Bir günün içində eyni yerdə, eyni tor…
Dünən sökülən, bu gün qurduğu yeni “evciyi” ilə dünyanı təəccübləndirəcək fitrətə malik dünyadan xəbərsiz adi hörümçək…
Əməyindən bezməyən, tutduğunu buraxmayan varlıq sökülən tələsindən qurtulan qurbanlarının arxasınca boylanmışdı.
Biri yarıac, o biri yarıcan…
Gördüm. Güldüm. Utandım.
Gülməyim gördüklərimdən, utanmağım etdiklərimdən idi. Dünən sökdüyüm, yenə də bir gecəyə sanki əsəb telləri ilə tələm-tələsik və kortəbii tarıma çəkib qurduğu torunun tən ortasında oturmuş qorxulu nağıllardakı vahiməli hörümçək…
Söküləcəyindən qorxaraq alayarımçıq hördüyü torun bir neçə tellərindən bərk-bərk yapışıb qalan ayaqlarını toruna dirəmişdi.
Şehli səhər və aydın səma.
Xırda parçalara bölünüb torun üzərinə səpələnmiş günəşin şəfəqlərində almaz daşlara bənzərşeh damcıları…
Xüsusi incəliklə səbrlə toxunmuş tor “bəyaz küpürdən” gəlinlik duvağına bənzəyirdi. Günəş şüaları altındakı göz qamaşdıran gözəlliyi dağıtmağa əlim qalxmadı, çünki hörümçəyin yaratdığı əsrarəngiz incə “sənəti” ilə artıq mən onun torundaydım.