Azərbaycan Rəssamlar İttifaqının üzvü
Göy üzü buludlu, hava isti, sular bumbuz idi. Uzaqdan bir atlı aramla göy çəməndə çiçək toplayan qızlara doğru gəlirdi. Yaxınlaşanda qızlar onun İbad olduğunu gördülər. O kəndin ən yaraşıqlı oğlanı idi. Qızlar onu görüb pıçıldaşaraq Bircəbəyimə qaş-göz eləyib gülüşməyə başladılar. İbad atın belində Bircəbəyimə yaxınlaşdı. Qoynundan bir neçə alma çıxardıb ona uzatdı.
– Al, Bircəciyim-dedi. Qız almaları alıb birini dişlədi. Sonra İbada baxıb gülümsədi. İbad həmin almanı ondan alıb daha iri bir dişdəm götürdü:
– Almanı bax belə dişləyərlər e, day elə yox – deyib güldü. İbadın üzü günəşdən qaralmış, at çapdığı üçün yanaqları pörtüb qızarmışdı. Güləndə ağappaq dişləri ona bir az da yaraşıq verirdi.
Bircəbəyim gün altında qalmış qar kimi əridi. Utana-utana gülümsəyib qımışdı.
Qızlar bir kənara çəkilib öz aralarında pıçıldaşırdılar:
– Az, Bircəbəyim öldü ki…
Bir başqası :
– Hə, Bircə ölür ondan ötəri. Ancaq bu qızı ona verməzlər.
Bir başqası isə: – Niyə vermirlər ki, qara qaş-qara göz oğlandır da… – deyirdi.
İbad: – Bircəbəyim, gəl otur tərkimə səni at belində bir az gəzdirim – deyib əlini qıza uzatdı.
Elə İbad əlini Bircəbəyimə uzatmışdı ki, elə Bircəbəyim əlini onun ovcuna qoymuşdu ki, şimşək çaxdı. At diksinib qabaq ayaqlarını yerə çırpdı. Sonra yerindən götürülüb çapdı. İbadın gözü arxada, Bircəbəyimdə qaldığından müvazinətini saxlaya bilməyib atdan yıxıldı. Bircəbəyim əllərini irəli uzadıb var gücü ilə qışqırdı:
– İbad…!
Sonra sanki öz səsindən diksindi. Döyüküb ətrafına baxdı. Gənc, yeniyetmə qızların ona baxıb gülüşdüyünü gördü. Əlləri hələ də havada önə doğru uzalı qalmışdı. Qızlardan biri şaqraq səslə dedi:
– Ay nənə, niyə elə baxırsan, yenə də bizi tanımadın, hə? Mən Qətibəyəm, bu Qənirədir, bu Göyçəkdir, bu da Fatmadır. Sənin nəticələrinik! Gözəlliyimizi də səndən almışıq! Deyirlər gəncliyində sənin gözəlliyin dillərdə dastan imiş.
Bircəbəyim səbirsizləndi:
– Ay bala, İbad atdan yıxıldı ey, atdan!
– Ay nənə, narahat olma yuxu görürdün. Sən harda otursan elə orda da yuxuya gedirsən. Yuxuya gedən kimi də ya İbadı görürsən, ya atını, ya da onun sənə verdiyi almaları. Ya da elə hamısını birdən!
– Ay bala, sən bilmirsən ey, İbad…
– Bilirik, ay nənə. Bütün kənd bilir İbad məsələsini. Sənin bəy atan qızını kəndli balasına verməyib zorla, sürüyə-sürüyə bəy oğluna ərə verib. İbadın da atından başqa heç kimi yox idi. Elə o atını da götürüb çıxıb getdi bu kənddən. Gah deyirdilər Tiflisə gedib, gah deyirdilər İrana keçib. Sovet höküməti qurulandan sonra da nə öldüsünü, nə qaldısını bilən olmadı. Sənin də artıq yüz beş yaşın var. Bu vaxta daha nə İbad qalar, nə də onun atı. Odur ki, onu fikirləşib özünə əziyyət eləmə.
Qızlar yenə gülüşdülər. Bircəbəyim çarəsiz-çarəsiz baxdı:
– Nakam məhəbbətə gülməyin, bala, başınıza gələr.