Madriddə “İRS” jurnalının ispan dilində növbəti nömrəsi – “IRS Herencia” çapdan çıxıb. Jurnal Azərbaycan tarixinə Vətən müharibəsi kimi daxil olan və 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan Qarabağın ərazilərinin böyük hissəsinin işğaldan azad olunması ilə başa çatan 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsinin başlanmasının üçüncü ildönümü ərəfəsində işıq üzü gördüyündən, jurnalın səhifələrində bu mövzuya müntəzəm surətdə mühüm yer ayrılır.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovun məqaləsində ölkənin işğaldan azad olunmuş ərazilərində mina problemindən və bu problemin həmin torpaqların bərpası və vətəndaşların qayıtması üçün törətdiyi çətinliklərdən söhbət açılır.

Məqalədə Qarabağı bu il ziyarət edən meksikalı müəllif Taliya İşkanın “Şuşa. Onilliklər ərzində işğaldan sonra ikinci nəfəs açılıb” adlı məqaləsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə və işğal altında olan ərazilərin azad edilməsindən sonrakı hadisələrə obyektiv qiymət verilir.

Tarixsevərlər Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Musa Qasımlının məqaləsi ilə maraqla tanış ola bilərlər. Məqalədə əzəli Azərbaycan ərazisinin – keçmiş Qarabağ xanlığının Zəngəzur mahalının qərb hissəsinin Ermənistana verilməsi tarixindən söhbət açılır.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə 2023-cü il rəsmi şəkildə “Heydər Əliyev İli” elan olunub. Jurnalın bu nömrəsində təqdim olunan məqalədə tarixçi Eldar Abbasov çoxsaylı mənbələrə istinadla Heydər Əliyevi Qarabağın Ermənistana verilməsi kimi öz separatçı planlarını həyata keçirməkdə əsas maneə hesab edən erməni millətçilərinin “yenidənqurma” illərində (1985-1987) ona qarşı diskreditasiya kampaniyasından danışır.

Azərbaycanın tarix və mədəniyyətinin müxtəlif aspektlərinə dair məqalələr xüsusi maraq doğurur. Xüsusilə, Əminə Məlikovanın XIX əsrin ikinci yarısında ilk neft bumunda Bakını təsvir edən fotoqrafa həsr olunmuş “Bakı Dmitri Yermakovun obyektivində” adlı məqaləsini qeyd etmək lazımdır. Ramiz Dənizin “Marağa rəsədxanası – orta əsrlərin elm məbədi” məqaləsində görkəmli Azərbaycan alimi Nəsirəddin Tusinin təşəbbüsü ilə XIII əsrin ikinci yarısında cəmi 12 ilə tikilən Marağa rəsədxanasından söhbət açılır.

Xalq tətbiqi sənəti sahəsinin mütəxəssisləri Aydın Məmmədovun dünya şöhrəti qazanmış Azərbaycan xalçalarının naxışlarının xüsusiyyəti barədə məqaləsi ilə tanış ola bilərlər. Təbiət mühafizəçiləri isə Səbinə Tumanskayanın və Zəminə Cəfərovanın çəkdikləri fotolara baxaraq, Göygölün təkrarsız mənzərələrindən zövq almaq fürsəti əldə edəcəklər.

Mənbə: https://azertag.az/