4- 28 aprel Türkiyənin Ankara şəhərində CSO ADA Ankara`nın Ana Salonunun səhnəsində 37-ci Beynəlxalq Musiqi Festivalı keçirilib.
Bu mötəbər festivalın açılış günündə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri iştirak edib. Tədbirin ilk konserti məhz Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə gerçəklənməsi sevindirici, eyni zamanda qürurvericidir.
Konsert proqramında tanınmış solistlər – Azərbaycanın Respublikasının Xalq artisti Murad Adıgözəl-zadə (fortepiano) və Əməkdar artist Elvin Xoca Qəniyev (skripka) öz ifalarını təqdim ediblər.
Proqramda Ferit Tüzünün “Çayda çıra”, Fikrət Əmirovun violin, piano və orkestr üçün Konserti və Antonin Dvorjakın 9 nömrəli “Yeni dünyadan” Simfoniyası səslənib. Bu əsərlərdən əlavə ilk hissənin sonunda Corc Vilyamsın “Şindlerin siyahısı” kinofilminə yazılmış musiqisi ifa olunub. İfa Türkiyədə zəlzələ zamanı həyatlarını itirmiş insanların xatirəsinə həsr edilib. Konsert Niyazinin “Türk marşı” ilə tamamlanıb.