Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portal Naxçıvan Bölməsinin Rəhbəri,

Naxçıvan Dövlət Universitetinin”Jurnalistika” ixtisası üzrə IV kurs tələbəsi

    Gecəyə möhürlənən gözəlliklərin fərqinə varmaq həvəsiylə ən incə hislərlə toxunuram sətirlərə.  Gecə qaranlığına rəğmən aydın sabahlar üçün ümidini itirmədən çıxıb ortalığa. Həyatın mənasını göz bəbəklərimizə daşıyaraq yaşamaq və həyatın göz bəbəyində yaşıyırmış kimin barmaqlarımın ucuna basaraq yaşamaq arzulayıram.

   Mənasını başa düşmədiyimiz, ürəklərimizi ağrıdan bu qədər acıya rəğmən ayaqda durmağımızla verirki həyatın sədəqəsini. Daha sonra hekayəmizin gözəl yazılması arzusuyla davam edərkən yaşamağa həyatın ən güclü qəhrəmanlarıyla adımızı qoşa çəkilməsini istəyirik. Üfüqdə ən gözəl uçurtmanı yaşamağı bilənlərlə birlikdə uçurtmaq üçün həvəslənirik. Fərqinə varmadığımız saysız gözəlliklər gəlib gecənin qaranlığına qonaq olur. Pıçıldayaraq “yaşamaq çox gözəldir ” deyirəm və  rəsmlərinin çəkmək istəyirəm şahid olduğum bütün gözəlliklərin.

    Gecə ən parlaq halıyla toxunub keçir ürəyimə. Səmadakı bu qədər parlaq ulduzun  qoynunda yaşamaq  xoşuma gəlir. Ətrafda dərin bir səssizlik var. Gecənin qapqara rənginin altından imtiyazlı bir aydınlıq sıyrılaraq gəlir həyatımın tam ortasına. Aydınlığa olan aşinalığım məni yenidən bağlayır həyata, zamana və sabaha…

     İçimdə sözlə deməsi mümkün olmayan hislər yaranır. Söz keçirə bildiyim hər kəsə və hər şeyə mənalı yaşamağı və həyatı mənalandırmağı hayqırmaq, qəlb ilə aydınlıq necə tutulur, gözlərlə necə həyata toxunulu, gecənin tam ortasında gündüzü, qaranın içindən ağı görməyi öyrətmək istəyirəm.

   Gecənin içindən keçən ürəyim gördüyü gözəlliklərdən sonra xoşbəxtliyin ən gözəlini yaşayır indi. Bərəkət dolu bir gün bir anda üzünü göstərir . Sanki həyat bizi yenidən qarşılayır. Dünyanı isidən günəşin qarşısında  aydınlığa bağlanıb qalmağı arzulayıram. İlk salam verməyin sevinci ilə salamlayıram günü və günəşi.

     Ürəyimə xoşbəxtliyin qoxusu dolur. Gələcək zamanlar üçün günəşin aydınlığından bütün ciblərimə doldurmaq istəyirəm. Gözyaşlarımın yanaqlarımı islatmağından çox isitdiyini hiss edirəm. Gözümdən süzülənlə torpağa süzülən qəlbimə çatarkən ən çox sevdiyim ailəmə ürəyimdə böyüyən çiçəklərdən bir dəstə  vermək istəyirəm.

 Bütün gözəllikləri və aydınlıqları topluyaraq həyatın içinə girirəm. Həyətdən dərdiyim bir dəstə çiçəyin suya qoyulmaq hekayəsidir məni ayaqda tutan,  torpağın qoxusuna aşinalığımdır məni cəsur edən…        

    Sətirlərimin sonu gəlmir. Əlimi uzatdığım hər yerdə yaşamağı istəyən başqa əllər görürəm. Suya qoyduğum çiçək dəstəsini onlara verirəm.  Sonra yağış yağmağa başlayır. Biri torpağa,  biri yanağa süzülən yağışlar, biri insanlara, biri həyata yağan yağışlar,  qəlbimə çataraq çiçəklər böyüdən yağışlar… Yaşamaq arzusu sanki bir azda bu yağışlarla başlayır.