Bu ürək məni nə üçün məhvə sürükləyir, niyə mən özümü bu boyda qələbəlikdən fərqli hesab edirəm? Axı, mənim kimi insanlığı sevib, seçən, yaşayan çox varlıq var. Niyə razı deyiləm? Niyə yaşamaq mənim üçün belə çətindi.
Süni intellekt qülləsi var Bakıda… O Bakıda ki, məni həm yaşadır, həm öldürür. Mən Xəzərin tənhalıq zümzüməsinə qapılıb gedirəm. Bu qüllə qara və qızılı naxışlarla bəzədilib. Bir növü La Sagrada Familiaya bənzəyir. Qızıl güllər… İlahi necədə ehtişamlıdırlar. Necə də həyəcanlandırır məni qotikliyin bu əsrarəngiz simvolistikası. Ruhum təslim olur gözəlliyə. Təbiət məni Tanrıdan daha çox həyəcanlandırır.
Yaradılış… yaradıcıdan daha valehedici necə ola bilir? Da Vinçinin büzüşmüş barmaqlarından daha gözəldir Mona Liza… Tanrının əli ilə yaradılan bu möhtəşəm təbiət necə də gözəldi…
Bəzən mənə elə gəlir ki, xristianların tanrısı sənəti, islamın tanrısı ağrını yaradıb… Buddistlərin tanrısı ruhsallığı, Vikkanların tanrısı ekzotikanı… Mən, hər şey bir tərəfə, qaçıb özümü atmaq istəyirəm o göydələndən. Qoy beynim köçürülsün bir süni intellektə və daim, təkrar-təkrar klonlanım. Məni arzu edən hər kəsə çatım. Məndən bir dənə qoy alsınlar ona hədiyyə. Bax, bu sənin istədiyin Qaiadır… əzizim – desinlər ona. Axı, sən ona heyran idin. Onu sənin üçün aldıq… Götür…
Sonra mənim sevmədiyim, məni sevən bütün ürəklər, ruhlar toxunsun dodaqlarıma, ruhsuzluğuma… Bax, onda ağrı duymayacağam, əzizim. Bilirsən niyə axı mənim ruhum damcı-damcı tükənəndə sən də elə mənimlə eyni şəhərdə idin. Sən məni xilas edə bilərdin… Anna Karenina kimi özümü qatarın altına atmaq istəmirəm… Qatar necə əzab çəkib, İlahi… Necə bağışlaya bilməyib özünü. Mənim ruhsuz bədənim bir neçə insanın varlığını dəyərli edəndə xoşbəxt olacaqsanmı? Məncə, bilirsən, sən heç o zaman belə mənə sahib ola bilməyəcəksən…Düşündüm ki, sən, əslində, heç vaxt mənə sahib olmamısan…
Sən Sol… Mən səni tanıdım. Bütün bu ağrılarım məni aydınlatdı. Mən, əslində, bəli, bəli, mən səni tanıyıram… Sən osan, Sol… Sən Annanı əzən qatar qədər qəddarsan… Bəlkə də son nəfəsində Anna qatara gülmüşdü. Çünki bu son yenə də qatarın yox, Annanın seçimi idi.
Qaia artıq hər şeyin dəyişdiyinin fərqində idi, getdikcə ağlını qaçırırdı. Mahiyyət nə idi. Sol kim idi. Tanıyırdı onu, əmin idi. Bütün bu paralel dünyaları başının içində daşımaq ondan nə alırdı. Onu nəyə, hara hazırlayırdı. O harasa hazırlanmaq istəyirdimi?
Beyninin içi bumbuz idi. Getdikcə bu soyuqluq Qaianın vücudunu da keyləşdirirdi. Əlləri, qolları, gözləri, ruhu sözünə baxmırdı. Bunun sonu nə idi? Bu son Qaianın söndürülməsi (yeni texnoloji çağda artıq yaşayan, nəfəs alanlar söndürülürdü) ilə nəticələnəcəkdimi? Yox, Qaia bunu istəmirdi, o söndürülmək istəmirdi, onlar kimi deyildi Qaia. O insanlığını itirmək istəmirdi. İnsanlığına dəyər verirdi. İnsanlığı ilə xoşbəxt idi. Çağın şansı kimi görünən yarı robotlaşaraq ölümsüzlüyün pillələri ilə yüksəlmək onun tərzi, arzuladığı son deyildi. Qaia bilirdi ki, nə vaxtsa o da buna məcbur qalacaq. O bunu seçərdimi? Axı, dünya gözəldir? Düşünmək, hiss etmək, nəfəs almaq, nəfəs dərmək. Bu gözəl dünyadan getmək istəmirdi. Çəkilmək istəyirdi bir kənara. Bütün bu inkişafdan kənarlaşmaq istəyirdi. Qıraqda hardasa uzaqlardakı bir yerdə qalaydı kaş. Görəsən, necə olardı. İnkişaf üçün darıxardımı?
