Görkəmli Azərbaycan şairi Əli Kərimin kitabları çoxdandır ki, yeni formatda çap edilmirdi və buna çox böyük ehtiyac vardı. Atamın vəfatından 50 il keçməsinə baxmayaraq hələ də onun yaradıcılığı ədəbiyyatşünas alimlərin diqqət mərkəzindədir. Bu, bir daha onu göstərir ki, illər keçsə də Ə.Kərimin yaradıcılığı öz oxucu kütləsini, aktuallığını itirmir. Mən çox istərdim ki, gənclərimiz daim görkəmli şairlərimizin poeziyasından bəhrələnsinlər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında filologiya elmləri doktoru, Əlyazmalar İnstitutunun icraçı direktoru Paşa Əlioğlu deyib.
“Biz Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ilə atamın kitablarının digər dillərdə çap olunması barədə danışdıq. Azərbaycanda bəzi yazarların əsərləri 50-60 ölkədə tərcümə olunaraq çap olunduğu halda, niyə də Əli Kərimin yaradıcılığı tərcümə olunaraq başqa dillərdə çap olunmasın. Biz bunun üzərində işlədik və Qənirə Paşayevanın dəstəyi sayəsində bu işlər uğurla tamamlandı. Əli Kərimin demək olar ki, bütün əsərləri Türkiyədə “Bəngü” nəşriyyatında Türkiyə türkcəsində çap olundu. Buna qədər onun poeziyası qardaş ölkədə az təbliğ olunmuşdu. İndi Türkiyədə onun şeirləri böyük sevgi ilə oxunacaq. Daha sonra kitablar rus dilinə də tərcümə olundu və Əli Kərim yaradıcılığının əhatə dairəsi bir az da genişləndi. Rus dilində də kitabın çıxması Ə.Kərim poeziyasının daha geniş coğrafiyada tanınmasına vəsilə olacaq. Bu gözəl işlərin təşəbbüskarı olan Milli Məclisin deputatı Qənirə Paşayevaya həm ailəmiz adından, həm də bütün ədəbiyyatşünaslar adından təşəkkürümü bildirirəm”, -deyə Paşa Əlioğlu bildirib.