“Azərxalça” ASC Azərbaycanın ən çox qadın işçisi olan qurumlarından biri hesab olunur. Qurumda çalışan 605 nəfər işçidən 436-sı Azərbaycanın müxtəlif regionlarında çalışan toxucu xanımlardır. ASC-nin əsas məqsədləri və fəaliyyət istiqamətləri xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarət olsa da, toxuculuq qabiliyyətinə sahib qadınların çalışması, sosiallaşması, ictimaiyyətin aparıcı qüvvəsinə çevrilməsi qurumun qarşısında duran digər müqəddəs vəzifələrdən biridir. Regionlarda çalışan, toxumaq qabiliyyəti olan, gözünü açıb toxuculuqla böyüyüb boya-başa çatan, bu işin sirlərinə dərindən bələd olan hər bir toxucu xanıma çatmaq, onları “Azərxalça” ASC-nin regionlarda fəaliyyət göstərən müəssisələrinə işə cəlb etmək, daha yaxşı çalışması, toxuması üçün onları həvəsləndirmək, öz sənətini daha gənc və toxuma arzusu olanlara ötürməyə ruhlandırmaq öndə duran ən vacib məsələlərdən biridir.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə “Azərxalça” ASC 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə 14 müəssisəsində çalışan 16 ən yaxşı toxucusu üçün ikigünlük gəzinti və istirahət günü təşkil edib. Öncə Bakıya gələn toxucularla ASC-nin İçərişəhərdə yerləşən satış və nümayiş salonunda İdarə Heyətinin sədri Emin Məmmədovla görüş təşkil olunub.
Görüş zamanı çıxış edən Emin Məmmədov deyib ki, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da 8 Mart – Beynəlxalq Qadınlar Günü sevilən bayramlardandır. Bizim qadınlar hər cür təbrikə, ən böyük sevgiyə layiqdirlər. Qadınlar cəmiyyətin çox dəyərli, əvəzedilməz nümayəndələridir. Tarixin bütün dövrlərində cəmiyyətdə qadının tutduğu mövqe mühüm məsələlərdən biri olub.
Azərbaycan qadınlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edən sədr əlavə edib: “Bugünkü cəmiyyət məhz dünənki qadınların, anaların tərbiyəsinin məhsuludur. Qadınlar nə qədər vətənpərvər, iradəli, fədakar və fəaldırsa gələcəyimiz də bir o qədər inkişaf etmiş olar. Bir məsələni də unutmaq olmaz: hər bir dövlətin, xalqın inkişafı üçün hər zaman hərəkətverici qüvvəyə ehtiyacı var və qadınlar belə bir məsuliyyəti öz üzərinə götürməyi həmişə bacarıblar. 2016-cı il mayın 5-də Prezident İlham Əliyev “Azərxalça” ASC-nin yaradılması ilə bağlı Sərəncam imzaladı. Bununla o, xalçaçılıq sənəti ilə yanaşı bu işlə məşğul olan hər bir kəsin Azərbaycan üçün nə dərəcədə vacib olduğunu bir daha təsdiqlədir. Biz də Prezidentin bizə olan bu etimadını doğrultmalı, xalçaçılığın inkişafı üçün əlimizdən gələnin ən yaxşısını birlikdə etməliyik. Əziz toxucular, sənət yolunuzda uğurlar arzu edirəm, həyatınız da toxuduğunuz rəngarəng, yüksək keyfiyyətli xalçalar kimi gözəl olsun. “Azərxalça” sizinlə birlikdə yüksəlsin və inkişaf etsin. Siz bizim üçün çox dəyərlisiniz”.
Daha sonra toxucular və ASC-nin bir qrup əməkdaşı İçərişəhəri və Azərbaycan İncəsənət Muzeyini ziyarət edib tariximizin nadir xalça nümunələri ilə tanış olublar.
Xatırladaq ki, “Azərxalça” ASC qadın toxucuların inkişafı, yüksək keyfiyyətli və yeni, fərqli texnikalarda toxumaları üçün daim müxtəlif təlimlər təşkil edir. Uzun müddətdir yalnız yun xalça toxunan ASC-də artıq bir ildən çox müddətdir ki, ipək xalçalar da toxunur.
Son bir ildə “Azərxalça” xalça istehsalının ənənəvi və müasir üslublarının unikal qarışığı ilə beynəlxalq səviyyədə tanınan və şöhrət qazanan, “Architectural digest” jurnalına əsasən dünyanın ən yaxşı 100 dizayneri siyahısına daxil olan alman dizayneri Yan Katla sıx əməkdaşlıq edir. Dizaynerin ənənəvi Azərbaycan xalçaları əsasında hazırladığı, Azərbaycanda “Azərxalça” ASC-nin emalatxanalarında toxunan müasir “Azer Pulse” xalça kolleksiyası hazırda dünyanın müxtəlif nöqtələrində Yan Kath xalça “showroom”larında satılır. Məhz bu kolleksiyaya daxil olan xalçalar sahəsində toxucular kilim və 3D üslubunda xalçalar toxumaq üçün uzun müddət təlimlər alıblar.
Toxucuları həvəsləndirmək və inkişafına dəstək olmaq üçün ASC-də diferensial maaş sistemi, bonus proqramları da tətbiq olunur.
Mənbə: https://azertag.az/