Cəmiyyət son vaxtlar qəribə bir ədabazlıqla çalxalanır: “Kişilər qapatılsın!” (həbs olunsun)

Hara qapatılsın? Başqa bir qalaktikayamı? Zarafat kimi irəli sürülən bu cümlənin arxasında əslində nə dayanır? Bəlkə, bütün kişiləri toplayaq elə tökək Marian çökəkliyinə? Bütün qadınlar azad firavan yaşasın..

Seksizm dediyimiz şey heç vaxt birtərəfli olmayıb. Bəzən, qadınların kişilərçün rahat şəkildə sərf etdiyi sözləri, hansı ki zarafatca, kişilər qadınlar üçün sərf etdikdə daş-qalaq olunurlar. Tez başlayardıq sosial mediada yazmağa ki, #qadındüşmənliyinəson!

Məni bir xanım kimi narahat edən məqamlar çoxdur. Onlardan biri də elə budur, qadınların tələb etdiyi azadlıq, arzu və rahatlıqları çox vaxt sırf öz kefləri, rahatlıqları üçün istədikləri halda, kişilərə “sən kişisənsə, bunları etməlisən” seksist düşüncəsi ilə yanaşmaları və kişiləri mühafizəkar çevrənin tələblərinə həbs etmələri.

Bu gün cəmiyyətimizdə və əlbəttə ki, dünyada gedən proseslər insanlığa ya əyri-üyrü təbliğ olunur, ya da, ümumiyyətlə, mövzunu heç zərrə qədər dərk etməyən kütlə tərəfindən təlqin olunur.

Sosial media həyatımıza hər gün yeni bir tendensiya, yeni təcrübə və ya yeni bir deyim əlavə edir. Kiminsə təcrübəsi, arzusu, sarsaqlaması viral olur, şüurlu və şüursuz şəkildə yayılır və ya təkrarlanır. Vəbadan daha tez yayılır bu duzsuz zarafatlar, yeni trendlər, səhv informasiyalar, mənəviyyatsızlığı azadlıq adı ilə soxuşduran ifadələr, mahnılar həyatımıza, yemək masamıza, yataq otağımıza, auiditoryalarımıza…

Hər gün qulağımız bunları eşidir. Hətta o qədər eşidir ki, bu cür mənasız mahnı, şeir, ifadə, trendlərdən xəbərsiz olanı (özünü bu cür ciddiyyətsizliklərlə zəhərləmək arzusunda olmayanları) mühafizəkar, geri qafalı, köhnəfikirli adlandırırıq…

Bütün bunlar irəli fikirlilikdirmi?

Bu gün cəmiyyətdə kişilərlə, yaxud qadınlarla xoşagəlməz təcrübələr keçirmiş, belə desək, bədbəxtlik yaşamış şəxslər cinsiyyətçiliyin mərkəzində dayanır. Onlar qarşı cinsi alçaldaraq, təhqir edərək özlərini rahatladırlar. Ancaq getdikcə bu hal onlarda vərdişə çevrilir. Artıq onlar bu xəstəlikvari vərdişi yaymağa çalışırlar.

Qadınların cəmiyyətdə yaşadığı bu kimi məqamları bu gün Azərbaycan kişisi yaşamırmı?

“Kişi ağlamaz!”
“Kişi çox gülməz!”
“Kişi pul qazanmalıdır!”
“Kişi güclü olmalıdır!”
“Kişi ailəsinə baxmalıdır!”

Görürsünüz, əziz xanımlar, bu gün Azərbaycan kişisinə yüklənən, psixioloji, fiziki, maddi məsuliyyətlər heç də az deyil… Biz isə çox vaxt bunlara fikir vermirik. Nə üçünmü? Çünki işimizə gəlir… Çünki eqoluyuq…

Çünki tik-tokda, ya digər şəbəkələrdə eşitdiyimiz tullantı fikirlər istəməsək də, zarafat ya da ciddi, şüurlu, ya da şüursuz şəkildə bizimlə doğmalaşıb, zehnimiz, beynimiz, yaddaşımız və dilimiz vasitəsiylə vətəndaşlıq qazanıb, ruhumuza həkk olunub necə təkraranırsa, cəmiyyətin boynumuza qoyduğu “etməlisən, olmalısan, etməlidir, olmalıdır” kimi düşüncələr də bizə o cür təsir edir.

Bəli, bütün bunları kişilər etməlidir-deyirik.
Özümüzə (yəni qadınlara) qoyulan “etməlisən, olmalısan, etməlidir, olmalıdır” kimi düşüncələri isə qadın zorakılığı adı altında şərh edirik…

Modernləşməyə gəldikdə, işə, kişilərin boynuna yüklədiyimiz məsuliyyətləri azaltmadan, ev təmizliyində, uşaq baxımında, maşınından istifadədə şəriklik konsepsiyası ilə çıxış edirik.

Ax biz qadınlar, necə də ağıllı, gözəl və qəddarıq.

Bəs buna layiq oluruqmu, kişilər həyatımızda bunlarda bizə dəstək olurmurmu?

Bəli, müəyyən mənada olurlar. Biz bunu onların bizə qarşı duyduğu sevgi, humanistlik və sayqı kimi yox, bizim gücümüz kimi dəyərləndirmirikmi?

