Hər il noyabrın 14-də qeyd edilən Mədəni Sərvətlərin Qanunsuz Dövriyyəsinə qarşı Beynəlxalq Mübarizə Günü dünyaya xatırladır ki, mədəni irs nümunələrinin oğurlanması, talanması və qanunsuz dövriyyəsi halları tez-tez baş verir. Bu barbarlıq aktlarını törədənlər xalqların mədəniyyətini, kimliyini və tarixini qarət edir. UNESCO beynəlxalq ictimaiyyəti bu cinayətlərə qarşı birgə mübarizə aparmağa çağırır.
Bu kontekstdə Ermənistanın Azərbaycana məxsus mədəni sərvətlərin qarət edilməsi cinayətlərini xatırlatmaq yerinə düşər. Hamıya məlumdur ki, müharibə və silahlı münaqişə zonalarında mədəni irs abidələrinin qarət olunması və onların qanunsuz dövriyyəsi daha tez-tez baş verir. Bu baxımdan, UNESCO Azərbaycan ərazilərini 30 ilə yaxın işğal altında saxlayan Ermənistanın və Qarabağda olan separatçıların cinayətlərini daha dərindən araşdırmalıdır. Həmin illərdə ermənilərin tapdağı altında olan ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray qarət edilib. Beş minə yaxın eksponatı olan Şuşa Tarix Muzeyi, Dövlət Xalça Muzeyinin filialı və Xalq Tətbiqi Sənəti Muzeyi, Qarabağ Dövlət Tarix Muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər Tarix Muzeyi və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz eksponatları oğurlanıb. Erməni təcavüzkarları həmin muzeylərdə olan Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltaraşlıq əsərləri, dünyaşöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli materialları qarət edərək Ermənistana və digər ölkələrə daşıyıblar.
UNESCO-nun müraciətində qeyd olunub ki, mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsinin bir çox səbəbləri var və bunun kökündə əxlaqsızlıq dayanır. Qeyri-qanuni ticarət edilən mədəni sərvətlər çox vaxt ya dünya üzrə qeyri-qanuni bazarlar, ya da hərraclar kimi qanuni bazarlar, o cümlədən internet vasitəsilə ötürülür. İnsanlar, hökumətlər, incəsənət bazarı və qurumlar maarifləndirmək, incəsənət və mədəniyyət obyektlərinin alqı-satqısı zamanı məlumatlı və etik olmaq, qanunlar qəbul etmək və onlara hörmət etmək, mədəni irsi və mülkiyyəti qorumaqla bununla mübarizə aparmaq üçün öz üzərinə düşəni edə bilərlər. Təəssüf ki, Qarabağda mədəni sərvətlərimizi talan edənlər üçün əxlaq anlayışı və bu prinsiplər tamamilə yaddır.
UNESCO ilk dəfə 2019-cu ildə 40-cı Baş Konfransı zamanı bu cinayətə və onunla mübarizə yollarına diqqəti artırmaq, habelə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulamaq məqsədi ilə 14 noyabr tarixini Mədəni Sərvətlərin Qanunsuz Dövriyyəsinə qarşı Beynəlxalq Mübarizə Günü kimi qəbul edib və mədəni sərvətlərin qeyri-qanuni idxalı, ixracı və mülkiyyət hüququnun ötürülməsinin qadağan edilməsi və qarşısının alınması vasitələri haqqında Konvensiya (1970) vasitəsilə proaktiv tədbirlər görür. 2020-ci ildə 50 illik yubileyi qeyd edilən bu Konvensiya qeyri-qanuni dövriyyəyə qarşı mübarizədə digər irəliləyişlərə paralel olaraq oğurluq və talançılığın qarşısının alınması və oğurlanmış mədəni sərvətlərin qaytarılması və bərpası üçün beynəlxalq çərçivə təmin edir. Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsinə son qoymaq üçün əldə edilmiş mədəni sərvətlərin mənşəyini yoxlayarkən hər bir alıcının tələb olunan lazımi yoxlamaya əməl etməsi vacibdir.
Erməni qarətçiləri məhz bu Konvensiya əsasında məsuliyyətə cəlb edilməli, onların dünyanın qeyri-leqal bazarları və ya hərraclar yolu ilə dövriyyəyə buraxdığı Azərbaycan xalçaları və digər qiymətli mədəni irs nümunələri müsadirə olunaraq geri qaytarılmalıdır. Bu il oktyabrın 16-da Vyana Beynəlxalq Mərkəzinin Rotunda zalında “Keçmişin gələcəyi: Ermənistanın ənənəvi incəsənətinin dirçəlişinə dəstək verməklə qadın sahibkarların səlahiyyətlərinin artırılması” adlı sərgi Azərbaycanın maddi-mədəni irsinin Ermənistan tərəfindən mənimsənilməsi və özününküləşdirilməsi cəhdinin bariz nümunəsidir. Ermənistanın daimi nümayəndəliyi tərəfindən təşkil olunmuş sərgidə Azərbaycan xalça sənətinin müxtəlif məktəblərinə xas xalçalar erməni xalçaları kimi göstərilib. Azərbaycanın Avstriyadakı səfirliyi buna etiraz əlaməti olaraq BMT-nin Vyana bölməsinin rəhbərinə məktub ünvanlayıb
Mənbə: https://azertag.az/