YA DAĞLAR
(təcnis)

Mənim yüküm binəsindən bəllidi,
Çiynimdədi ya dəryalar, ya dağlar.
Zalım fələk, nədi mənə tutduğun?-
Hallarıma yaxın göynər, yad ağlar.

Dost buyurdu:–od ol dedi, odam da,
Dosta qurban ocağım da, odam da.
Üç gündən bir müsafirdi odamda,
Ya zülümlər, ya sitəmlər, ya dağlar.

Sinəm üstü qəmə xırman yeridi,
Qəm karvanı, qəsdin budu, yeri di.
Yan, İbrahim, al kəcavən yeridi,
Dalınca da yad qaralar, yad ağlar.

BU ELDƏ QATIĞA QARA DEYIRLƏR…

Bu eldə qatığa qara deyirlər,
Burda şər çağrılır xeyirin adı.
Bu eldə bütövə para deyirlər,
Burda zəhrimardı şərbətin dadı.

Gecəsi gündüzdü, gündüzü gecə
Axşamı sabahdı, sabahı axşam.
İlahi, dözürəm – dözürəm necə?
İlahi görürsən – dəmirəm, daşam.

Dillənən dilindən çəkilir dara,
Gözü düz görənin ovulur gözü.
Dirəyib divara, alıb hasara
Alma qabığı tək soyurlar sözü.

Deməzlər gözünün üstə qaşın var,
Yamana yaxşı de, yaxşıya pis de.
Dayanıb marıqda çəpik çalanlar,
Haqsıza bağır de, haqlıya sus de!

Taciri ayaqda, darğası başda,
Qoçusu ortada kəshakəsdədi.
Aşığı kababda, mollası aşda,
Şairi kürsüdə gödən bəsləyir.

Qolunu bağlayır, başını kəsir
Daşının üstünə daş qoyanların.
Anası ağlardı, balası yesir
Bu yurdun uğrunda baş qoyanların.

Çıxmır azadlığı top lüləsindən,
Məmləkət basılır – millət götürür.
Nə gündü – bu elin fərarisindən
Bu yurdun qazisi minnət götürür.

Boyaq tapılacaq qaradan artıq,
Bu eldə qatığa ağ deyəcəklər.
Bir az gec olacaq, qoy olur olsun,
Görərsən – gələcək vaxt, deyəcəklər.