2023-cü il noyabrın 14-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə görkəmli saz-söz ustadı aşıq Hüseyn Bozalqanlının anadan olmasının 160 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Giriş sözü ilə tədbiri açan AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Hüseyn Bozalqanlının keçdiyi ömür yolundan və ustad sənətkar kimi yaradıcı fəaliyyətindən söz açıb. Qeyd olunub ki, Hüseyn Bozalqanlı 1863-cü ildə Tovuzun Bozalqanlı kəndində anadan olub, mədrəsədə təhsil aldığından ərəb və fars dillərini mükəmməl bilib. Kiçik yaşlarından saza-sözə bağlanıb, 12 yaşından həm də şeir yazmağa başlayıb. Azərbaycan aşıqlarının I və II Qurultaylarında mötəbər qonaq kimi iştirak edib. Xalq şairi Səməd Vurğunun zəmanəti ilə Azərbatycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Məşhur aşıqlar – Mirzə Bayramov, Qədir İsmayılov, Vəli Bozalqanlı, Ələkbər Əsgərov və digərləri onun şəyirdi olublar. Bu gün Tovuzda fəaliyyət göstərən Aşıq Muzeyi uzun illərdir ki, bu böyük sənətkarın adını daşıyır. Hüseyn Bozalqanlı 1941-ci ildə Tovuzda vəfat edib.
Sonra aşıqlar müxtəlif saz havaları üstündə Hüseyn Bozalqanlının şeirlərini ifa ediblər. Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva (“Mirzəcanı”), Nəbi Nağıyev və Nazim Quliyev (“Cəlili”), Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu (Şirvan müxəmməsi), Elbrus Hüseynov (“Təcnis”), Şahniyar Əliyev və Azər Ələkbərov (“Hüseyni”), Roman Azaflı (“Aran gözəlləməsi”), Elməddin Məmmədli (“Ovşarı”), Vüqar Qurbanov (“Yüngül şərili”), “İmran Göyçəli (“Qəhrəmanı”), Təşəkkül Laçınlı (“Gəraylı”), Elməddin Bayramlı (“Orta sarıtel”), Şəhriyar Kərimov (“Dərvişi”), Gəncəli Babayev (“İrəvan çuxuru”), Şahin Süleymanov (“Ağır şərili”), Nəcəf Uğurlu (“Naxçıvanı”) və İmran Fikrətoğlunun (“Kərəm gözəlləməsi”) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonda ustad aşıq, Əməkdar mədəniyyət işçisi Əli Quliyev çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Mənbə: https://azerab.az/