“Azərbaycan gəncləri” qəzetinin ədəbiyyat şöbəsində işlədiyim vaxtlar idi. Unudulmaz Xalq yazıçımız, böyük dramaturq İlyas Əfəndiyevlə görüşə getmişdim. Tamaşaya hazırlanan yeni pyesi barədə redaksiyanın tapşırığı ilə məlumat xarakterli məqalə hazırlamalıydım. Səhhəti ilə bağlı işə çıxmadığı üçün evə dəvət etmişdi.
Elçin müəllimlə də ilk dəfə orada, atasıgildə tanış oldum. Şadam ki, o vaxtdan bizim münasibətlərimizin üstə toz qonmayıb, yaradıcılıq əlaqələrimiz davam edir.
…Bu illər ərzində Elçin Əfəndiyevin nəinki əsərləri dünya şöhrəti qazanıb, hətta özü də bir yazıçı kimi milli ədəbiyyatımızın görkəmli şəxsiyyətlərindən sayılır. Təkcə bunu deyim ki, Türkiyə Prezidenti cənab Tayyib Ərdoğan bu yaxınlarda Elçin Əfəndiyevlə görüşündə onun yaradıcılığına yüksək dəyər verməklə mükafatlandırmış, Türkiyədə tamaşaya hazırlanan pyesinə uğur diləmişdir.
Elçin müəllimin çoxlu oxucuları var. Onun bir sıra əsərləri mətbuat səhifələrində də geniş müzakirə olunur və bu da onun müasirliklə bağlı məsələlərə müdaxilə etdiyini, tariximizin dərin laylarını qaldırdığını göstərir. “Baş” romanının geniş əks-sədası dediyimə misallardan biri ola bilər.
Görkəmli ictimai və dövlət xadimi, ədəbi-tənqidi fikrin nüfuzlu nümayəndələrindən olan Elçin Əfəndiyevin 80 yaşı tamam olur.
Yola saldığımız acılı-şirinli günlər və illər ərzində mən onun təmkinli, xeyirxah, bir az da narahat qəlb sahibi olduğunu görmüşəm.
Bəzi məqamları xatırlayıram. Bunlar unudulmur.
Məlumdur ki, bu il anadan olmasının 100 illik yubileyini geniş qeyd etdiyimiz Ulu Öndər müxtəlif yaradıcı nəsillərin həyatında, taleyində, xatirəsində yaşayır və yaşayacaqdır.
Mən də kənar deyiləm. Bizim Yazıçılar Birliyinin ədəbi orqanlarından olan “Azərbaycan” jurnalının poeziya şöbəsində işləyirdim. Ulu Öndər məni birbaşa “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru təyin etdi. Qəzet iki böyük yaradıcı təşkilatın: Azərbaycan Yazıçılar İttifaqının və Respublika Mədəniyyət Nazirliyinin orqanı idi. Elçin müəllim onda Yazıçılar İttifaqı üzrə qəzetin kuratoru idi.
Mən də bir müəllif kimi yeni yazdığım “Kimin sualı var” poemamdan qəzetdə bir parça çap etdirdim. Nədənsə, bu parça katiblərdən biri tərəfindən sərt qarşılandı, hələ siyasi rəng də verdi.
Poemanın qəzetdə çıxan fəsli iki gün katiblikdə müzakirə olundu. Ərizəmi yazıb işdən getməliydim.
Elçin müəllim qəzetin kuratoru kimi ədalətin tərəfində durdu, çünki məni yaxşı tanıyırdı.
Qəzetdə işlədiyim vaxtlarda Ulu Öndər özü mənə “Əməkdar incəsənət xadimi” adı vermişdi.
Xalq şairi Sabir Rüstəmxanlı Respublika Mətbuat və İnformasiya naziri vəzifəsində işləyirdi. O, Milli Məclisə deputat seçiləndən sonra Ulu Öndər məni birinci müavin vəzifəsindən müvəqqəti olaraq, nazirəvəzi yerinə sərəncamla təyin etdi.
Elə bir vaxt idi ki, orta məktəb dərslikləri nəşr edilib, təyinatı üzrə yerlərə göndərilməliydi.
Nazirlər Kabineti dərsliklər üçün nəzərdə tutulan maliyyə xərclərini, hətta işçilərin maaşlarını da ləngidirdi.
Baş nazirin müavini Elçin Əfəndiyev zəng vurmuşdu. Vəziyyəti olduğu kimi dedim. Elə bilirəm, narazı qaldı. Dərsliklər vaxtında çıxmalıydı.
Lakin bir gün sonra iki tanıdığım imkanlı şəxsə zəng eləyib borc istədim. Xeyli miqdarda xərciydi. Ümidim az idi. Amma verdilər.
Dərslikləri vaxtından qabaq nəşr edərək, Nazirliyin özündə dərsliklərdən ibarət sərgi düzəltdik. Baş nazirin müavini Elçin Əfəndiyevi də dəvət etdik.
Nazirliyin işini bəyəndi, nəşriyyat işçilərinin əməyinə yüksək qiymət verdi.
Dərindən nəfəs aldıq.
Artıq o illər də arxada qaldı.
Bu gün uğurlu taleyimiz yenə bizi bir yerə – İçərişəhərdə “Ədibin evi”nə yığmışdı. ADA Universitetinin rektoru, professor Hafiz Paşayev hekayə janrının inkişafına həsr olunan “Üçüncü Mir Cəlal Paşayev hekayə müsabiqəsi”nin yekunlarını elan etdi.
Müsabiqənin sədri Xalq yazıçısı Elçin Əfəndiyevdir. Tanınmış, görkəmli alimlər, yazıçılar isə münsiflər heyətinin üzvləridir.
Mükafatçıları təbrik edirik, şəkil çəkdiririk, vidalaşırıq.
Dünən Elçin müəllimin də müəllimi, böyük yazıçı, alim, pedaqoq Mir Cəlalın da anadan olmasının 115 illiyini oxucuları, ölkə mətbuatı geniş qeyd elədi.
Sizə cansağlığı, Elçin müəllim! Ailə, nəvə-nəticə sevincləri! Biz, əziz atanızgildə hələ dünən görüşmədikmi?!
Axı böyük türk şairi Nazim Hikmət də deyirdi ki, insan hər yaşda gəncdi.
Yaşayın, Elçin müəllim!
Yaşadanın yaşamağa haqqı var.
Sizə və ailənizə hörmətlə…
Mənbə: https://edebiyyatqazeti.az/