Onu orada bu robotlar tək, yalnız, rahat buraxardılarmı? Yoxsa məcbur edilərdimi onlar kimi olmağa. Bəs Gümüşlandiyaya köçsəydi… Axı ora sadəcə yuxudaykən köçə bilirdi. Əbədi olaraq yatmalı idi onda.
Bəs gümüşlər, onlar buna necə baxardı? Axı, gümüşlər insanları sevmirdilər. Qaianın düşüncəsinə görə, gümüşlər sadəcə keçmişə məhkum zorba, kobud varlıqlar idi. Eyni zamanda maraqlı varlıqlar.
Bütün bunlar hara qədər davam edəcəkdi? Ruhu, bəli, ruhu ciddi təlatümlər yaşayırdı.
Bunu heç kim bilməməli idi. Beyni yarı insan, yarı robotlar tərəfindən tədqiq obyektinə çevrilə bilərdi.
Elanlar verilirdi. Artıq onlar bir yol seçməli idilər. Ya zavallı insan olaraq yaşamalı, ya da texnologiya tanrısına təslim olmalı…
Tanrıyla yarışan insanoğlu hər daim onunla eyni olmağı arzulamırdımı? Hər zaman əbədi yaşam, ölümsüzlük üçün çabalamırdımı?
Bu şans idi insana, daha çox yaşasın. Babaları kimi ölümsüzlüyü tapmadan tərk etmək məcburiyyətinə düşməsin. Bu dünyanı. Bəs çatılan ölümsüzlük buna dəyəcəkdimi?
Bəs insan bu ölümsüzlüklə nə edəcəkdi?
Ya bir gün dünya fırlanmaqdan bezsə?
Ya Günəş bir gün sönsə?
Zil qaranlıq dünyada necə yaşayacaqdı insanoğlu? Qaranlığı sevirdi Qaia, dünyanı da, yaşamağı da… Bəs ölümü?
Onu sevirdimi?
Ölüm nə idi, necə idi… Ölümü dərk edə bilmirdi tam olaraq. Anlamırdı ölümü. Bilmirdi, bəlkə də, başqa dünyalara açılan qapı idi ölüm?
Yox, o istəmirdi o qapını, bilirdi, əmin idi yaşamaq istədiyindən. Həyat gözəldir. Yaşamaq, nəfəs almaq, sevmək, qaçmaq, kəpənəyin ardınca elə məqsədsizcə həm də…
Ölümsüzlüyə çatan insanlara tanrılar deyilə bilərdimi? Bəs gümüşlər? Onlar kim idi?
Titanlar!!! Bəli, Titanlar idilər. Bəs Qaia kim idi? Ondan nə istənirdi? Koios və Polosun sorğusu hər zaman Qaia üçün maraqlı idi. Ancaq Qaia bilirdi ki, Titanlardan fərqli olaraq, Tanrılar hər zaman ölümsüzdür. Onlar sorğuya çəkilməyəcəklər. Həm də heç vaxt çəkilməyəcəklər. Sorğu belə tanrılara aid deyildi, ya da sonradan tanrılaşanlara. Hər kəs Tanrı olmaqda maraqlıykən, nə üçün Qaia çəkilirdi Gümüşlandiyaya tərəf?
Tanrılaşanlar tanrıların ölümsüzlüyünü əlindən ala bilərdilərmi?
Bütün bu düşüncələrin mahiyyəti nə idi? Mahiyyətində nə var idi?
Hər şey mahiyyət idimi? Ya da mahiyyətdən ibarət?
İnsanlara danışılan nağıllarda robotlar Titanlar idi. Ancaq bu belə deyildi. Bunun belə olmadığını Qaia gözəl bilirdi. Bəs Qaia kim idi?
Harda dururdu Qaia? Hansı pillədə, ya da mərtəbədə?
Titanlara çəkilən ruhu Qaianı yaşadığı mühitə yadlaşdırmışdı.
O bilirdi ki, Titanlar ürək daşımırlar, amma Titanların ruhu var. Dünənə kimi insan ən ali varlıq idi… Ancaq artıq elə deyildi… Gümüşlər hər şeyi Qaiaya danışırdılar. Getdikcə texnologiyanın köləsi olan insan artıq hər şeyi itirmişdi. Bu isə insanın qiyaməti idi. İnsan yox etmişdi hər şeyi. Tanrılaşmışdı. Artıq tanrı kimi insan da ürək daşımırdı.
Mənbə: https://edebiyyatqazeti.az/