AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Məhtimqulu Fəraqi – dünya ədəbiyyatının görkəmli şairi” adlı Beynəlxalq elmi konfransı keçirilib. Konfrans AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu adına Dil, ədəbiyyat və milli əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib. Konfransa Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov, Türkmənistandan gəlmiş alimlər də qatılıblar.
Tədbirdən öncə Türkmənistan mədəniyyətini əks etdirən sərgiyə baxış olub.
Beynəlxalq konfransı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açıb. Akademik İsa Həbibbəyli Azərbaycan-Türkmənistan əlaqələrinin tarixindən bəhs edərək, bu əlaqələrin müstəqillik illərində daha da inkişaf etdiyini xatırladıb, qeyd olunan istiqamətdə ulu öndər Heydər Əliyevin xidmətlərindən danışıb. İki qardaş ölkə arasında münasibətlərin Ümummilli Liderin atdığı möhkəm təməllər üzərində sürətlə inkişaf edərək yeni mərhələyə yüksəldiyini vurğulayıb.
Bu gün Türkmənistan-Azərbaycan elmi-ədəbi əlaqələrinin inkişafında yeni bir mərhələnin həyata keçirildiyini deyən akademik İsa Həbibbəyli bu istiqamətdə dövlətlər səviyyəsində mühüm işlərin görüldüyünü qeyd edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış rəsmi sənədlər qardaş ölkə Türkmənistanla dərin kökləri olan əlaqələrin çoxistiqamətli inkişafı baxımından yeni üfüqlər açır. Bu istiqamətdə yaradılmış yeni imkanlar Azərbaycan-Türkmənistan əlaqələrinin bütün sahələrdə daha da inkişaf etdirilməsinə stimul verir. AMEA və Türkmənistan Elmlər Akademiyası arasında qurulmuş əməkdaşlıq əlaqələrinin yeni mərhələsi çərçivəsində Azərbaycan-Türkmənistan əlaqələrinin elmi-mədəni inkişafı, o cümlədən görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin həyat və yaradıcılığının öyrənilməsi baxımından əhəmiyyətli işlər görüldüyünü, mühüm tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.
Məhtimqulu Fəraqinin zəngin ədəbi irsinin Azərbaycanda geniş tədqiq edildiyini deyən akademik İsa Həbibbəyli ölkəmizin şairin yaradıcılığının, ideallarının öyrənilməsi baxımından ikinci böyük mərkəz olduğunu söyləyib. Alim bildirib ki, bu istiqamətdə görülmüş işlərdən biri AMEA alimlərinin ilk dəfə olaraq Bakıda aşkar edib üzə çıxardıqları Məhtimqulu Fəraqinin əlyazma “Divan”ının nəşr edilməsi olub: “Bu, Məhtimqulu Fəraqinin 1913-cü ildə Buxara şəhərində daş basması üsulu ilə çap edilmiş və indiyədək naməlum qalan yeganə nüsxəsidir və şairin irsinin öyrənilməsinə ən böyük töhfəmizdir”.
Akademik İsa Həbibbəyli, həmçinin bugünkü konfransda yer alan sərginin əhəmiyyətindən bəhs edib. O, burada nümayiş olunan materialların Türkmənistan ab-havasını ölkəmizə gətirdiyini bildirib, sərgidə mühüm əsərlərin təqdim olunduğunu diqqətə çatdırıb. Görkəmli mütəfəkkir Məhtimqulu Fəraqinin 300 illiyinin qeyd edilməsi ilə əlaqədar olaraq Türkmənistanda böyük şairə həsr olunmuş silsilə tədbirlərin keçirilməsinin planlaşdırıldığını vurğulayıb. Məhtimqulu Fəraqiyə həsr olunmuş ilk beynəlxalq tədbirin Azərbaycanda keçirildiyinə diqqət çəkərək bu baxımdan konfransın önəmini qeyd edib. Vurğulayıb ki, bugünkü konfrans da iki ölkə arasında qardaşlığın bir nümunəsidir.
AMEA rəhbəri çıxışının sonunda Məhtimqulu Fəraqinin 300 illik yubileyinə töhfə olaraq böyük mütəfəkkirin zəngin ədəbi irsi ilə bağlı ortaq kitabın nəşr olunması təklifini irəli sürüb. Məhtimqulu Fəraqinin “Divan”ını qonaqlara hədiyyə edib.
Konfransda Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov çıxış edərək Azərbaycanda türkmən xalqının qüdrətli şairi Məhtimqulu Fəraqi yaradıcılığına göstərilən diqqətə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Səfir qeyd edib ki, Məhtimqulu Fəraqinin yaradıcılığı təkcə türkmən xalqının deyil, dünyanın digər xalqlarının da mədəniyyətinə təsir göstərmişdir. Şairin zəngin irsi dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmiş, onun əsərləri bir çox xalqların dillərinə tərcümə edilmişdir. Qurbanməmmet Elyasov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən görkəmli türkmən şairi və mütəfəkkiri Məhtimqulu Fəraqinin 300 illik yubileyi münasibətilə 2024-cü ilin “Məhtimqulu ili” elan edildiyini diqqətə çatdırıb.
Səfir ortaq mənəvi dəyərlər və dini-mədəni köklərlə bir-birinə bağlı olan Türkmənistan-Azərbaycan münasibətlərindən söz açaraq, son illərdə ölkələrimiz arasında müxtəlif istiqamətlərdə yüksələn xətlə davam edən əməkdaşlıq əlaqələrinin dərinləşdiyini və genişləndiyini vurğulayıb. Qurbanməmmet Elyasov Türkmənistanın Azərbaycandakı səfiri kimi iki qardaş ölkə arasında münasibətlərin daha da gücləndirilməsi üçün hər cür dəstəyi göstərəcəyini bildirib.
Sonra Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məmməd Əliyev “Məhtimqulu Fəraqi və Molla Pənah Vaqif şeirinin özəllikləri” adlı məruzə ilə çıxış edərək hər iki şairin şeirlərini nümunələr əsasında müqayisə edib.
Türkmən filoloqlardan Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu adına Dil, ədəbiyyat və milli əlyazmalar İnstitutunun Lüğət, terminologiya və dil mədəniyyəti şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ata Qılıcov, Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu adına Dil, ədəbiyyat və milli əlyazmalar İnstitutunun Xalq yaradıcılığı şöbəsinin elmi işçisi Yusup Lallakov, Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu adına Dil, ədəbiyyat və milli əlyazmalar İnstitutunun Müasir türkmən dili və tarixi şöbəsinin elmi işçisi Qurbanberdi Qurbangeldiyev şairin yaradıcılığının müxtəlif istiqamətləri haqqında məruzə ediblər.
Azərbaycanlı alimlərdən filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlı “Məhtimqulu Fəraqinin poemaları” və filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbova “Məhtimqulu Fəraqinin əsərlərinin müstəqillik dövrü Azərbaycan ədəbiyyatında tədqiqi məsələləri” adlı məruzə ilə çıxış ediblər.
Konfransda Türkmənistan Mədəniyyət Mərkəzinin Dövlət muzeyinin sərgi işlərini hazırlama şöbəsinin müdiri Aymırat Amanqılıcov, Türkmənistan Dövlət Rəssamlıq Akademiyasının “Təsviri” incəsənət fakültəsinin “Nəqqaşlıq” kafedrasının təcrübəçi müəllimi Mıratmergen Kulıyev və Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Nizami Tağısoy çıxış ediblər.
Gülnar Səma
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
İctimaiyyətlə əlaqələr şöbəsi