Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
Düşdü gözlərimdən can dediklərim,
Min əzab içində, min dərd içində,
Allahdan dua tək istədiklərim,
Qırışdı alnımda.
Qara saçımda,
ağardı ağappaq kədərə döndü,
Bütün fəsilləri payız elədi.
Çiçəyi, böcəyi sevən adamı,
Dünyada hamıdan yalqız elədi.
Zəlzələ sonrası dağıntılardan,
Çıxan cəsədlər tək nəfəssiz, səssiz,
Anlaya bilmədim, günahım nədir,
Anlaya bilmədim, kim idiniz siz.
Hərəniz əlində bir bıçaq, bir daş,
Məni əli yalın, ayağı yalın
qovdunuz, qovdunuz inamım boyu,
Qovdunuz, yıxdınız inamlarımdan.
Küsdüm bu dünyanın ağaclarından,
Küsdüm bu dünyanın adamlarından.
Küsdüm sərçələrdən, qağayılardan,
Şimalda don vurmuş okean üstə
Bala yedizdirən ağ ayılardan.
Küsdüm, bir mücrüyə çəkilib qaldım,
Küsdüm, mat-məəttəl dikilib qaldım.
Üzümü Allaha döndərmək üçün
İçimdə, çölümdə bir üz tapmadım.
Nə tövbə etməyə inam tapmadım,
Nə dua etməyə bir söz tapmadım.
Küsdüm bu dünyanın adamlarından,
Küsdüm sərçələrdən, qağayılardan.
Şimalda don vurmuş okean üstə,
Bala yedizdirən ağ ayılardan…
* * *
Qorxma bulud gözündə çaxan o şimşək mənəm,
Qışın oğlan çağında payız yaşayır ömrüm.
Bu gecə qəm içində tək Allahdı, tək mənəm.
Mən cəhənnəm, bu şəhər sənsiz üşüyür, Ömrüm.
Nə söylədin yollara çağıranda uzaqlar ?
Tanıdımı görəsən torpaq səni, daş səni?
Hara apardı səni qanadında uçaqlar?
Hara daşıdı görən dimdiyində quş səni?