Mayın 17- də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda ustad tərcüməçi Natiq Səfərovun anadan olmasının 80 illiyinə həsr olunmuş “Sözə natiqlik” kitabının təqdimatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, kitabda unudulmaz söz adamı haqqında qələm dostlarının, doğmalarının, oxucuların xatirələri toplanıb.
Xatırladaq ki, Azərbaycan bədii tərcümə sənətinin yaradıcılarından olan ustad qələm sahibi Natiq Səfərov sözü, bədii mətni dərindən hiss edən, ədəbiyyatın daxili mexanizminə bələd olan tərcüməçi idi. Tərcümə sənətində böyük xidmətləri olan Natiq Səfərov bu sənətin əsas prinsiplərini bilirdi, sözün məsuliyyətini dərk edirdi, tərcümə etdiyi mətni bütün varlığı ilə hiss edirdi. Dilimizin məna çalarlarını, harmoniyasını canı ilə, qanı ilə hiss etdiyindəndir ki, bu sevgi onun tərcümələrində də aşkar şəkildə görünür. Oljas Süleymenovun bütün dünyaya səs salmış, qədim türk mədəniyyətinin rus dilinə, rus mədəniyyətinə təsirindən bəhs edən “AziYa” əsəri məhz onun peşəkar tərcüməsində Azərbaycan oxucusuna yetişib.
Natiq Səfərov Folkner və Markesi Azərbaycan oxucusuna ilk tanıdan tərcüməçilərdən olub. Uilyam Folknerin “Yanğın” və “Qırmızı yarpaqlar”, Qabriel Markesin “İsabel Makondada yağışa baxır”, “Baltasarın həyatında unudulmaz gün”, “Dünyanın ən gözəl ölüsü” hekayələri Azərbaycan oxucusunun dünya ədəbiyyatı ilə bağlı üfüqlərini genişləndirib, ədəbi zövqünün formalaşmasında rol oynayıb.
Natiq Səfərovun tərcümələri ədəbi dühaların siqlətiylə bərabər dilimizin imkanlarını da hiss etdirir. Eləcə də Andrey Platanov, Con Steynbek, İlya İlf və Yevgeni Petrov, Knut Hamsun, Vasili Şukşin, Aleksandr Çxeidze və başqa söz ustalarından tərcümələri tərcümə sənətinin parlaq nümunələrindəndir. Ömrünün son illərdə Robert Dahlın məşhur “Demokratiya haqqında” əsərini dilimizə çevirib.
Mənbə: https://azertag.az/