“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Habil Yaşarın pedaqoq, şairə, yazıçı, qiraətçi və təlimçi Lalə Həsəncanla söhbətini təqdim edirik…
Öncə vurğulamaq istərdik ki, Lalə Həsəncan Təhsildə İnkisaf və İnnovasiyalar üzrə 6-cı Qrant Müsabiqənin qalibi, Azərbaycan Maarifçilər Asosasıyasının üzvü, İlin müəllimi kimi “Global Star Award” mükafatının laureatı və s. kimi bir sıra uğurlara imza atmış ziyalı xanımlarımızdan biridir.
– Hər şeydən öncə bir pedaqoq olaraq bu günün təhsili haqqında fikiləriniz çox önəmlidir.
-Təbii ki, təhsil haqqında düşüncələrim genişdir. Təhsil bir dövlət üçün strateji əhəmiyyət daşıyır. Bir xalqın inkişafı üçün ən əsas yol təhsildən başlayır. Təhsildə olan yüksək keyfiyyət əlbəttə ki, xalqın gələcək gücünü əks etdirir. Azərbaycan təhsilində də ölkəmizin gəncləri üçün müasir bir təhsil modeli yaradılıb. Təhsilin hər bir sahəsində göstərilən müsbət dəyişikliklər gəncləri inkişafa doğru aparır. Ölkəmizin gəncləri öz ölkəsi ilə yanaşı xaricdə təhsil almaq imkanı da qazandıqları üçün daha peşəkar kadr kimi fəaliyətə başlamaq imkanı qazanırlar. Bir müəllim kimi artıq 20 ildir ki, orta məktəbdə fəaliyyət göstərirəm. Peşəmi çox sevirəm. Ümumiyyətlə deyə bilərəm ki, uşaqlarla işləmək mənim üçün ayrıca bir zövqdür. Onların əhatəsində olmaq məni çox xoşbəxt edir. Hər bir şagirdə göstərdiyim sevgi, qayğı və onların mənə yaşatdıqları o əyləncə dolu anlar öz peşəmi daha da çox sevməyimə sövq edir. Bu gün bütün bunlarla yanaşı bu peşənin sahibi olmağımla qürur hissi yaşayıram. Bir müəllım öz peşəsini sevməyi bacarmalıdır ki, xalqının bugününü, gələcəyini düşünə bilsin. Vətənə peşəkar kadr yetəşdirmək hər bir müəllimin borcudur. Biz müəllimlər də öz növbəmizdə işimizi layiqincə yerinə yetirməyi bacarmalıyıq.
-Sizcə təhsilin inkişafı üçün hansı istiqamətdə işlər aparılmalıdır?
-Fikrimcə, təhsil istiqamətində son illərdə yetərli qədər islahatlar aparılır. Təhsilin davamlı inkişafı üçün genşmiqyaslı şərait yaradılır. Müasir dövrlə nəzərə alsaq yeni texnologiyalar və onların idarəetmə üsulları, layihələr, o cümlədən təhsil müəssisələrində maddi- texniki bazanın gücləndirilməsi, yeni məktəb binalarının tikilməsi keyfiyyətli təhsil strategiyalarından xəbər verir.
-Siz həm də yaradıcı insansınız. Şeir və hekayə yazarkən ilham mənbəyinizin konkret ünvanları varmıdır?
-Deyərdim ki, yox. Çünki şeir və hekyə yazarkən daxili hislərimin rahatlığı buna şərait yaradır. Yazmağı sevirəm. O an özümü sanki sehrli dünyada hiss edirəm. Bunu da mənim duyğusal bacarıqlarımın inikası olaraq hesab edirəm. Əslində, məqsədim bir yazıçı kimi yetişmək deyil. Bunun bir istedad olduğunu da bilirəm. Birinin öz istedadının fərqini görmək və bu imkanları üzə çıxartmaq, ruhən azadlıq qazanmaq üçün ərsəyə gətirdiyi əsərlər ona kifayət edir. Bütün bunlarla yanaşı isə qazandığımız böyük oxucu kütləsi bizlər üçün bir hədiyyədir.
-Xəyal dünyanızın genışlənməsinə səbəb olan hadisələr hansılardır?
-Təbii ki, oxucu tərəfindən sevilməyi və əsərlərinin genişmiqyasda tanınmağı bir yazarın daha fəal yazar kimi yetişməsinə səbəb olur. Bir yazar araşdırmalar, mütaliələr etməklə yanaşı öz xəyal gücünü də ortaya qoymaqla yeni əsərlər ərsəyə gətirməlidir.
-Yazmaq sizin üçün nə deməkdir?
-İlk öncə oxucuya ideyalarımı çatdırmaq. Daha sonra isə bir yazıçı kimi yazıb- yaratmaq.
-Ən çox harada və nə zaman yazmağı sevirsiniz?
-Ən çox səssiz bir məkanda yazmağı daha çox sevirəm. Səssizlik beyin gücümün fəaliyyətini artırır və daha çox düşünmə imkanlarımı genişləndirir. Həzin bir musiqi isə bu gücün dərinləşməsinə imkan yaradır.
-Yazıçı üçün zaman nə deməkdir?
-Zaman biz yazıçılar üçün vacib olan amillərdən biridir. Bəzən bir romanı yazmaq üçün saatlar, günlər, aylar və illərin keçməsi gərəkdir. Zaman bir yazıçı üçün keçmiş, indiki və gələcəyin bir baxış formasıdır. Yazılan əsərlərin məhz sujet xətti də mövcud bir vaxtla əlaqələndirilir. Zaman insan düşüncəsi və şüurun ən uyğun göstəricisidir. Bunun üçün də yazarkən keçirdiyim hər an mənim üçün dəyərli bir zaman anı sayılır.
-Qiraət etdiyiniz şeirlərinizi siz özünüz seçirsiniz, ya müəlliflər özləri müraciət edirlər?
-Bəzən olur müəllif özü müraciət edir, bəzənsə mən özüm seçirəm. Daha çox müəllifin müraciət etməsini nəzərə alıram. Ancaq müəllifin şeirinə gəldikdə isə ozüm seçim etməyi üstün tuturam. Çünki şeirlər ilk öncə nitq üslubuma uyğun olmalıdır. Bir şeiri yaşayaraq səsli şəkildə çatdırmaq və onu insan ruhunu oxşayacaq şəkildə canlandırmaq qiraətimin ən yüksək təməlindən biri hesab edirəm.
-Hansı janrda kitablar oxuyursunuz və niyə bu janra üstünlük verirsiniz?
-Daha çox nəsrə: roman və hekayələrə üstünlük verirəm.
-Sizcə, kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır?
-Bu baxımdan özünü inkişaf etdirmək üçün davamlı və sistemli şəkildə mütaliə etmək lazımdır.
-Pedaqoq və yazıçı olmaq istəyən gənclərə hansı məsləhətləriniz var?
-Bildirmək istərim ki, hər bir insan öz xəyal və uğurunun mərkəzində özü durur. Görülən işlər və əldə etdikləri nailiyyətlər məqsədli bir vəhdət daşımalıdır. Maksimum nailiyyət və uğur üçün potensialından istifadə etməyi bacarmalıdır. Məqsədlərinin qarşısına məhdudiyyətlər qoymamalıdır. Ən əsası isə tutduğu yolda keyfiyyətli, uğurlu, inkişaflı bir istiqamət qazanmağı bacarmalıdır.
“Ədəbiyyat və incəsənət”
(11.09.2023)