Belə də baxanda, bəli, kişilərlə eyniyik, onlar bizi anlamalı, maksimum azadlıq verməlidir!

Hətta onlarsız da yaxşıyıq, xoşbəxtik…

Marilin Monronu sevirik, Frida Kahlonu, Rihannanı…

Marilin Monro deyir ki, kişilərlə eyni olmaq istəyən qadınlar tutqularını itirmiş olanlardır…

Hmm, nə demək istəyib Marilin?

Burada iki məqam var. İlk məqam, qadınlıq, qadın hissləri gözəldir. Digəri isə xanımların yaşadıqları ağır həyat sonrası bu kimi nəticələrə gəlməyidir…

Bu tərz arzuların, lətifələrin və aqresiyasız aqresiyanın arxasında “bir kişini anlamağa, onu həyatında müəyyən yerə yerləşdirməyə cəhd etməmək, yaxud, edilən cəhd uğursuzluqla, bədbəxtliklə nəticələndiyində bütün kişiləri eyni gözdə görüb, qiymətləndirməmək psixologiyası dayanır”.

Niyə kişilər?

Tez-tez qadın azadlığı, qadın olmaq, qadın problemi və s. kimi mövzulardan yazan biri kimi, bu dünyada kişi olmağın heç də asan olmadığını anlayıram. Dünyada kişilər çox təzyiq görür. Ancaq biz bunu onların gücü kimi onlara sırıyırıq….

Deyirəm də, yaşasın qadın ağlı…

Cəmiyyətimiz qadınlara bir çox məsuliyyətlər yükləyir, bəs kişilər? O məsuliyyətlər, məcburiyyətlər kişilərə yüklənmirmi? Qadın yemək bişirmədikdə, ev təmizləmədikdə “sən qadın deyilsən”, “səndən qadın olmaz” kimi cümlələrlə xanımlarımıza hücum olunur.

Bu problemlərin həlli varmı? Əlbəttə var, yemək bişirməyi öyrənmək olar, hətta evi də təmizləmək mümkündür. Bu, kişilərsiz də xanımların yaşamaq üçün, hətta kişilərin də tək yaşadıqda icra etməli olduğu işlərdir.


Ancaq bir kişiyə eyni tərz fikirlər bir çox kontekstdən yüklənir…

“SƏN KİŞİ DEYİLSƏN!”

Aydaaa, necə də ağır ifadədir. Bədənimdən üşütmə keçdi… Bir xanım kimi, bir övlad kimi, bir həyat yoldaşı kimi, bir ana kimi… həyatımdakı kişiyə qarşı bu cümləni eşitmək, qəbul etmək, sərf etmək istəməzdim. Bu ən böyük zorakılıqdır…Şiddətdir…

Hər cəmiyyətdə layiqsiz insanlar olur, bunun kişilik və qadınlıqla, cinsiyyətlə əlaqəsi yoxdur.

Qadın evin dirəyidirsə, kişi də bir cəmiyyətin qurulmasında önəmli meyar, dayaqdır. Bəzən sərf edilən bu kimi təhqirlər daha ağır məsələlərə, sona səbəbiyyət verəcək dozada olur.
Kişi işləmirsə, bu cümlə ilə ona hücum edilir…Gəlin razılaşaq ki, iş probleminin həlli (iş tapmaq çətindir, yaxud səhhətə, psixiolojik qəbul etmə, yaxud etməmə düşüncəsinə görə işləyə bilməmək) bu gün yemək bişirmək, ev təmizliyi problemindən daha ağırdır.

Bir deyim var, “qadın kişini vəzir də edər, rəzil də”…

Rəzil kişi ilə kim yaşamaq istəyir ki?

Məncə, bütün xanımlarımız vəzir, hətta hökmdar kişilərlə yaşamaq istəyər.

Azadlıq hər insanın haqqıdır, bunu tələbi də həmçinin. Amma azadlıq ruhsaldır, düşüncələrlə, əməllərlə şaxələnən prosesdir.

Bir çox konfliktli məqamları gözardı etmədən qeyd edək ki, düzdür, başqa cür neqativ halda ortaya çıxan həll olunmayan məsələr də var.

Yaxud bir kişi qadınına daha böyük azadlıqlar vermirsə, günahlandırılır. Bunun bütün günahı kişilərdədirmi? Bu məsələnin açması həm sosial, həm də psixolojidir. Söhbət bizim cəmiyyətdən gedir.

Konformist Azərbaycan ailəsində doğulan Azərbaycan kişisi birdən-birə necə “azadfikirli” avropalı kimi davrana bilər? Ya da Azərbaycan kişisi nə üçün avropalı kimi davranmalıdır?

Bu zərurətdirmi?

Azərbaycan xanımları tarixən gözəlliyi, isməti, təfəkkürü ilə seçilir. Sara Xatun, Möminə Xatun, Nüşabə, Tomris və s…

Fikrimcə, Azərbaycan kişisi də kifayət qədər dəyərlidir. Tarixdən bu günə kimi, o, dürüstdür, yaraşıqlıdır, ağıllıdır, uzaqgörəndir və son sınaqlar yenə göstərdi ki, o həm də Qəhrəmandır…

Mənbə: https://kulis.az/