Martın 4-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Böyük akt zalında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 90 illik yubileyinə həsr olunmuş “Ədəbiyyatşünaslıq elminin baş qərargahı: ənənələr, mərhələlər və çağırışlar” mövzusunda tədbir keçirilib.
Tədbirdə Qırğızıstandan TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi, Türkiyədən Avrasiya Yazıçılar Birliyinin sədri, Özbəkistandan Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru və bir sıra xarici ölkələrdən dəvət olunmuş qonaqlar iştirak ediblər. Həmçinin, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Mətbuat Şurasının sədrləri də təmsil olunublar. Bunlardan başqa, Xalq yazıçı və şairləri, Milli Məclisin deputatları, ali təhsil ocaqlarının rəsmiləri, müxtəlif qurumların təmsilçiləri, AMEA-nın əməkdaşları və media mənsubları da tədbirə qatılıblar.
Əvvəlcə Ədəbiyyat İnstitutunun nəşrlərindən ibarət sərgiyə baxış keçirilib.
Yubiley tədbirini AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycanda ədəbiyyatşünaslıq tədqiqatlarının qədim tarixi və böyük ənənələri var. Müstəqillik dövrünün Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında xüsusi bir mərhələ kimi qiymətləndirilməli olduğunu deyən natiq bildirib ki, bu dövrdən etibarən bütövlükdə ölkəmizdə, o cümlədən də Akademiya sistemində hakim olan müstəqil dövlətçilik və azərbaycançılıq idealları Ədəbiyyat İnstitutunun da elmi fəaliyyətinin əsaslarını təşkil etməyə başlayıb.
Həmçinin dövlət başçısının fevralın 14-də andiçmə mərasimində Türk dünyasıyla əlaqələrin gücləndirilməsi ilə bağlı olaraq qarşıya qoyduğu vəzifələrdən irəli gələrək Ədəbiyyat İnstitutunda türk xalqları ilə geniş elmi-ədəbi əlaqələrin yaradıldığını, müəssisədə fəaliyyət göstərən Əlişir Nəvai Mərkəzi, Mehmet Akif Ərsoy Mərkəzi və hazırda işləri aparılan Məhtimqulu Fəraqi Mərkəzi və institutun Türk xalqları ədəbiyyatı, Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbələrinin səmərəli fəaliyyəti nəticəsində Türk dünyası haqqında sanballı elmi tədqiqatların meydana qoyulduğunu söyləyib.
AMEA rəhbəri çıxışının sonunda qeyd edib ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycanda ədəbiyyatşünaslıq elminin baş qərargahıdır və bu münasibətilə institutun kollektivini təbrik edərək onlara uğurlar arzulayıb.
Yubiley tədbirində Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar böyük tarixi yol keçmiş Ədəbiyyat İnstitutunun Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında mühüm rol oynadığını, institutun ədəbiyyatımızın çoxəsrlik tarixinin dərin və əhatəli öyrənilməsi, çağdaş ədəbi proseslərin, dünya ədəbiyyatına, ədəbi əlaqələrə dair aktual məsələlərin müntəzəm izlənilməsi və araşdırılması kimi vacib istiqamətlərdə son dərəcə əhəmiyyətli nəticələr əldə etdiyini bildirib. Həmçinin Dədə Qorqud Mərkəzinin yaradılması təklifi ilə çıxış edib. Azərbaycan Yazıçılar Birliyinin yaşıdı olan Ədəbiyyat İnstitutunun bir sıra alimlərini Birliyin adlı mükafatları ilə təbrik edib.
TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Sultan Raev isə Ədəbiyyat İnstitutunun böyük tədqiqat ənənələri, görkəmli alimləri və çoxsaylı yetirmələri ilə Türk dünyasının mühüm elm mərkəzlərindən biri hesab olunduğunu deyib. Bildirib ki, institut ötən 90 ildə Azərbaycanda ədəbiyyatşünaslığın mərkəzi funksiyasını yerinə yetirir və Türk dünyası ilə elmi-mədəni əlaqələrin inkişaf etdirilməsində müstəsna xidmətlər göstərməkdədir. Baş katib Sultan Raev Nizami Gəncəvinin qiymətli portretini və TÜRKSOYUN “Şərəf” nişanını akademik İsa Həbibbəyliyə təqdim edib. Eyni zamanda İnstitutun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli “TÜRKSOY medalı” ilə təltif olunub. Digər əməkdaşlara isə TÜRKSOYUN “Nizami Gəncəvi medalı”, “İmaməddin Nəsimi medalı”, “Molla Pənah Vaqif meadlı”, “Əhməd Cavad medalı”, “Armin Vamberi medalı”, “Əhməd Baytursunlu” və Türksoyun 30 illik medalları təqdim olundub.
Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, akademik Şuxrat Siracəddinov isə çıxışında bildirib ki, bu gün Ədəbiyyat İnstitutu iki ölkə alimlərinin əməkdaşlığını daha da canlandırır, Türk dünyasında elmin, innovasiyanın və yeni kəşflərin təməli “Özbəkistan-Azərbaycan – 2030” strategiyası çərçivəsində elmi və innovativ fəaliyyətə dəstək verir.
Tədbirdə, o cümlədən Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev, Milli Məclisin deputatı Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Həmkarlar Təşkilatları Konfederasiyasının sədrinin müavini Aqil Dadaşov, Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu və filologiya üzrə fəlsəfə doktoru Aysel Qurbanova çıxışları zamanı Ədəbiyyat İnstitutunun tarixi xidmətlərindən və qarşıda duran vəzifələrdən söz açıb, müəssisənin kollektivini təbrik ediblər.
Azərbaycan Həmkarlar Təşkilatları Konfederasiyasının sədrinin müavini Aqil Dadaşov Həmkarlar İttifaqının 30 illik döş nişanını və Fəxri Fərmanlarını bəzi alimlərə təqdim edib. Həmçinin Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri Eldar Quliyev “Fəxri Ağsaqqal” döş nişanı və Fəxri Fərmanlarla institut əməkdaşlarını təbrik edib. Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu isə İnstitut əməkdaşlarını Birliyin “Onur medalı” ilə mükafatlandırıb. Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Mətbuat Şurasının “Diplom”unu bu sahədə fərqlənən alimlərə təqdim edib.
Sonda bir neçə alim AMEA Rəyasət Heyətinin Fəxri Fərmanları ilə mükafatlandırılıb. Həmçinin İnstitutun tərtib etdiyi bir sıra adlı mükafatlar da əməkdaşlara təqdim olunub.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi