş, sağ əli ilə çiynindən asılan təzə qoşalülənin qayışından tutmuşdu. İri çal bığları onun qarabuğdayı üzünə yetkin, ağır bir görkəm verirdi.

– Sabahın xeyir, ovçu qardaş, – deyə o, bərkdən səsləndi, – Papirosun yoxdur?

– Sabahın xeyir… – deyə ovçu Piri ayaq saxlayıb, qədim taxta qutusunu çıxartdı və dedi: – Tütünüm var…

– Bəri ver görüm, – deyə dumandan çıxan ovçu ona yaxınlaşdı. 
– Papirosum yadımdan çıxıb, qalıb maşında… nəfəsim lap qaralıb. 
– Maşının harada qalıb ki?
– Maşınım kəndin yanındadır. 
– Görünür, şəhərdənsən? 
Yeni ovçu: 
– Bəli, – dedi, – şəhərdənəm. 

Ovçu Piri öz tüfəngini çiyninə salıb, şəhərdən gələn ovçunun tüfəngini alıb diqqətlə nəzərdən keçirdi. Günəşdən, ayazdan yanıb qaralmış arıq sağlam üzü birdən-birə canlandı. Gözləri parladı.

– Bunlar yaxşı tüfənglərdir. Mən də bir adamda bunun birinin yerini eləmişəm, gərək nə cür olsa, pul düzəldib onu alam.

Ovçu Piri çat-çat olmuş qabarlı əlini ehtiyatla tüfəngin lüləsinə çəkərək sahibinə qaytardı.

İndi duman tamam çəkilib getmişdi. Yeni göyərmiş otların, yayda qurumuş tikanlı qanqalların arasında tək-tük sarı, firuzəyi çiçəklər görünürdü.

– Eh, – deyə ovçu Piri yanıqlı bir səslə dilləndi, – biz gəldi-gedərik, sən yaşa, dünya!

– Bu, haradan yadında qalıb, ay ovçu qardaş? – deyə şəhərli soruşdu. 
– Heç bilmirəm, haradan yadımda qalıb… Ancaq yaxşı deyib.

Şəhərdən gələn ovçu xeyli uzaqda, düzənlə göyün birləşən yerində bir dəstə ceyran gördü. Onlar dayanıb nəyi isə dinləyirdilər.

– Aşağı yat… – deyə Piri yerə çökərək şəhərlinin ətəyini dartdı. Lakin birdən elə bil ki, sürü nədən isə hürküb, ildırım kimi qaçıb gözdən itdi.

– Bay… – deyə Piri təəssüflə səsləndi. Ancaq çox çəkmədi ki, sürü yenidən göründü. Ceyranlar bir an dayanıb bir-birinə sığındılar. Sonra tərpənib, o yandan bəri qaçmağa başladılar.

– Düz üstümüzə gəlirlər, – deyə ovçu Piri sevinclə səsləndi. – Ancaq balaca qımıldandın, heç nə… Əlli-altmış addım qalmış atacağıq…

Ovçu Piri yoldaşını dümsüklədi. Bu, “hazır ol!” demək idi. Lakin şəhərli ovçu bunu hiss etmədi. Onun sevinc və heyrətlə baxan gözləri kolların, uca qanqalların üzərindən atıla-atıla gələn sürüdə idi. Onların şəvə kimi qara dırnaqları tez-tez havada parlayırdı. İndi şəhərdən gələn ovçu onların balaca, qəşəng ağızlarını, iri, qara gözlərindəki mehriban və ürkək ifadəni aydınca seçirdi.

Ovçu Piri ceyranları nişan alanda şəhərli ovçu gözlərini ceyrandan çəkmədən, onun tüfəngindən yapışdı:

– Dayan! – deyə həyəcanla əmr etdi.

Ceyran sürüsü hürküb, bir göz qırpımında uzaqlaşdı. Ovçu Piri əvvəlcə şəhərliyə, sonra da əldən çıxmış ceyranların dalınca baxdı. Sonra yenə şəhərdən gələn ovçuya sarı dönərək:

– Əşi, necə yəni dayan! – deyə təəccüblə soruşdu.

Sürünü nəzərləri ilə izləyən şəhərli ovçu cavab vermədi. Ovçu Piri dikəlib oturaraq, yanıqlı-yanıqlı deyindi:

– Vay, səni! Heyif, heyif!..

Sürü tamam gözdən itəndən sonra şəhərli ovçu dərindən nəfəs alaraq, üzünü ovçu Piriyə döndərib soruşdu:
– Nə buyurdun?

– Nə buyuracağam? – deyə ovçu Piri yenə təəccüblə ona baxdı. Sonra yuxudan təzə ayılan adamla danışırmış kimi, bərkdən əlavə etdi: – Bir sürü ceyranı əldən çıxartdın!

Şəhərli ovçu tüfəngini çiyninə salıb qabaqda, ovçu Piri isə ürəyində deyinə-deyinə onun ardınca gedirdi.

Birdən şəhərli ovçu papağını gözünün üstünə çəkib, fitlə “Çobanı” çalmağa başladı. Ovçu Piri “Çobanı” havasına qulaq asdıqca sanki əsəbləri yavaş-yavaş yumşalır, otuz-qırx il qabaq həmin bu yerlərdə qoyun yaylıma çıxardığı aydınlıq gecələr yadına düşürdü…

– Gözəl sürü idi! – deyə şəhərli fiti kəsərək, bayaqkı sözləri təkrar etdi.

Axşama yaxın bərk yağışa düşdükləri üçün şəhərli maşının yanına qayıda bilməyib ovçu Pirinin təklifi ilə onlara getdi. Evə daxil olduqda ovçu Piri arvadı Gülgəzi səsləyib dedi:

– Tez ol, çay-çörək hazırla. Qonaq da səhərdən acdır…

– Yaman yorulmuşam, ovçu qardaş, – deyə şəhərli ovçu tüfəngini divara söykəyib, arvadın saldığı döşəkçənin üstündə əyləşdi.

– Mütəkkə-yastıq da qoy, – deyə ovçu Piri arvadını səslədi. Sonra özü də gəlib qonağın yanında oturaraq dedi: – Ayağını soyun, rahatlan, bu saat bir yaxşı çay içərik, yorğunluğumuz çıxar.

– Bir de görüm, acığın yatdı, ya yox? – deyə şəhərli ovçu gözəl, yorğun gözləri ilə gülümsədi.

– Canın sağ olsun, əşi! – deyə ovçu Piri mərdanə cavab verdi.

Səhər ovçu Piri oyandığı zaman şəhərli çıxıb getmişdi.

– Nə qədər elədim çaya qalmadı, – deyə Gülgəz xəbər verdi. – Öz tüfəngini qoyub, səninkini götürdü, dedi ki, kişi ilə dəyişmişik.

– Necə? – deyə ovçu Piri qulaqlarına inanmırmış kimi, tələsik qalxıb, şəhərlinin divara söykənib qalmış qoşalüləsini əlinə götürdü…

Ovçu Piri əlində tutduğu qoşalüləyə xeyli baxdı. Sonra ağır-ağır dedi:

– Kişinin adını da soruşmadım.

Bu hadisədən xeyli keçmişdi. Sərin bir yay axşamı ovçu Piri öz zağlı qoşalüləsini onun otuz ildən qalma köhnə tüfəngi ilə dəyişib xəbərsiz gedən o qəribə ovçunun əhvalatını klubun qabağına toplaşmış kəndlilərə yenicə nağıl edib qurtarmışdı ki, radioda böyük Azərbaycan şairi Səməd Vurğunun “Ceyran” şeirini oxudular. Xeyli müddət kimsə dinmədi. Hərənin nəzəri bir nöqtəyə dikilmişdi.

– Bah! – deyə xəyala getmiş ovçu Piri birdən səsləndi. – Elə bil kişi hamısını öz gözü ilə görüb yazıb…