Bu gün Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Salamzadənin doğum günüdür.
AZƏRTAC xəbər verir ki, anadan olmasının 115-ci ildönümü tamam olan Qəmər Salamzadənin əsas yaradıcılıq fəaliyyəti Azərbaycan kinostudiyasından başlayıb.
Mehdi Hüseynin “Səhər” romanının motivləri əsasında çəkilən filmdə, nəhayət ki, azərbaycanlı qadın Q.Salamzadə milli kinomuza öz töhfəsini verə bilib.
Qəmər Əliqulu qızı Salamzadə 1908-ci il mayın 5-də Culfada dünyaya göz açmışdı. Ailəsi 1912-ci ildə maarifçi mədəni mühiti ilə dövrün aydınlarını özünə cəlb edən Tiflis şəhərinə köçmüşdü; lakin burada “Otaylı”, “Cüvəllağı”, “Cüvəllağı bəy”, “Sarsaqqulu bəy”, “Qəmküsar” imzaları ilə kəskin tənqidi məqalələr, felyeton və satirik şeirlər yazan atasının aydın dostları nə qədər çox idisə, fanatik, dindar, köhnəliyin tərəfdarı olan qaraguruhun içindəki düşmənləri də bir o qədər çox idi. – Atası Əliqulu Qəmküsarı 38 yaşında, 1919-cu ilin baharında Tiflisdə menşeviklər qətlə yetirmişdi. Cavan ailə başçısının itkisindən sonra Qəməri əmisi Rzaqulu Nəcəfov tərbiyə edərək böyütmüşdü.
Dövrünün qabaqcıl aydınlarından olan əmisinin himayəsində böyüməsi Qəmər xanımın təhsilində və dünyagörüşünün formalaşmasında önəmli rol oynamışdır. O, atasının sağlığında Naxçıvanda qız məktəbində təhsilə başlamış, daha sonra, Tiflisdə rus məktəbində oxumuşdu; lakin Əliqulu Qəmküsarın vəfatından sonra ailə yenidən Naxçıvana qayıtdığından Qəmər xanım da qız məktəbində təhsilinə davam etmişdi.
Naxçıvanda qız məktəbində təhsil aldığı vaxtdan ictimai fəallığı ilə fərqlənən Qəmər məktəbin tamaşaya hazırladığı “Arşın mal alan” musiqili komediyasında dəfələrlə Telli rolunu oynamışdı. Naxçıvan teatrının rejissoru olan Kazım Ziyanın dəvəti ilə tamaşalarda və geniş söhbətlərdə davamlı olaraq iştirak etmişdi. Naxçıvan və Tiflis ədəbi-mədəni mühitinin yetirməsi olan gənc Qəmər xanım özünə kinorejissorluq sənəti seçəndə bir çox Azərbaycan qadını hələ də mövhumat və fanatizmin, köhnə həyat qanunlarının pəncəsində əziyyət çəkirdi.
O, Moskvada Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirib. Qəmər xanım Moskvada XX yüzilin əvvəllərində dünyada ünlü olan bir çox rejissorla görüşüb, Kulişоv və Eyzenşteyn kimi sənətkarlardan kino sənətinin sirlərini öyrənib. Təhsilini bitirdikdən sоnra Bakıya qayıdan Qəmər Salamzadə 1931-32-ci illərdə burada rejissor Rza Təhmasib, rəssamlar Salam Salamzadə və Rüstəm Mustafayevlə eyni vaxtda aspiranturada охuyub. Elə həmin illərdə o, “Qızıl kol” bədii filmində (1930) rejissor köməkçisi, “Əlsiz adamlar” filmində (1932) rejissor assistenti, “Rəqs edən bağalar”da (1935) ikinci rejissor, “Dəcəl dəstə”də (1937) quruluşçu rejissor (A.Popovla birgə) kimi kino sənətinə öz töhfələrini verib. Qəmər Salamzadənin “Azərbaycanfilm” kinostudiyasındakı əsas fəaliyyəti isə Mehdi Hüseynin bu quruma rəhbərlik etdiyi dövrdən başlayıb. Nəhayət ki, Qəmər xanımın rejissorluq məharətini göstərmək imkanı yaranıb. 1944-cü ildə həkim Hüsniyyə Diyarova haqqında “Şəfa nəğməsi” sənədli filminin ssenari müəllifi və rejissoru kimi isə o, sənətə ilk müstəqil rejissor işini bəxş edə bilib.
Xalq rəssamı Salam Salamzadə ilə xoşbəxt bir ailə həyatı quran, birgə mənalı ömür yaşayan Qəmər Salamzadə eyni zamanda, dövrün ziddiyyətləri ilə mübarizədə keçən bir ömür yaşayıb.
Qəmər Salamzadənin rejissor zəhmətinin bəhrəsi olan onlarla film bu gün də kino salnaməmizin dəyərli inciləri sayılır.
Sənətkar 1994-cü ildə 86 yaşında bu dünya ilə vidalaşaraq əbədiyyətə qovuşub. Bu gün fəxrlə demək olar ki, bütün müsəlman Şərq aləmində ilk qadın kinorejissor olan Qəmər Salamzadənin adı Azərbaycan kino tarixinə qızıl hərflərlə yazılıb.
Mənbə: https://azertag.az/