Hələ uşaq ikən televiziyada nə zaman ulu öndərin səsini eşitsəm “mavi, sehrli qutunun” qarşısına qaçar və gözümü qırpmadan onu dinləyərdim. Yaşım az olduğu üçün dediklərini tam olaraq anlamasam da, onun səsindəki ahəng, məğrurluq, qayğıkeşlik məni ovsunlayaraq ekranın qarşısına çəkirdi. Bir dəfə televiziyadan yenə onu izləyirdim və ulu öndər Səməd Vurğunun məşhur “Azərbaycan” şeirini səsləndirirdi:
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Onun nitqində bu şeir insanın ruhunu oxşayan bir ahəng ilə səslənirdi. Şeirin son misrasına çatanda isə çox kövrəlmişdi. O zamanlar bu qədər güclü və məğrur bir insanı kövrəldərək səsini titrədən səbəbin nə olduğunu anlamamışdım, amma onu alqışlayanlarla birgə ekranın qarşısında mən də alqışlamışdım. Zaman keçdikcə ulu öndər haqqında öyrəndiklərim ona olan hörməti və sevgimi daha da artırdı. Artıq anlayırdım bir bənd şeirin onu niyə kövrəltdiyini. Axı o şeirdə ulu öndərin gözünün nurunu, ürəyinin hərarətini azadlığı üçün bəxş etdiyi Azərbaycanından bəhs olunurdu. Kim bilir, bəlkə də bu misraları səsləndirdiyi zaman vətəninin keçirdiyi ağır günlər düşmüşdü yadına və ağrılı günlərdən sonra qazanılan müstəqilliyin sevinci idi yaşlarla birlikdə gözlərindən axan. Axı o, bu günləri görmək üçün ən təhlükəli məqamlarda belə geriyə addım atmamışdı. Hələ Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi zamanlarda minlərlə həmvətənlini Stalinin vəhşi caynağından və soyuq üzlü, daş divarları məşəqqətli ölüm, əzablı işgəncə qoxusu saçan hərbi düşərgələrdən, həbsxanalardan qurtarmağı bacarmışdı. O zamanlar Dövlət Təhlükəsizlik Komitəsində işləyənlərin sıralarında Azərbaycan xalqına qənim kəsilən erməni xislətlilər çoxluq təşkil edirdi. Bakıda isə ürəyində vətəni üçün böyük arzu və istəkləri olan gənc Heydər Əliyev yaşayırdı…
Onun mənalı ömür yolunu öyrəndikcə anladım ki, ulu öndər Azərbaycanın qüruru, iftixarıdır. Uşaq ikən səsini hər eşitdiyimdə qeyri-ixtiyari ekranın qarşısına qaçaraq anlaya bilmədiyim bir sevinclə izlədiyim ulu öndər mənim gözümdə öz ilıq şüalarını bütün yer üzünə təmənnasız paylayan və nurundan hamıya pay düşən Günəş kimidir. Həm də Qafqazdan dünyaya doğan Günəş!
Bu Günəş öz qayğıkeş, nəvazişli baxışlarını vətənin gələcəyi olan gənclərdən ayırmırdı. 1969-cu ildə hakimiyyətə gələn ulu öndər gənclərin təhsilinə xüsusi diqqət ayırdı. Onun təşəbbüsü ilə gənclər respublikadan kənarda vətənə ən çox lazım ola biləcək ixtisaslar üzrə təhsil almağa göndərildi.
Heydər Əliyev hər bir gəncin öz ana dilini mükəmməl bilməsini istəyirdi. O, bütün vurğulara, intonasiyaya, söz düzümündə ardıcıllığa, bölgü sistemlərinə zərgər dəqiqliyi ilə əməl edən, bir sözlə, öz ana dilinin bütün incəliklərini dəqiqliyi ilə bilən gənclik görmək istəyirdi. Ümummilli lider 70-ci illərdən başlayaraq yad dillərin qarışığından qoruduğu doğma ana dilimizin inkişafına xüsusi diqqət yetirirdi. Hələ sovet hökuməti dövründə – ana dilində danışmağın qadağan olduğu bir vaxtda o, ana dilinə olan sevgisini qorxmadan, çəkinmədən ali kürsülərdən xalqa bəyan edirdi. Bununla həm də gəncliyə, gələcək nəsillərə öz milli-mənəvi dəyərləri uğrunda hər şeyi gözə alaraq necə mübarizə aparmağı öyrədirdi.
Sovet İttifaqı dövründə hərbi kadr seçimində azərbaycanlılara qarşı biganəliyə də Heydər Əliyev son qoydu. O vaxtlar azərbaycanlı gənclər hərbi xidmətə çağırılarkən onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlardan istifadə etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək idi. Bunu qadağan edənlər bilirdilər ki, heç bir türk, heç bir azərbaycanlı sonsuza qədər kimlərinsə qılıncının altında qala bilməz. Bir gün mütləq öz azadlıqları uğrunda ayağa qalxacaqlar. Məhz bu səbəbdən, azərbaycanlıların hərbi biliyə yiyələnməsinə mane olunurdu. Lakin ulu öndərin təşəbbüsü və uzun mübarizəsindən sonra Cəmşid Naxçıvanski adına hərbi məktəbin əsası qoyuldu. Beləcə, yüzlərlə azərbaycanlı gənc hələ sovet hakimiyyətinin dövründə öz ana dilində və öz doğma vətənində hərbi sirlərə yiyələndi. Sonralar Azərbaycan müstəqilliyini bərpa etdiyi zamanlar ulu öndər müasir Silahlı Qüvvələrin yaradılması istiqamətində müəyyən çətinliklərlə üzləşdi, lakin o, bütün çətinlikləri dəf edərək Azərbaycana döyüş bacarığı və müharibə aparmaq iqtidarı olan güclü ordu bəxş etdi. Heydər Əliyevin memarı olduğu və böyük ümidlər bəslədiyi Ordumuz azad, müstəqil Azərbaycan üçün 2020-ci ilin payızında illərlə qazandığı biliyi, ağlı və gücü ilə ayağa qalxaraq 30 illik işğala son qoydu. Torpaqlarımız öz azadlığına qovuşarkən ulu öndərin arzuları gerçəyə döndü. Artıq reallaşan arzularla addımlayırıq Qarabağda, Şuşada.
Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran ulu öndərin uzaqgörən siyasəti bizi zülmətdən aydınlığa qovuşdurdu. Onun ideyaları bu gün də, sabah da yaşadığımız hər bir günün, hər bir anın üzərinə gur işıq salaraq vətənimizi gələcəyə, inkişafın ən yüksək zirvəsinə doğru aparacaq.
İlahə Allahverdiyeva,
Azərbaycan Mədəniyyət və ədəbiyyat portalının Naxçıvan bölməsinin rəhbəri