ARAYARAQ DÜNYADA GÖZ YAŞINA DÖNÜRƏM

Gözəlliyin önündə əriyəndən qar kimi,
Dənələnib dünyada səpələnən nar kimi,
Hüsnü camalına mən heyran qalan yar kimi,
Arayaraq dünyada göz yaşına dönürəm.

Torpağın hər daşına ruh kimi hopa-hopa,
Bəzən ömrün bir günü tufan tək qopa-qopa,
Camalını düşünüb mən səni tapa-tapa,
Arayaraq dünyada göz yaşına dönürəm.

Axı sənsiz ömrümün sevinci də kədərdi,
Gözlərini görməsəm, şair ömrüm hədərdi.
Deyib kədər dastanım gözüm yaşı qədərdi,
Arayaraq dünyada göz yaşına dönürəm.

Çəkib həsrətin sənin daşlardan süzülərək,
Dastanlarla bu yurda ruh kimi düzülərək,
Gözəlliyin önündə can kimi büzülərək,
Arayaraq dünyada göz yaşına dönürəm.

Neynim şair ürəyim doğulandan utancaq,
Görən həsrətim axı nə vaxtı qurtaracaq?!
Ruhum sənsiz canımı qəbrimə aparacaq,
Arayaraq dünyada göz yaşına dönürəm.

ALLAH özü dayaqdı bəndəyə ömrü boyu,
Göz yaşı da torpaqdı bəndəyə ömrü boyu.
Kənan özü qonaqdı bəndəyə ömrü boyu,
Arayaraq dünyada göz yaşına dönürəm.

MƏNİ ŞAİR ELƏDİ

Sultanı sarayımın,
Məni şair elədi.
Fəryadı harayımın,
Məni şair elədi.

Ruhun ruha hopması,
Qiyamətin qopması,
Yarı yarı tapması,
Məni şair elədi.

“Cahargah”da enən bəm,
Gözlərində kədər, qəm,
Yanağında sevinc, nəm,
Məni şair elədi.

YARADANA imanın,
Gül ətirli məramın,
Sevinc dolu bir anın,
Məni şair elədi.

Gülüşün, zarafatın,
Məna dolu həyatın,
Dilindəki bayatın,
Məni şair elədi.

Gülüş dolu yanağın,
Sevinc dolu dodağın,
Sənin gözəl olmağın,
Məni şair elədi.

Güllərə bənzəməyin,
Ömrümü bəzəməyin,
Nazlı-nazlı gəzməyin,
Məni şair elədi.

Sənin hüsnü camalın,
Gülərüzlü amalın,
TÜRK QADINI, kamalın,
Məni şair elədi.