Bizə şair xalq deyirlər. Bu ifadəni əslində özümüz öz barəmizdə işlədirik. Ancaq bəzən başqa millətlərin nümayəndələri də bizdən «şair xalq» epitetini əsirgəmirlər. Məzə üçün…
Bu gün məsələlərə poetik yanaşan insanları psixi cəhətdən problemli sayanlar haqlıdırlar. Uzağa getməyək, elə Bakının özündə bir neçə xarici dil bilən, kompyuterdən başı çıxan, bir sözlə müasir insan poetik məntiqə yumorla yanaşır, vaxtı ilə hamının zövqünü oxşayan misraları rahatca ələ salıb gülür. Bilmirəm, bəlkə də bu, sovet dönəmində, şeirin ideologiya nökəri olması və bizim poetik düşüncəmizin məhz bu şeirlər üzərində qurulması ilə bağlıdır. Səbəblərdən geniş bəhs etmək olar. Ancaq məni indilikdə bu lağlağı vəziyyətə düşməyimizin səbəbləri maraqlandırmır.
Azərbaycanda baş verən hadisələr həmişə öz dramatikliyi ilə seçilib. Necə deyərlər, məğlubiyyət və müstəmləkəçiliklə zəngin olan tariximiz əslində istənilən sənət tədqiqatçısı üçün maraqlıdır. Sadəcə biz nə yaşadığımızın, hansı əzablar çəkdiyimizin fərqində olmamışıq heç vaxt. Bizdə lirika həqiqəti pərdələməyə, düz sözü bənzətmələr və metaforalar içərisində itirməyə xidmət edib. Uzun-uzun faciələr, yekə-yekə problemlər barədə dıydıq şeirlər, düşük bayatılarla kifayətlənmişik.
Görün zaman-zaman yaddaşımızı hansı misralar məşğul edib – ayrılarmı könül candan… şam əgər yanmırsa yaşamır demək… Xocalım, ay Xocalım… ağla qərənfil ağlı… axı el qeyrəti çəkdi şəhidlər… sıxma ürəyimi ürək cəhənnəm, axı sən ordasan, sən sıxılarsan… bilirdim ki, solacaqsan, dərməyəydim kaş ki səni… Hətta bu bozluq içərisindən seçilən Əli Kərimi də «Fəhlələr», «Ağrıya bir iki söz», «Ata» vs. kimi «ayağı yerə dəyən» şeirlərdən deyil, «Qaytar ana borcunu», «İki sevgi» kimi «dişi şeirlər»dən tanıyırıq. Şairlərimiz bir yana, nasirlərimizin qafası da həmişə «sazlı-sözlü» olub. «Köç», «Kür qırağının meşələri», «Tütək səsi», «Dantenin yubileyi» kimi məşhur əsərlər də məhz prozaik düşüncədən daha çox lirik ovqatın məhsuludur.
Qarabağ nəinki yazarlarımızın, hətta ictimai xadimlərimizin və sadə insanlarımızın qafasında «can, ay dağlar» kimi sentimental əhvalda inikas edir. Onun dramatizminə gitara və saz səsi qarışır. Biz şəhvani (ağıldan uzaq) vətən istəyimizi düşük vətən şeirləri və «Laçınım» tipli əttökən «Qarabağ havacatları» ilə ovuduruq.
Siyasilərimiz söz oynadır, əsgərlərimiz şeir yazır…
Sizi bilmirəm, şəxsən mən hərbi libasda şair görəndə bir daha yəqin edirəm ki, Qarabağ yuxuda darı misalıdır.
Toyuq olmaq ağırdır…